SOCAR-ın vitse-prezidenti: OPEC+ razılaşması Azərbaycana böyük fayda verə bilər

SOCAR-ın vitse-prezidenti: OPEC+ razılaşması Azərbaycana böyük fayda verə bilər

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirakı təkcə neft qiymətlərinin sabitləşməsinə deyil, həm də SOCAR dövlət şirkətinə koalisiyanın digər üzvləri ilə ticari əməkdaşlığı genişləndirməyə töhfə verəcək.

Trend-in məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib: “Əlbəttə, əsas risk qiymətin dəyişkənliyidir, ancaq biz əminik ki, cari və növbəti ildə qiymətlər stabil olacaq, bir barelə görə 60 dollar səviyyəsindən aşağı düşməyəcək”.

O qeyd edib ki, SOCAR Azərbaycanın razılaşmada iştirakını dəstəkləməyə davam edəcək. Neft hasilatının azaldılması haqqında razılaşma dövlət şirkətinə mənfi təsir göstərməyəcək:

“Razılaşma Azərbaycan və OPEC-ə üzv ölkələrin nümayəndələri arasında əlaqələrin fəallaşmasına imkan yaradıb, bu da daha böyük ticari əməkdaşlığa gətirib çıxara bilər. Xüsusilə də Azərbaycan və Səudiyə Ərəbistanı nümayəndələri bir sıra görüşlər keçirib və energetika əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər, ötən il isə “Saudi Aramco” Bakıda ofis açıb”.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin sözlərinə görə, “Saudi Aramco”nun Bakıda böyük ofis açması şirkətin Xəzər regionunda işləməyə maraqlı olmasından xəbər verir və təbii ki, Xəzərdə əməkdaşlıq və sərmayələr təkcə Azərbaycan sektoru ilə məhdudlaşmır.

Xatırladaq ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...