15 min manata görə 100 minlik evi əlindən alındı, adı siyahıya düşmədi və... - Şok olay
“2014-cü ildə “AtaBank”ın Mingəçevir rayon filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 2018–ci ilin yayında bankla hər ay 200-300 manat ödəmək üçün razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm. Martın 10-da isə mənə bankın hüquqşünası məlumat verdi ki, evimin boşaldılması ilə bağlı martın 11-də məhkəməyə gəlməliyəm”.
Bu barədə Publika.az-a problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib.
Vətəndaş iddia edir ki, bank indi onun evini əlindən alıb, evin boşaldılması ilə bağlı işə məhkəmədə baxılır:
“Bu barədə telefonla məlumat verən hüquqşünasa etiraz etdim. Çünki məhkəmə ilə bağlı mənə xəbərdarlıq məktubu göndərilməmişdi. Martın 11-də keçirilən məhkəməyə getmədim, proses ayın 28-nə təxirə salındı. Martın 28-də yenidən məhkəmə keçirildi və Mingəçevir şəhər məhkəməsi prosesi aprelin 18-dək təxirə saldı. Hakim dəyəri 100 min manat olan 5 otaqlı evin 25 min manata satılmasının doğru olmadığını bildirdi.
Mənə bildirildi ki, Mingəçevir rayonundakı 5 otaqlı evim bank tərəfindən hərraca çıxarılıb. 3 dəfə keçirilən hərracdan sonra evim 25 min manata dəyərləndirilib və bank evimi alıb. Hərracla bağlı məlumatım var idi. Lakin heç bir hərracda iştirak etməmişdim. Bankdan da mənə bildirilmişdi ki, borcu tam ödəyəndən sonra ev mənə qaytarılacaq. Lakin sonradan evin boşaldılması üçün məhkəməyə müraciət ediblər. Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, bütün sənədlərimə baxdılar, problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər. Lakin “AtaBank” banka borcumun olmadığını siyahıda göstərib. Yəni, məlumatlarımı gizlədib.
Maliyyə Nazirliyində Ayaz müəllimlə danışdım, o da adımın siyahıya düşməli olduğunu dedi. Maliyyə Bazarlarına Nəzarət Palatasında mənə şikayət ərizəsi yazdırdılar. Daha sonra “AtaBank”ın baş ofisinə getdim, orada əvvəl qəbul etmək istəmədilər, Mingəçevirin problemli kreditlərinə Nərimanov filialında baxıldığını dedilər. Mən isə həmin filialda dəfələrlə olduğumu, lakin problemimin həll edilmədiyini bildirdim. Bundan sonra baş ofisdə müdir müavini məni qarşıladı, bütün məlumatları ona təqdim etdim və təəccüblü qaldı. Nərimanov rayon problemli kredit şöbəsində Möhsüm müəllimlə danışdı, dedi ki, adım siyahıda olmalıdır. Qanunsuz olaraq evimin boşaldılması ilə bağlı məhkəməyə müraciət ediblər, üstəlik 5 otaqlı evimi 25 min dollara bank satın alıb”.
Bəs belə hallarla qarşılaşan vətəndaş nə etməlidir?
İqtisadçı ekspert Vüqar Bayramov Publika.az-a bildirib ki, bank vətəndaşın adını Maliyyə Bazarlarına Nəzarət Palatasının reysterində gizlədə bilməz: “Əgər vətəndaşın adı həmin siyahıda yoxdursa, demək bank evi satıb əldə edilən pulla kredit bağlanıb. Vətəndaşın adına kredit olmadığına görə adı siyahıda yoxdur. Təbii ki, bu ehtimaldır, məsələ aidiyyəti qurumlarla dəqiqləşdirilməlidir”.
Vəkil Sadiq Əfəndiyev bildirib ki, vətəndaşın təkrar apelyasiya məhkəməsinə şikayət etmək hüququ var:
“Əgər vətəndaşın borcuna görə ondan xəbərsiz evi satılıb və bu gün evdən çıxarılmaq üçün məhkəmədə iddia qaldırılıbsa, vətəndaş evin satışı barədə qərarla bağlı iddia qaldıra bilər. Evin satışı ilə bağlı qətnamənin nüsxəsini məhkəməyə təqdim edə bilər. Bundan sonra bir ay müddətində satış barədə məhkəmənin qərarından apelyasiya şikayəti etmək hüququ yaranır. Bu zaman evdən çıxarılma ilə bağlı məhkəmə dayandırılır. Çünki məsələ bu zaman kökündən araşdırılır. Bundan sonra digər məsələlər həll edilə bilər. Əgər vətəndaşla bank arasında borc və cərimənin ödənilməsi ilə bağlı yazılı razılıq əldə edilibsə, ödəniş edildiyi halda ev hərraca çıxarıla bilməz. Bundan başqa evin bazar qiymətindən daha aşağı dəyərdə qiymətləndirilməsi məsələsinə də təkrar baxılması mümkündür”.
“AtaBank”ın problemli kreditlər departamentinin əməkdaşı Mövsüm Əmiraslanov Publika.az-a açıqlamasında vətəndaşın iddialarına aydınlıq gətirib:
“Vətəndaş uzun müddət ödəniş etmədiyinə görə onun götürdüyü kreditin məbləği 20600 manat olub. Lakin onunla ayda 200-300 manat ödənilməsi ilə bağlı razılıq əldə edilməyib. Çünki bu cür ödənişlə borcun bağlanması uzun müddət vaxt aparır. Məbləğ bu qədər yüksək olanda bank ilkin olaraq 3-5 min manatın nağd, qalan vəsaitin hissə-hissə ödənilməsi barədə razılığa gələ bilər. Lakin bu vətəndaşla bu cür razılıq əldə edilməyib. Bundan başqa, razılıq şifahi olmur, yalnız rəhbərliklə daxili proqram vasitəsilə razılıq əldə ediləndən sonra bu məsələ rəsmiləşdirilir. Bizim bank da vətəndaşın evini məcburiyyətdən balansa götürüb. Çünki ev iki dəfə hərraca çıxarılıb, lakin alan olmayıb. Bundan sonra növbəti iddia vətəndaşın evdən çıxarılması barədə oldu. Evin hərraca çıxarılması üçün vətəndaşdan razılıq əldə edilmir. Bank icra şöbəsinə hərracın sifarişini verir, vətəndaşın bu məsələdən xəbəri olur. Vətəndaşa məlumat verilməsə, hərrac keçirilə bilməz. Evin bazar dəyərindən daha aşağı məbləğdə alınması isə düzgün deyil. Əmlakın qiymətini ya məhkəmə, ya da qiymətləndirmə şirkəti müəyyən edir. Real dəyərdən aşağı qiymət qoyulsa, vətəndaşın şikayət etmək hüququ var. Birinci hərracda əmlak satılmazsa, dəyəri 15 faiz, ikinci hərracda da satılmazsa, 25 faiz aşağı düşür. Bundan sonra isə əmlak məbcuri qaydada banka təklif edilir”.
Bank rəsmisi Elgiz Mirzəyevin probleminin aprelin 18-də keçiriləcək məhkəmədə həll olacağına söz verdi:
“Bank evin boşaldılması ilə bağlı məhkəmə iddiası qaldırandan sonra Prezident müvafiq fərmanı imzalayıb. Bu fərmanla 10 min dollar və 17 min manatadək problemli kreditlərlə bağlı məsələ həllini tapdı. Lakin bunun üçün məhkəmənin müvafiq qərarı olmalıdır. Yalnız məhkəmədə fərman nəzərə alınaraq proses dayandırılmalıdır. Aprelin 18-də keçiriləcək təkrar prosesdə bu məsələyə Prezidentin fərmanına uyğun olaraq baxılmamış saxlanılacaq. Çünki vətəndaşın adı problemli kreditlərə görə kompensasiya və ya güzəştlərlə bağlı müvafiq siyahıya düşür. Məhkəmə qərarından sonra vətəndaşın evdən çıxarılması prosesi dayandırılacaq. Bundan sonra onun adı kompensasiya və ya güzəştlər tətbiq edilən borclular siyahısına salınacaq. Vətəndaşın adı siyahıya düşəndə onun bütün cərimələri, faizləri silinəcək, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qalıq borc hesablanacaq. Həmin borc restrukturizasiya olunacaq və borclu illik 1 faizlə 5 ilə həmin borcu ödəməlidir”.
779 dəfə oxundu