Limiti keçmiş abonentlər güzəştli tarifdən necə yararlanacaq? - VİDEO
Təbii qazın istehlak limitini, yəni 1 700 kubmetri keçmiş əhali abonentləri bu gündən etibarən ilk yükləmədə qalan 500 kubmetr qazı güzəştli tariflə - yəni 10 qəpiklə əldə edəcəklər. Ancaq 1 700 kubmetr istifadə limitini keçməyən abonentlər bundan sonra da istifadə etdikləri hər kubmetr təbii qaz üçün 10 qəpikdən əldə etməkdə davam edəcəklər.
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birlyinin Baş direktorunun satış və istismar üzrə müavini Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı heç bir problem olmayacaq: “Smart tipli sayğaclarda artıq dünən gecə saat 24:00-dan bu güzəştlər tətbiq edilib. Mexaniki sayğaclara isə bu gün və sabah Birlik tərəfindən oxunuşlar ediləcək. Bu oxunuşlardan sonra əhalinin işlətdiyi təbii qaz üçün əlavə veriləcək 500 kubmetr 10 qəpikdən hesablanacaq”.
R.Əliyev xatırladıb ki, dünən Prezidentin tapşırığı əsasında Tarif (Qiymət) Şurasında təbii qazın istehlakında limit məsələsinə yenidən baxılması üzrə iclas keçirilib: “Bu limit 2016-cı ildə tətbiq edilib. Həmin qərarda əhali üzrə illik istehlak limiti 1 700 kubmetr idisə və hər kubmetr üçün ödəniş 10 qəpikdən hesablanırdısa, 1 700 kubmetrdən yuxarı limiti keçdikdə 20 qəpikdən hesablanırdısa, bu dəyişiklikdən sonra 2019-cu il üçün həmin limit artıq 1 700 kubmetr deyil, 2 200 kubmetr olacaq. Yəni əhali 2 200 kubmetrə qədər təbii qazı 10 qəpikdən istifadə edəcək, 2 200 kubmetr istifadəni keçənlər üçün isə istifadə etdikləri qazın hər kubmetri 20 qəpikdən hesablanacaq”.
R.Əliyev bildirib ki, ölkə başçısının tapşırığı əsasında qəbul edilən bu qərar sırf insanların sosial-müdafiəsi üçün atılmış addımdır: “Azəriqaz” təmsilçisi və adi vətəndaş kimi bu addımı alqışlayırıq. Bu limit əlavə 200 min, ümumilikdə isə, 1,8 mln. təbii qaz abonentini əhatə edəcək, 85% qaz abunəçisi bu limit çərçivəsində qazdan 10 qəpikdən istifadə edəcək”.
815 dəfə oxundu