Qarabağ danışıqları rəsmən ənənəvi formatına qayıtdı - sonun başlanğıcı, yoxsa...

Qarabağ danışıqları rəsmən ənənəvi formatına qayıtdı -

Vyana görüşündə əsas nəticə, Ermənistan müdafiə nazirinin görüş sonrası verdiyi təxribatçı bəyanat və...; politoloq: “Paşinyan anladı ki, işğal edilən torpaqlar azad edilməyincə heç bir irəliləyiş olmayacaq...”

2019-cu ilin ilk 3 ayı arxada qaldı. Bu 3 ayın yekununda, martın 29-da Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Vyanada ilk rəsmi görüş reallaşdı. Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş 2 saatdan çox çəkdi.

“Azərbaycan prezidenti İlham Əliyevlə görüş normal keçdi”. Bunu N.Paşinyan görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Minsk Qrupunun Fransadan olan həmsədri isə İlham Əliyevlə Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib. “Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, - deyə fransalı həmsədr qeyd edib.

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər”. Bu barədə isə həmsədrlərin Vyana görüşünün yekunu ilə bağlı yaydıqları bəyanatında deyilir. Bildirilir ki, hər iki ölkənin liderləri münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində daha konkret və əlçatan addımlar atmağın vacibliyini vurğulayıblar.

Azərbaycan prezidenti danışıqların konstruktiv şəraitdə keçdiyini bildirib: “Danışıqları müsbət qiymətləndiririk. Bu, uzun fasilədən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin ilk rəsmi görüşüdür, əvvəlki görüşlər daha çox tanışlıq xarakteri daşıyırdı və beynəlxalq tədbirlər çərçivəsində baş tuturdu. XİN başçıları bir neçə dəfə danışıqlar aparıblar. Görüş ona görə əhəmiyyətli idi ki, məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə start verilib”.

Vasitəçilərin bəyanatında həmçinin deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib: “Onlar əsasən nizamasalma prosesinin əsas məsələləri üzrə fikir və ideyalar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar”.

Bundan əlavə, İlham Əliyev və Nikol Paşinyan öz ölkələrinin XİN rəhbərlərinə yaxın gələcəkdə yenidən həmsədrlərlə görüşməyi tapşırıblar. Onlar həmçinin birbaşa dialoqu davam etdirməyi razılaşdırıblar.

BMT baş katibi Antoniu Quttereş də liderlər arasında ilk rəsmi görüşü müsbət qiymətləndirib. Analitiklər isə son görüşü ehtiyatlı nikbinliklə şərh edir, bu zaman həm də Bakının taktiki uğurlarına diqqət yönəlidirlər.

*****
“Vyanada Qarabağ danışıqlarının mahiyyətinə dair ən düzgün qiymətləndirməni prezident İlham Əliyev verdi. Mən belə anlayıram ki, Paşinyanla danışıqları davam etdirmək mümkündür”. “Yeni Müsavat” xəbər verir ki, bu fikri teleqaraf.com-a politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Paşinyan Vyanada təkid etsəydi ki, Dağlıq Qarabağ separatçıları da masa arxasına oturmalıdır, bu, Ermənistan rəhbərliyinin danışıqlardan yayınması və dialoqun mənasızlığı anlamına gələrdi: “Paşinyan İrəvanda səsləndirdiyi bu fikirləri Vyanada təkrarlaya bilmədi. Çünki Azərbaycan prezidentinin mövqeyinin konkret olduğunu gördü. Bundan belə nəticə hasil olur ki, danışıqlar mahiyyəti üzrə aparılacaq və hər hansı bir format dəyişikliyindən söhbət gedə bilməz”.

R.Musabəyov əlavə edib ki, birinci şəxslər səviyyəsində baş tutan görüşdə tərəflər kağız üzərində nəsə yazmırlar: “Birinci şəxslər 3 saat ərzində məsələləri nəzərdən keçirib xarici işlər nazirlərinə müvafiq göstəriş verəcəklər ki, danışıqlar mahiyyəti üzrə davam etdirilsin”.

O hesab edir ki, Nikol Paşinyan əvvəlki fikirlərindən imtina etməsə belə, danışıqlara maneə yarada bilmir və ya yaratmır: “Onun əvvəlki bəyanatlarından sonra bizim arzu etdiyimiz formatda danışıqlar aparmasında həm Azərbaycan tərəfinin, həm də Minsk Qrupunun müəyyən təsirləri olub. Əlavə edim ki, hətta danışıqlar öncəsi Ermənistanın xarici işlər naziri Moskvaya gedərək Sergey Lavrovla görüşüb. Fikrimcə, erməni naziri Moskvada başa salıblar ki, şıltaqlığa ehtiyac yoxdur və danışıqlar formatına uyğun müzakirələr aparmaq lazımdır”.

Rasim Musabəyovun qənaətincə, danışıqlar prosesində Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir və erməni tərəfinin bu durumu dəyişmək imkanı yoxdur. Onun sözlərinə görə, proses boyunca Azərbaycan tərəfinin beynəlxalq hüquqa, diplomatiya ənənələrinə sadiq qaldığını Azərbaycan prezidenti böyük ustalıqla nümayiş etdirib: “Biz onu da nəzərə almalıyıq ki, danışıqlar prosesində Azərbaycan tərəfi daha təcrübəlidir və işin mahiyyətini incəliklərinə qədər bilir. Ermənistan tərəfindən isə həm Paşinyan, həm də digər diplomatlar bu işlə yeni məşğul olmağa başlayıb. Bütün hallarda danışıqlar formatı Azərbaycanın maraqlarına uyğun olaraq dəyişmir və bu şəkildə davam etdiriləcək”.

*****

“Azərbaycan Prezidenti İlham Əliyev Vyanada baş tutan görüşdən sonra reallıqları cəmiyyətə çatdırdı. Prezidentin verdiyi açıqlamada fikrimcə, iki məqam xüsusilə əhəmiyyətlidir. Bunlardan biri Dağlıq Qarabağ konfliktinə dair Ermənistan baş naziri Nikol Paşiyanla demək olar ki, ilk müzakirədir. Düzdür, buna qədər görüşlər olub, amma bu təmaslar ayaq üstü olub. Hesab edirəm ki, Vyana görüşü əvvəlkilərdən köklü şəkildə fərqlənir”. Bunu isə politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, buna qədər Paşinyan bəyan edirdi ki, Qarabağ separatçıları adından danışmayacaq, onların özləri danışıqlar formatına qatılmalıdır: “Vyana görüşü ilə Paşinyanın bəyanatı faktiki puça çıxmış oldu. Real olaraq Paşinyan məcbur oldu ki, Azərbaycan dövlət başçısı ilə danışıqlarda iştirak etsin və Qarabağ konfliktini müzakirəsinə qatılsın. Təbii ki, danışıqlar prosesinin formatı dəyişilməz olaraq qaldı. Prezident İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi, bildirdi ki, danışıqlar prosesinin formatını dəyişmək olmaz, bununla bağlı beynəlxalq strukturlarında qərarı var. Əgər bura üçüncü tərəf cəlb olunursa, bu, Azərbaycanın razılığı ilə ola bilər. Azərbaycan isə buna razılıq verməyib. Bu görüş faktiki olaraq Paşinyanın danışıqlar formatını dəyişmək məqsədilə atdığı addımları puç etdi”.

Fikrət Sadıqova görə, görüşün müsbət tərəfi ondan ibarətdir ki, ilk dəfə Ermənistanın yeni baş naziri ilə problem ciddi müzakirə edilib: “Eyni zamanda, erməni tərəfinə Azərbaycanın qəti və prinsipial mövqeyi çatdırılıb. Yəni Paşinyan başa düşdü ki, işğal edilən torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və onu azad etməyənə qədər heç bir irəliləyiş ola bilməz. Prezident qeyd etdi ki, bu, danışıqlar prosesinə yeni impuls verdi. İlk dəfə danışıqlar prosesində biz erməni tərəfini bu formatda hərəkət etməyə məcbur etdik. Onlar müxtəlif ziddiyyətli bəyanatlarla çıxış edirdilər, bəyan edirdilər ki, danışıqlarda iştirak etməyəcəklər, prosesə üçüncü tərəf cəlb edilməlidir və s. Amma onların bu məqsədi alınmadı. İlk görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində effektiv addımlar olmalıdır. Çünki bu addımların nəticəsində dövlət başçılarına problemin həllinə dair təkliflər hazırlanıb verilməlidir”.

*****

Maraqlıdır ki, Vyana görüşü bitər-bitməz, Paşinyan hökumətinin güc naziri - Ermənistanın müdafiə naziri David Tonoyan sülh danışıqlarındakı təzə-təzə yaranan kövrək konstruktivlik ab-havası ilə bir araya sığmayan açıqlama verib. Ermənistanın müdafiə naziri deyib ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib.

“Amerikanın səsi” xəbər verir ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı münaqişənin nizamlanması məsələsini şərh edərkən söyləyib. “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, ”ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür",- deyə o, sərsəm bəyanatla çıxış edib.

D.Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: “Biz bu ”xəndək vəziyyətindən", daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq".

Ancaq məsələ də elə bundadır: acından ölən, hamıdan pul, kredit diləyən Ermənistan nə ilə, hansı resurslarla buna nail olacaq? Şübhə yox ki, Tonoyan sadəcə olaraq, Vyanada erməni tərəfinin siyasi-diplomatik uğursuzluğunu pərdələmək üçün belə “gümrahlaşdırıcı”, lakin sərsəm bəyanat verməyə ehtiyac duyub...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...