Qanunsuz vədlərin ən çox verildiyi universitetlər - Könül Kərimovanın səhvini siz etməyin...
Bir neçə gün əvvəl mətbuatda müğənni Könül Kərimovanın 32 min manatının mənimsənilməsi ilə bağlı yazı yayınlandı. Məlumatda bildirilirdi ki, sənətçi oğlunu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürmək üçün "vasitəçi” olan şəxsə 32 min manat pul verib. Həmin şəxs isə vədinə əməl etməyib və iş məhkəməyə gedib.
Yeni tədris ilinin başlamasına az vaxt qaldığını nəzərə alsaq, bir müddət sonra bu cür tələlərə düşən valideynlərin də az olmadığının şahidi olacağımızı təxmin etmək o qədər də çətin deyil.
Məsələ ilə bağlı BakuPost-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi ali təhsil müəssisələri qanunvericilik aktlarındakı boşluqlardan istifadə edərək müəyyən qanunsuzuqlara yol verirlər: "Bu gün ölkə ərazisində fəaliyyət göstərən bütün ali təhsil, orta ixtisas təhsili müəssisələrinə qəbul vahid, mərkəzəşdirilmiş qaydada DİM tərəfindən şəffaf, ədalətli, bərabər imkanlar yaradılaraq, açıq formada həyata keçirilir. Yəni bütün universitetlərə qəbulun yalnız bir yolu var, o da DİM-in keçirdiyi qəbul imtahanlarında müsabiqə şərtlərin ödəmək və tələbə adını qazanmaq.
Amma bununla yanaşı bəzi ali təhsil müəssisələri qanunvericilik aktlarındakı boşluqlarda istifadə edərək müəyyən qanunsuzuqlara yol verirlər. Belə ki, 2015-ci ilə qədər universitetlərin daxili qaydada tələbə köçürülməsini təmin etmək səlahiyyələri var idi. Belə olan halda, bu universitetlərin rəhbərlikləri valideynlərlə razılıq əsasında onların övladlarının xarici ölkələrin, əsasən də Dərbəndin, Dağıstanın, Ukraynanın universitetlərinə qəbulunu həyata keçirirdilər, bir ildən sonra isə, onların Azərbaycana köçürülməsi daxili qaydada həyata keçirilirdi.
Hətta 2004-cü ilə qədər də köhnə təhsil haqqında qanunun tələblərinə görə özəl ali təhsil müəssisələri TQDK-dan (DİM) kənar tələbə qəbulunu həyata keçirmək səlahiyyətinə malik idilər”.
Ekspert daha çox qanunsuz vədlərin verildiyi təhsil ocaqların adlarını da açıqlayıb: "DİM tərəfindən keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb, dolayı yolla tələbə adını qazanma halları daha çox Təfəkkür, Kooperasiya Universitetlərində baş verib. Daha çox valideynlərə bu universitetlərdə övladlarının tələbə adı qazanması ilə bağlı vədlərin verildeyinə təsadüf olunur. 2016-cı ildən etibarın tələbələrin bir universitetdən digərinə, xaricdən ölkəyə köçürülməsi də mərkəzləşdirilmiş qaydada - Təhsil Nazirliyi tərəfindən keçirilməyə başladığına görə bu kimi problemlər həll olmamış, ortada qaldı. Bundan başqa, bir sıra ali təhsil müəssisələri valideynlərdən pul alaraq onların övladlarını xarici vətəndaş kimi qəbul etdirib, onlardan külli miqdarda vəsait alırlar”.
K. Əsədovun sözlərinə görə, müğənni Könül Kərimovanın başına gələn hadisə İqtisad Universitetində çox sayda baş vermiş haldır: "Belə ki, İqtisad Universitetinin əvvəlki rəhbərliyi bu universitetin Dərbənd filialına TQDK-dan (DİM) kənar qəbul həyata keçirirdilər. 1 ildən sonra onların Azərbaycana köçürülməsini həyata keçiridilər. Amma yeni rektor gələndən sonra universitetin Dərbənd filialından Azərbaycana köçürülmələri qadağan etdi və bununla da qeyri qanuni yolla tələbə qəbulunun və köçürülməsinin qarşısını aldı. Məhz atılan bu addım valideynlərə vəd verən şəxslərə ciddi problemlər yaratmağa başladı”.
891 dəfə oxundu