Rza Zərrab işi niyə uzanır? – ilginc səbəb
Politoloq: “Gülən və Zərrab ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq qalır...”
ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab məsələsi hələ də həll olunmamış qalır. Olayın baş verməsindən, Zərrabın həbsindən artıq 3 ilə yaxın zaman keçir. Lakin konkret addımlar atılmır. Hətta Zərrab məsələsi ilə bağlı dünya mediasında son zamanalar bir cümlə belə yazılmayıb. Bütün bunlar ciddi suallara yol açır. ABŞ-ın İran əsilli Türkiyə vətəndaşı Zərrabdan hər iki ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi barədə fikirlər səsləndirilir.
Hazırda onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilir. R.Zərraba qarşı münasibətin qəfil dəyişməsinin təsadüfi olmadığı vurğulanır. İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qeyri-qanuni yollarla yan keçməkdə ittiham edilən Zərrabın istintaq zamanı Amerika üçün vacib olan məlumatları bu ölkənin istintaq orqanına açıqladığı ehtimal edilir. Lakin eyni zamanda, bu məsələ ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq riçaqı kimi qalmaqdadır. Məhz bu xüsusda onun işinin hələ bir müddət də uzadılacağı güman edilir.
“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirdi ki, Rza Zərrab iş ABŞ-Türkiyə münasibətlərində xüsusi yeri olan bir məsələdir: “Əslində biz ona ABŞ-Türkiyə-İran münasibətləri kontekstindən baxsaq, daha doğru olar. Çünki faktiki olaraq Türkiyə dövlətinin rəsmi şəxslərinin, ayrı-ayrı nazirlərinin İrana qarşı beynəlxalq embarqonun pozulmasında iştirak etdiyi qeyd edilir. Bununla belə, Zərrab olayı uzun müddət ABŞ-ın Türkiyəyə təzyiq vasitəsi oldu. Təbii ki, ABŞ uzun müddətdən bəri Zərrab olayından, Türkiyədən müəyyən güzəştlər qoparmaq, Ərdoğan hökuməti ilə sövdələşməyə getmək üçün istifadə etməyə çalışıb. Zərrab ətrafında baş verən hadisələri ABŞ-Türkiyə arasında son illərdəki böhranın növbəti mərhələsi hesab etmək olar. Vaşinqton və Ankara bir-birilərinə qarşı mümkün bütün kompromatları işə salıblar və Zərrab məsələsi ABŞ-ın əlində olduqca güclü arqumentdir. Türkiyə Zərrabla bağlı Vaşinqtona bir neçə dəfə nota verib. Bu da onu göstərir ki, məsələ Türkiyə hakimiyyəti üçün də önəmlidir. Çünki AKP nazirlərinə milyonlarla dollar rüşvət verilməsi müqabilində İrana qarşı tətbiq olunan embarqonun pozulması iddiası Ərdoğana həm xarici siyasətdə, həm də daxildə müxalifət tərəfindən təzyiqlər yaradıb. Artıq bunun əlamətləri özünü çoxdan göstərib və CHP, AKP iqtidarına qarşı çıxışlarında bu olayı xüsusi qabardıb”.
Politoloqa görə, Zərrab məsələsi Ərdoğanın davamlı olaraq ABŞ-ın kürdləri silahlandırması, FETÖ vasitəsilə çevriliş cəhdi etməsi iddialarına qarşı hazırlanıb: “ ABŞ Rza Zərrab olayından Türkiyəyə qarşı bu cür istifadə etməyə çalışır. CHP-nin iddiasına görə isə Zərrab İran xüsusi xidmət orqanlarının agentidir və həm də bir sıra dövlət sirri təşkil edən məlumatları əldə edib. Zərrabın agent olduğunu artıq AKP iqtidarı da deyir. CHP isə AKP-dən tələb edir ki, Zərrabın rüşvət verdiyini iddia elədiyi şəxslərin hamısı istintaqa cəlb edilsin. ABŞ Türkiyənin rahib Branson iddialarına və Gülən iddialarına qarşı Zərrab məsələsini ortaya atdı. Yəni Gülən vasitəsilə Türkiyədə çevriliş cəhdi, Branson vasitəsilə kəşfiyyat aparılması iddiasına əks arqument olaraq Türkiyənin də İrana qarşı embarqonu pozması iddiası ilə cavab verdi və Zərrab olayı doğurdan da güclü bir əsas oldu. ABŞ - Türkiyə ziddiyyətləri Yaxın Şərqdə davam etdikcə, Türkiyə Rusiya və İran ilə müttəfiqliyi davam etdirdiyi təqdirdə Zərrab olayının və buna bənzər digər hadisələrin baş verəcəyi istisna edilmir”.
Məmmədova söylədi ki, Zərrab ABŞ istintaq və kəşfiyyat orqanları ilə əməkdaşlıq etmiş şəxsdir və hələ ki, ABŞ-a lazımdır: “Yəqin ki, nə zamansa, Ben Laden və başqa agentlər kimi siyasi cəhətdən lazım olmayacaqsa, o zaman ABŞ ondan imtina edəcək. Gülən və Zərrab ABŞ-ın əlində hələ ki, Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq qalır. Onlar ABŞ-ın Böyük Orta Şərq layihəsinin kiçik fiqurlarıdır və böyük siyasəti pərdələmək, diqqəti şəxslər üzərinə fokuslamaq üçün vasitədirlər. Əslində isə nə zamansa, Türkiyə ABŞ-a qarşı itaətsizlikdən imtina edərsə, Zərrab da, Gülən də Türkiyəyə təhvil verilə bilər, yaxud ABŞ tərəfindən zərərsizləşdirilə bilər. Buna misal kimi, Rza Şah Pəhləvidən imtina edilməsini qeyd edə bilərik”.
686 dəfə oxundu