Umayra Tağıyeva: "Havanın temperaturu aşağı düşəcək, güclü külək əsəcək"
"Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər: "Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir. Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19 000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı. Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur".
U.Tağıyevanın sözlərinə görə, bu cür tornadolar Azərbaycan üçün səciyyəvi deyil: "1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginnesin rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb. Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur. Coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil. Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək. Belə ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək. Mart ayının 14-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.
686 dəfə oxundu