Daha bir icra başçısı Elmar Vəliyevə sui-qəsddən DANIŞDI: “Bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur”

Daha bir icra başçısı Elmar Vəliyevə sui-qəsddən DANIŞDI:

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevlə dostluq münasibətində olan Tərtərin icra başçısı Müstəqim Məmmədov son günlərin ən çox müzakirə edilən hadisəsi barədə fikirlərini Modern.az-la bölüşüb. M.Məmmədov Modern.az-a bildirib ki, Elmar Vəliyevə qarşı törədilən cinayətin qiymətini Dövlət Təhlükəsizlik Xidməti verib və onu terror adlandırıb:

“Bu, qara qüvvələrin Azərbaycana qarşı yürütdüyü terror hadisəsidir. Eyni zamanda, başçıya qarşı olan bu hərəkət şəxsi münasibətlər zəmində baş verməyib. Ümumiyyətlə, bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur”.

O, həmkarının səhhətinin yaxşı olduğunu deyib: “Özüm də maraqlanmışam, əlaqə saxlamışam, yaxşıdır, müalicəsi davam edir. Yəqin ki, yaxın vaxtlarda işinə qayıdacaq”.

Elmar Vəliyevə yaxınlığı ilə tanınan digər həmkarı, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun hazırda İsraildə olduğu bildirilir.İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, başçı hazırda məzuniyyətdədir. Bəziləri Qoca Səmədovun Elmar Vəliyeva baş çəkmək üçün İsrailə getdiyini desə də, digərləri səfərin onun özünün səhhətilə bağlı olduğunu bildirir...

Xatırladaq ki, həm Tərtərin hazırki başçısı M.Məmmədov, həm də Yevlax İcra Hakimiyyətinin rəhbəri Q.Səmədov əvvəllər Elmar Vəliyevin tabeliyində işləyiblər. Bu, Elmar Vəliyev Yevlaxda icra başçısı işləyən dövrə təsadüf edir.
M.Məmmədov 2006-cı il tarixədək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi,2006-2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifələrində işləyib.
2006-2011–ci illərdə başçının I müavini vəzifəsində Q.Səmədov olub. Həmin illərdə (2004-2011) isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev idi.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafizəçisini güllələyən 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...