İbrahimov qardaşları pullarını götürüb Türkiyəyə qaçırlar
Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, “Azad Azərbaycan” Teleradio Şirkətinin sabiq prezidenti Tağı İbrahimov Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elibra Global” adlı şirkət yaradıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, “Elibra Global” şirkəti Böyük Britaniya, Danimarka və ABŞ-ın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq holdinqlərinin təmsilçiliyini həyata keçirəcək. Sözügedən şirkət Azərbaycan da daxil olmaqla, Türkiyə, Gürcüstan, Özbəkistan və Qazaxıstanda fəaliyyət göstərəcək.
“Elibra Global” şirkəti dünyanın ən böyük helikopter istehsalçılarından biri olan “Bell Helicopter”, dünyanın aparıcı müdafiə sənayesi nəhəngi “Textron Systems”, dünyanın aparıcı gecəgörmə cihazları istehsalçısı olan “FLIR”, pilotsuz uçan aparatları istehsal edən “Aerovironment”, NASA-nın proqramlarında da yer alan “Sierra Nevada Corporation”, xüsusi layihələr üçün istifadə olunan “Cohu Cameras”, “Griffin People” və dünyanın ən həssas radarlarını istehsal edən “Spotter RF” və digər brendləri özündə birləşdirəcək.
Sözügedən məsələ ilə bağlı Publika.az-a açıqlama verən T.İbrahimov yeni şirkət yaratdığını təsdiqləyib. O, İKT sahəsində “bCODE” şirkəti ilə qarşılıqlı əməkdaşlıq və “ağıllı kart” sisteminin tətbiqi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə təkliflə müraciət etdiklərini söyləyib: “Əgər “Bakı Metropoliteni” QSC təklifimizə müsbət cavab versə, biz Azərbaycanda da bu sahədə fəaliyyətə başlamağa hazırıq”.
Xatırladaq ki, Tağı İbrahimov ötən il Avstraliyanın Azərbaycan da daxil olmaqla 29 ölkədə fəaliyyət göstərəcək “bCODE” şirkətinə şərik olmuşdu. T.İbrahimov dünyada informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində məşhur olan və 2004-cü ildə yaradılmış “bCODE” şirkətinin bundan sonra 29 ölkədə açılacaq ofislərində 50 faiz paya sahibdir. Hazırda bu şirkət Moskva, Praqa və İstanbulda da fəaliyyət göstərir.
1 205 dəfə oxundu