Əkrəm İmamoğluna İstanbulun bələdiyyə sədri vəsiqəsi təqdim edilir - VİDEO

Əkrəm İmamoğluna İstanbulun bələdiyyə sədri vəsiqəsi təqdim edilir -

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib. Ə.İmamoğlu vəsiqənin təqdim olunması üçün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib. Xatırladaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...