Blokçeyn texnologiyaları Azərbaycanda rəqəmsal iqtisadiyyatın bünövrəsi ola bilər - ANALİTİKA
Müasir dövrdə bir çox ölkələrdə yeni nəsil elektron hökuməti yaratmaq üçün vətəndaşlar, daşınmaz əmlak, şirkət, sertifikat, diplom, mülkiyyət hüquqları vs. haqqında məlumatlar dövlətin blokçeyn reyestrlərinə yazılır. Dəyişdirilməsi qeyri-mümkün olan həmin blokçeyn reyestrlərində həm də smart müqavilələr mexanizmini tətbiq etmək imkanı sayəsində dövlət idarəetmə aparatını xeyli ixtisar edərək kağız sənədləri aradan qaldırmağa, məmurları tam nəzarətdə saxlamağa müvəffəq olur. Bununla bağlı Avstriya, İsveçrə, Estoniya kimi ölkələrdə artıq start-uplar da meydana çıxıb.
Dövlət idarəçiliyinə blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı inkişaf etməkdə olan ölkələrdə ilkin hazırlanma mərhələsində olan layihələr inkişaf etmiş ölkələrdə tamamlama mərhələsindədir. Bu texnologiyaların öyrədilməsinə, hər kəsin gündəlik həyatında tətbiqi imkanlarının araşdırılmasına bir çox dövlətlər və təşkilatlar külli miqdarda vəsait ayırır. Belə ki, Dünya İqtisadi Forumunun məlumatına görə, bölüşdürülən reyestr texnologiyasına 24 dövlət sərmayə qoyurr, 900-dən çox bank həmin texnologiyanın tətbiqinin müzakirəsində iştirak edir, onu inkişaf etdirmək məqsədi ilə də 90-dan artıq şirkət konsorsiumlar yaradıb. Dünya ÜDM-nin 10 faizə qədərinin 2027-ci ilədək blokçeyn texnologiyalarının bilavasitə iştirakı ilə hasil olunacağı bildirilir.
Bütün bu yeniliklərdən kənarda qalmayan Azərbaycanda hazırda müvafiq hüquqi, qanuni bazanın yaradılması birinci dərəcəli vəzifə olaraq qarşıya çıxır. Ölkədə blokçeyn texnologiyasının tətbiqi onu işlətməyi öyrənmək üçün məlumat bazasının yaradılması ilə başlayıb. Yalnız bundan sonra həmin texnologiya əsasında yeni nəsə yaradıla bilər. Hazırda bu sahədə ixtisaslı kadrların çatışmazlığı hiss olunur.
Dövlət idarəetməsi sahəsində blokçeyn vətəndaşlarla dövlət qurumları arasında bütün təmasların nəticələrini əhatə edəcək məlumat bazası rolunu oynaya bilər. Məsələn, Dövlət Gömrük Komitəsi davamlı araşdırdığı müxtəlif texnologiya və innovasiyaları gömrük nəzarətində tətbiq edir. Belə ki, sözügedən sahədə blokçeyn texnologiyasının tətbiqi, ilk növbədə, bölüşdürülən məlumat bazası və kriptoqrafiya qərarları sayəsində məxaricin və ehtiyatların təkmilləşdirilməsinə, şəffaflığın təmin olunmasına gətirib çıxarır. Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi nəzdində yaradılan İnnovasiyalar Agentliyi qarşısında qoyulan vəzifələr arasında blokçeyn texnologiyasına əsaslanan start-up və İT layihələrin inkişaf etdirilməsi də var.
Mərkəzi Bank da maliyyə bazarını yeniləmək üçün blokçeyn texnologiyasını hərtərəfli tətbiq etməklə məşğuldur. Müştəri haqqında zəruri məlumatları kredit təşkilatına daha tez ötürmək, süründürməçiliyi azaltmaq fürsəti verən həmin yeni sistemin tətbiqinə bir sıra bank və dövlət qurumları cəlb olunub. Blokçeyn texnologiyasını iqtisadiyyata tətbiq etmək üçün İBM şirkətilə 5 illik əməkdaşlıq proqramı ölkə iqtisadiyyatının rəqəmsallaşmasını nəzərdə tutur. On özəl və on beş dövlət qurumunun iştirak etdiyi proqramın birinci qolu iqtisadiyyat ilə bank sektoruna, ikinci qolu da rəqəmli eyniləşdirmə sistemini inkişaf etdirməyə yönəlir.
Daşınmaz əmlak sahəsində blokçeyn texnloogiyalarının tətbiqi əməliyyat sövdələşmələrini, sui-istifadə, sənədlərdə xəta risqini azaltmağa imkan yaradır. Nəticədə ölkədəki sərmayə və işgüzar mühit daha da yaxşılaşacaq. Belə ki, Dövlət Əmlak Komitəsi indi daşınmaz əmlakın qeydiyyatına blokçeyn texnologiyasının tətbiqinə dair layihənin icrasına başlayıb.
Blokçeyn texnologiyası təhsil sistemində də rahatlıqla tətbiq oluna bilər. Məsələn, diplom və tədris sertifikatlarının qeydiyyatı blokçeyn vasitəsilə aparılsa, həmin məlumatlardan işəgötürənlər, sərmayəçilər, elə təhsil müəssisələrinin özü də istifadə edə bilər. Kənd təsərrüfatında blokçeyn texnologiyası aqrar şirkətlərinin bütün iştirakçılarını bir zəncirin halqaları şəklində birləşdirmək demək olardı. Yeni texnologiyaların tətbiqi, start-up səviyyəsində smart təsərrüfat subyektlərinin ortaya çıxması kənd təsərrüfatında kimyəvi gübrələnmə və əkindən tutmuş logistikayadək bütün əməliyyatları inkişaf etdirməyə imkan verir.
Hazırda blokçeyn texnologiyası özəl sektor tərəfindən ticarət və təchizatın idarəetməsi, həmçinin logistika sahəsində tətbiq olunur. Bu gün ölkənin nəqliyyat logistika şirkətləri də imkan daxilində blokçeyn texniologiyasına üz tutur. Bu texnologiyanın yükdaşımalarda da bir çox istifadə üsullları var. Logistika şirkətləri üçün blokçeyn texnologiyası əməliyyatlarda məlumatları etibarlı qorumaq imkanı yaratdığına görə maraqlıdır. Həmçinin köçürmələrin tezləşdirilməsi, hər məhsulun üstünə teq gəlməklə tədarükün daha etibarlı həyata keçirilməsi əldə edilir. Nəticədə oğurluqlar azalır, tədarükün izlənməsi imkanı yaranır, tədarükçü, nəqliyyatçılar və alıcılar arasında əlaqələndirmə yaxşılaşır.
Yaxın dövrdə Yür kürəsi əhalisinin sürətli artımı və iqlim dəyişikliyi kimi hadisələrdən doğacaq fəsadlar nəzərə alınsa, süni zəka ilə yanaşı, blokçeyn texnologiyasının tətbiqi ilə fermerlərə kredit vermək üçün dürüst məhsul proqnozlarının əldə olunmasının nə qədər mühüm əhəmiyyət daşıyacağı aydın olur. Bundan əlavə, mikrobların genlərini səmərəli şəkildə araşdırmağa imkan yaradan yeni texnologiyalar sayəsində qidaların təhlükəsizliyinə dair da bir çox yeni məlumatlar əldə edə biləcəyik. Blokçeyn texnologiyası tullantıların emalı nəticəsində istehlak məmulatların istehsalına da böyük yeniliklər gətirəcək.
Blokçeyn texnologiyasına rəğbət sürətlə artır. Bu texnologiyaya əsaslanan proqramların bahalı olmasına baxmayaraq, blokçeynə qoyulan sərmayələr uzunmüddətli perspektiv baxımdan sərfəlidir. Blokçeynin indiki sürətlə tətbiqi 2023-cü ilədək dövlət xidmətləri sahəsində geniş intişar tapacağını söyləməyə əsas verir.
680 dəfə oxundu