“Obyektlərimdə on minlərlə azərbaycanlı işləyir, indi onlar nə edəcək?” - Qod Nisanov

“Obyektlərimdə on minlərlə azərbaycanlı işləyir, indi onlar nə edəcək?” -

Azərbaycan əsilli rusiyalı iş adamı, “Kievskaya ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalar haqda danışıb. O, “oxu.az”a müsahibəsində dövlət tərəfindən təqib olunması ilə bağlı yayılan şayiələri təkzib edib.

Moskvadakı obyektlərində aparılan yoxlamalardan danışarkən iş adamı bildirib ki, reydlər martın 11-də səhər saatlarında başlayıb. “Səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb.

Həmin üç şəxs bizim ticarət meydançalarının icarədarları idilər. Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları “Moskva”, “Sadovod” “Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu normaldır.

Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki, davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur”, - Nisanov bildirib.

Moskvada gördüyü işlər haqqında danışan biznesmen bunları deyib: “Martın 7-də biz şəhər meri Sergey Sobyaninlə birlikdə paytaxtın mərkəzi inzibati dairəsində, keçmiş Miussk tramvay deposunun yerində “Depo” qastronomik bazarını açmışıq; orada həm fermer bazarları, həm də kafe və restoranlar var.

Bu memarlıq abidəsi tərəfimizdən bərpa olunub və yeni Avropanın ən iri qastronom bazarında yeni həyatda təcəlli tapıb. Bu, böyük hadisədir.

Mənim haqqımda yazılan bütün mənfi fikirli məqalələr sifariş xarakterlidir. Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?



Yanvar ayından etibarən onu bağlatmışam. Orada yenidənqurma işləri aparılır. Ən yaxşı sinqapurlu memarlar cəlb olunub, bu, Avropanın ən yaxşı layihəsi olacaq. Bundan başqa, “Zaryadye” parkında mehmanxana, 147 min kvadrat metr sahəsi olan Avropa avtovağzalı inşa olunur”.

Ailəsinin ölkədən çıxarılması haqqında gəzən şayiələri şərh edərkən Qod Nisanov qeyd edib: “Mənim ailəm hazırda Moskvadadır, heç yerə getməyə hazırlaşmırıq. 1 150 000 kvadrat metr sahənin yenidən qurulması üzərində çalışıram, həmçinin, “Sadovod” bazarının yenidən qurulması (323 000 kvadrat metr).

Bundan başqa, mən hər zaman Azərbaycandan olan həmvətənlərimə yardım etmişəm və indi də edirəm. Bizim şirkətlər hazırda yeni layihələr üzərində çalışır. Rusiyanın 18 bölgəsində “Food city” kimi iri aqroklasterlərin inşası nəzərdə tutulur. Kazanda layihə, demək olar ki, hazırdır. Moskva vilayətinin Ximki rayonunda aqroklasterin inşasına başlayıblar.

Mənim obyektlərimdə minlərlə azərbaycanlı çalışır. Onlar ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy, Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var.

Bizdə hətta miqrantlara yardım xidməti də var. Bizim hüquqşünaslar azərbaycanlılara yaşayış icazəsi almaqda, sənədlərin rəsmləşdirilməsində hər cür kömək göstərirlər. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir”.



Hüquq-mühafizə orqanları ilə bağlı problemlər haqqında iş adamı bunları bildirib: “Bizdə hər hansı problemlər ortaya çıxsa, inanın, onu həll edəcəyik. Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq? Ona görə, yaxşı olar ki, mənə qara yaxmaq əvəzinə, mənim timsalımda Rusiyada yaşayan azərbaycanlılara göstərilən böyük dəstəkdən yazsınlar”.

Sonda Qod Nisanov Azərbaycanda gerçəkləşdirdiyi layihələrdən danışıb: “Azərbaycandakı layihələrə gəlincə, Quba rayonuna gedib, bir vaxtlar atam Semyon Nisanovun çalışdığı konserv zavodunun fəaliyyətini bərpa etdim. Ora ən müasir avadanlıq gətirtdim, yeni iş yerləri yaradıldı. Hazırda həmin müəssisədə 200-dən çox insan çalışır. Ora pul qoymuşam ki, insanlar işləsin, ailələrini dolandıra bilsin. Hazırda əlavə layihələr üzərində işləyirik.

Azərbaycan və Rusiyanın dostluq münasibətlərini qoruyub-saxlaması üçün əlimdən gələni edirəm. Yalamada (Xaçmaz rayonunda) Rusiya ilə sərhəddə hazırda “hab” qurulur. Burada başlıca məqsəd azərbaycanlı fermerlərə dəstək olmaqdır.

Orada kənd təsərrüfatı məhsulları qablaşdırılacaq, tez xarab olan məhsulların çox aşağı temperaturlarda dondurulması həyata keçiriləcək. Həmçinin, gömrük baxışı və möhürlənmə həyata keçirilir. Biz bunu Azərbaycan rəhbərliyinin ideyasını dəstəkləmək məqsədilə edirik.

Mən hər zaman yaxşı işlər görməyə, insanlara yardım etməyə çalışmışam və öz prinsiplərimə sadiq qalmışam. Ancaq bəzi insanların bunu gözü götürmür. Çünki onların əllərindən bir iş gəlmir. Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...