Ölkədə Gürcüstan nömrəli avtomobillər artır: Səbəb gömrük rüsumlarıdırmı?
Bu ilin əvvəlindən etibarən idxal olunan avtomobillərə tətbiq olunan aksiz vergisinin artması maşın bazarında da bahalaşma ilə nəticələndi. Ümumilikdə aksiz vergisi, ƏDV, gömrük rüsumları və sair üst-üstə gələrsə, Azərbaycana avtomobil idxal etmək xaricdəki satış qiymətindən bəzən 2-3 dəfə baha başa gəlir. Bu baxımdan ölkənin avtomobil bazarında daha çox köhnə ikinci əl avtomobillərin qiyməti artır. Səbəb isə alıcılıq qabiliyyətinin zəif olması səbəbindən bahalı avtomobillərlə bağlı alqı-satqı əməliyyatlarının az olmasıdır.
Vətəndaşların bir qismi isə yüksək vergi və gömrük rüsumlarından yayınmaq üçün Gürcüstan vətəndaşlarından birini adına o dövlətin nömrə nişanı ilə avtomobil alaraq Azərbaycana gətirir və etibarnamə ilə sürürlər. Lakin bunun üçün hər 3 aydan bir sərhəddi keçərək , ölkəyə daxil olma tarixini yeniləməli olurlar. Ölkəmizdə bu cür dövlət qeydiyyatına alınmayan və icbari sığortaya cəlb olunmayan avtomobillərin olması bəzi arzuolunmaz hallara da yol açır. Bu avtomobillər hər hansı qəzaya səbəb olarsa, onların məsuliyyətə cəlb olunması problemə çevrilir.
Bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirdi ki, avtomobil istehsal edən ölkələrdə belə bu qədər böyük rüsumlar tətbiq olunmur: “Azərbaycanda çox fantastik və absurd hesablamalar aparılıb. Çünki təkcə rüsum deyil, həm də ƏDV, həm də aksiz vergisi hesablanır. Yəni üçlü vergi tətbiq olunur və bu da avtomobillərin xeyli bahalaşmasına səbəb olur. Rusiya ekspertləri bir neçə il bundan öncə hesablama aparmışdılar ki, Rusiya ərazisində istehsal edilən və bir zamanlar Azərbaycanda da populyar olan LADA avtomobilləri Rusiya büdcəsinə hər avtomobilə görə cəmi 300 dollar, Azərbaycan büdcəsinə isə təxminən 800 dollar vəsait daxil olur. Bu da Rusiyada ciddi müzakirəyə səbəb oldu ki, necə ola bilər, istehsal edən bizik, ancaq Azərbaycan büdcəsi hər avtomobildən orta hesabla 800 dollara yaxın pul qazanır. Bu dəfələrlə ciddi müzakirə olunub. Avtomobil istehsalı ilə məşğul olan bir çox ölkələrdə belə bu qədər yüksək rüsum yoxdur. Azərbaycanda bunun tətbiqinin məntiqini anlamaq olar. Hökumət açıqlama verir ki, ekoloji vəziyyəti qorumaq, nəqliyyat sıxlığının aradan qaldırılması və sairlə bağlıdır. Yerli istehsalla bağlı son vaxtlar arqument səsləndirilməyə başlayıb. Lakin bu tutarlı arqument deyil. “Xəzər” avtomobil zavodu ildə təxminən 1000 ədəd avtomobil istehsal edir ki, onun da 80 faizdən çoxu dövlət ehtiyacları üçün alınır. Bu əslində avtomobil istehsalı deyil, yığımıdır. Bir neçə detalın birləşdirilməsi və yığımı həyata keçirilir, heç bir detalı ölkədə istehsal olunmur. Həmin avtomobillərin bazarda alıcısı da yoxdur. Ona görə də, yerli istehsalçını qorumaq arqumenti keçərli deyil”.
N.Cəfərlinin sözlərinə görə, hökumət ekoloji məsələlərin qayığısan qalırsa, təzə avtomobillərə daha güzəştli şərtlər tətbiq etməklə onların ölkəyə idxalını stimullaşdıra bilər: “Lakin həqiqətən də Azərbaycan hökuməti ekoloji məsələlərdən doğan narahatçılığı ifadə edirsə, bu özlüyündə pozitiv yanaşmadır, müasir dünyaya uyğun yanaşmadır. Ancaq əməldə bunu göstərmir. Bu zaman Azərbaycan hökuməti hibrid avtomobilləri ilə bağlı gömrük rüsumlarını, aksiz vergilərini, ƏDV-ni sıfırlamalıdır. Elektriklə işləyən maşınlara ƏDV və başqa vergi növləri tətbiq etməməlidir ki, Azərbaycanın avtoparkı yenilənsin, hibrid avtomobilləri, elektriklə işləyən avtomobillərin sayı artsın, bu da ekoloji vəziyyətə müsbət təsir göstərsin. əslində isə tam tərsi olub. Avtomobillərin qiyməti bahalaşdıqca, Azərbaycan əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq, daha köhnə , ekologiyaya daha çox ziyan vuran, ancaq gömrükdən keçirilərkən daha az xərc tələb edən avtomobilləri ölkəyə gətirməyə başlayırlar. Bu da Azərbaycanda obrazlı dillə desək, maşın qəbiristanlığının yaranmasına səbəb olur, ekologiyaya daha çox ziyan vurur. Hökumətin elan etdiyi hədəflərlə atdığı addımlar üst-üstə düşmür. Ekologiyanı qorumaq üçün əslində yeni maşınlara, yeni texnologiyalara üstünlük vermək lazımdır. Ancaq atılan addımların nəticəsi ona gətirib çıxarır ki, maşın alış-satışı ilə məşğul olan insanlar daha ucuz və daha köhnə avtomobilləri alıb gətirə bilirlər. Bu yolla daha rahat müştəri tapırlar. Bu yanaşma kökündən yanlışdır və Azərbaycan bazarında təzə maşınlarla köhnə maşınlar arasında disbalansın yaranmasına səbəb olur”.
Ölkə ərazisində Gürcüstan nömrəli avtomobillərin artması məsələsinə münasibət bildirən Natiq Cəfərli vurğuladı ki, qeyd olunan məsələ məcburiyyətdən doğur: “Əgər Azərbaycanda belə bir siyasət aparılmasaydı, heç bir insan istəməzdi ki, hər 3 aydan bir Gürcüstana səfər etsin, yol xərcini ödəsin və bir daha sərhəddən keçməklə tarixi yeniləsin. Bu məcburiyyətdən doğur, gömrük rüsumları yüksək olduğu üçün vətəndaşlar bu addımı atır. Buda bəzi problemlər yaradır, sığorta məsələsi, qəzalar zamanı məsuliyyətdən yayınma və sair kimi məqamlar ortaya çıxır. Bunun həlli yolu gömrük rüsumunun azaldılmasından keçir. O zaman belə addımların atılmasına heç ehtiyac qalmaz. Bunu edə bilmirlərsə, ən azından “Asan Xidmət” və ya elektronlaşmış xidmət vasitəsilə müvəqqəti sığorta üçün daha ucuz və daha effektiv yollar tapılmalıdır. Gürcüstanın özündə belə bunu tətbiq edirlər. Azərbaycandan və digər ölkələrdən gələn avtomobillər ölkədə 15 gün ərzində qalacaqlarsa 30 lari ödəməklə sığorta olunur. 1 illik sığorta məbləği isə 180 laridir. 3 aylıq, 6 aylıq və 1 illik sığorta almaq mümkündür. Qiymətlər baha olmadığından ölkəyə avtomobillə gələn insanlarda da bu qıcıq doğurmur. 30 lari manatla 18-19 manat edir, bu elə də yüksək məbləğ deyil və insanlara sərf edir. Azərbaycanda da buna bənzər ucuz və sürətli bir xidmət növü təşkil olunmalıdır ki, qəzalar zamanı Gürcüstan nömrəli avtomobillərlə bağlı texniki problem yaranmasın”.
836 dəfə oxundu