Rəsmi qəzet Heydər Əsədovu vurdu: "Hanı edilən güzəştlərin nəticələri?"
Rəsmi "Azərbaycan” qəzetinin bugünkü sayında kənd təsərrüfatı məhsulları qiymətlərinin baha qiymətə satılmasını tənqid edən məqalə dərc olunub.
Gundeminfo.az "Nübar... qiymətlər” adlı həmin məqaləni təqdim edir:
Bu iqtisadiyyat ki var, hamımızın dəfələrlə baxdığı məlum filmdə aktyor Səməndər Rzayevin personajının dediyi kimi, həm vacibdir, həm də qəliz. Vacibliyini bilməyən, görməyən, yaşamayan yoxdur. Qəlizliyinə gəldikdə isə, burada məsələ bir qədər başqa cürdür.
Qısa və sadə dildə desək, iqtisadiyyat bazis kimi də, elm kimi də elə bir sahədir ki, burada səhv keçmir (səhv ediləndə qaş düzəldiləsi yerdə göz çıxır), yalan işləmir (hansısa yalan göstəricilər gec, ya tez real rəqəmlərlə təkzib edilir), gizlətmək mümkün olmur (iqtisadi siyasətin səfasını, yaxud cəfasını müxtəlif dərəcədə hamı yaşayır). Elə bu səbəblərə görədir ki, iqtisadiyyatı dövlətin sözü, hökumətin üzü hesab edirlər.
Nə isə, keçək mətləbə. Qızmar yaz günlərini yaşayırıq, hətta o dərəcədə ki, sanki yaydır. Havanın hərarəti 30 dərəcə civarındadır. Belə götürəndə, bu il heç əməlli-başlı qış da olmadı. Yüksək dağlıq ərazilərə yağan qarı nəzərə almasaq, ağ fəslin ləzzətini çıxara bilmədik. Əslində bütün bunlar Cənub ölkəsi üçün istisna kimi qəbul edilməməlidir, yəni normada elə belə də olmalıdır. Anormallıq 5-6 il əvvəlki 15-20 dərəcə şaxtalı qış idi ki, şükür, ondan sonra bir daha ölkəmizin qapısını döyməyib.
Hamının bildiklərini, gördüklərini, yaşadıqlarını xatırlamaqda məqsədimiz var. O da bundan ibarətdir ki, belə iqlim ilk növbədə kənd təsərrüfatı üçün çox əlverişlidir. Hətta qışda toxum səpilmiş sahələrin "yorğan”dan - qardan məhrum olmasının fəsadları baş versə belə, əkin-biçin üçün isti iqlimin üstünlükləri danılmazdır. Əgər bu zaman söhbət ziyanvericilərin əkilmiş və səpilmiş bitkilərə vurduğu, daha doğrusu, vura biləcəyi zərərdən gedirsə, onlara qarşı mübarizədə təbii vasitədən - qardan, şaxtadan savayı, digər qeyri-təbii üsullar da var və bütün Cənub ölkələrində, o cümlədən Azərbaycanda onlardan səmərəli istifadə edilir. Belə olmasaydı, Azərbaycanı deyə bilmərik, digər Cənub ölkələrində, məsələn, qonşu Türkiyə və İranda ildə 2-3 dəfə məhsul götürə bilməzdilər. İldə 2-3 dəfə məhsul isə təkcə bolluq və əlavə ixrac imkanı yox, həm də daxili bazarda ucuzluq deməkdir.
Nəhayət, gəlib çatdıq bayaqdan keçid etmək istədiyimiz qiymət məsələsinə. Bu günlər paytaxtdakı tanınan supermarketlər şəbəkəsinin mağazalarından birindən alış-veriş edirdik. Gözümüz meyvə-tərəvəz şöbəsindəki nübar... qiymətlərə sataşdı - gilas 17-18, adını göyçəyə dəyişmiş alça - 10-12, pomidor 3-5, xiyar 1,5-5 manat və s. Biz hələ mövsümü olmadığı üçün ərik və şaftalının, idxal edilmiş ekzotik meyvələrin qiymətlərinə toxunmuruq və belə meyvələrin imkanlı alıcılar üçün satıldığını anlayışla qəbul edirik.
Amma gilas da, alça da, xiyar-pomidor da özümüzdə yetişir və bir də mövsümüdür axı... Haradan götürülüb, necə hesablanıb, nəyə əsaslanıb və nəhayət, kimin üçün nəzərdə tutulub bu soyğunçu qiymətlər?! Deyirlər, ixrac artıb, ona görə də daxili bazarda bahalıqdır. Kökündən yalandır. Düzdür, ixrac artıb, lakin yerli istehlakın yox, istehsalın hesabına. Əks halda qıtlıq olardı, halbuki böyük bazarlardan və supermarketlərdən tutmuş məhəllə dükanlarınacan doludur alça-gilas və xiyar-pomidorla. Hamısında da qəpik-quruş fərqi ilə eyni qiymətə. O qiymətə ki, onlar orta statistik alıcının maddi imkanı xaricindədir.
Təkcə regionda deyil, bəlkə də dünyada Azərbaycandakı qədər və səviyyədə dövlət tərəfindən aqrar sektora hərtərəfli dəstək verilən ikinci bir ölkə tapmaq çətindir. Hansı ölkədə kənd təsərrüfatı məhsulları istehsalçıları bütün növ vergilərdən azaddırlar?! Harada kəndliyə bir çox məhsullar üzrə əkdiyi hər hektara görə nağd formada subsidiya verilir?! Yaxud, hansı ölkənin fermeri güzəştli qiymətlə toxum, gübrə, cins heyvan, texnika ilə təmin olunur?! Bu cür güzəştlər birdirmi, beşdirmi, hansını deyəsən, hansını sadalayasan?! Hanı bəs bunların nəticələri? Əgər may ayında yaz meyvə-tərəvəzinin qiymətləri bu bahalıqdadırsa, icazə verin belə qənaətə gələk ki, dövlətin böyük səxavətlə kənd təsərrüfatına ayırdığı milyon manatlarla vəsaitdən nə istehsalçı yararlana bilir, nə də istehlakçı! Həmin vəsaitdən xeyir görən varsa, o da istehsalçı və istehlakçının arasına girmiş inhisarçı dəllallardır. Bəlkə də sərt qənaətdir, amma istehlak bazarında artıq neçə vaxtdır davam edən bu əsassız bahalığı başqa heç nə ilə izah etmək, sadəcə, mümkün deyil.
Yazımızın əvvəlində iqtisadi qanunauyğunluqları qeyd etdik. Həmin qanunauyğunluqlardan biri də qiymətlərin tələb-təklif əsasında formalaşmasıdır. Ancaq bu gün heç kim iddia edə bilməz ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz yaz nemətlərimizin nübar qiymətlərinin bu səviyyədə olmasının səbəbi tələbdir. Düzdür, tələb var, yazda kimin nəfsi alça-gilas, xiyar-pomidor istəmir ki... Lakin gəlin görək həmin istəyi qarşılamağa əksəriyyətin imkanı çatırmı? Təbii ki, yox. Evə qonaq gələndən gələnə az qala qramla alınan meyvə və tərəvəz hələ təklifin qarşılanması deyil. Elə isə bu, hansı iqtisadi qanunauyğunluğa əsaslanan təklifdir ki, onu tələb yox, tamam fərqli məlum amillər şərtləndirir?!
Azərbaycan həm də istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan çoxsaylı və çoxmərtəbəli dövlət qurumlarına malik ölkədir. İndiki struktur islahatlarında onların bəziləri birləşdirilir, bəzilərininsə səlahiyyətləri artırılır. Sözümüz bunda deyil. Məsələ ondadır ki, həmin çoxsaylı və çoxmərtəbəli qurumların heç biri indiyəcən ölkənin istehlak bazarında xüsusən qiymət özbaşınalığının qarşısını almaq üçün ciddi tədbirlər görə bilməmişlər. Yalnız ən yüksək səviyyədə bu sahədə onlara irad tutulandan sonra hərəkətə gəlmişlər, o da qaldırılan problem gündəmdən düşənəcən. Sonra yenidən görməli olduqları işlərini atıb öz işlərini davam etdiriblər. Nəticə göz qabağındadır: ölkədə istehlakçıların ən azından qiymət sarıdan nə hüquqları qorunur, nə də inhisarçılığa son qoyulur.
Biz hələ nisbətən yeni yaradılmış "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-ni demirik. Demirik ona görə ki, yəqin, çoxlarının yadından çıxıb belə bir vacib sahəyə cavabdeh olan (daha doğrusu, olmalı olan) qurumun varlığı. Yaradılanda hamı - istehsalçı da, istehlakçı da sevindi ki, nəhayət, kənd təsərrüfatı məhsulları tarladan, fermadan piştaxtaya gəlib çıxanacan əldən-ələ düşüb əsassız bahalaşmayacaq, bu işlə dövlət təşkilatı məşğul olacaq və bununla tədarük sahəsində rəqabət formalaşacaq və o da sonda ucuzluğa gətirib çıxaracaq. Lakin ASC-nin fəaliyyətə başlamasından (əgər belə demək mümkünsə) xeyli keçsə də, gözləntilər gözümüzdə qalıb. İnhisarçılar istehlak bazarında at oynatdıqları üçün qiymətlər də at belindədir. Bu yerdə inhisarçıların gücünə və bacarığına heyrət etməkdən savayı əlacımız qalmır. Əgər hətta dövlət tərəfindən görülən inzibati tədbirlərdən sonra (məsələn, kərə yağının qiyməti ilə bağlı) qiymətlər ucuzlaşmırsa, heyrətlənməyib nə edəsən?!
Amma bütün hallarda ümid yenə dövlətin bu sahədəki siyasətinə və yeni hökumətin əlaqədar mərkəzi icra orqanlarınadır. Məlum olduğu kimi, bu məsələyə birbaşa və ən çox aidiyyəti olan Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq bazasında dövlət agentliyi yaradılıb. Sözsüz ki, bu kadr və struktur islahatlarının səbəbləri var və onların sırasında istehlak bazarındakı əsassız bahalığın olduğuna heç kim şübhə etmir. Şübhə edilməyən həm də yeni kadrların və qurumun qarşısında duran vəzifənin məsuliyyətli və mürəkkəb olmasıdır. Heç kimə bazar iqtisadiyyatı və bundan irəli gələn liberal qiymətlər şəraitində istehlak bazarına müdaxilə etmək asan gəlməsin, xüsusən də həmin müdaxiləni dövlət qurumları etməlidirsə. Bu səbəbdən müdaxilə zamanı elə üsul, elə tədbirlər seçilməlidir ki, onlar inzibati yox, iqtisadi xarakter daşısın, yəni nə bazar iqtisadiyyatının yazılmış və yazılmamış qaydaları, nə də istehsalçı və istehlakçıların hüquqları pozulsun. Bunun isə ilkin çarəsi inhisarçılığa qarşı mübarizəni gücləndirib sağlam rəqabətə meydan verməkdir. Çünki iqtisadiyyatın dəyişməz şərtləri məhz bu cür meydanda səmərə verir - səhv keçmir, yalan işləmir, gizlətmək mümkün olmur.
Qeyd edək ki, bi müddət əvvəl kənd təsərüfatı naziri Heydər Əsədov vəzifədən azad edilib. Onun yerinə İnam Kərimov təyin edilib.
1 142 dəfə oxundu