Azərbaycanda çoxdan gözlənən aqrar sığorta - iki nazirliyin ortaq layihəsində əsas hədəf

Azərbaycanda çoxdan gözlənən aqrar sığorta -

Kənd Təsərrüfatı yanında agentliyin sədri Mirzə Əliyev: “Dövlətin bu prosesdə iştirakı daimi olacaq...”
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sığortanın tətbiqinin vacibliyini önə çəkib. “Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçik həcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir”, - deyə nazir bildirib.


Doğrudan da, Azərbaycan müstəqillik əldə edəndən bəri aqrar sahədə sığorta sisteminin tətbiqi məsələsi müzakirə olunur. Müstəqil və xarici mütəxəssislər uzun illərdir dövlətin dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini tövsiyə edirlər. Son illərdə bu məsələ xeyli aktuallaşıb. 2016-cı ildə kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş strateji yol xəritəsində aqrar sığorta sisteminin yaradılması nəzərdə tutulur. Bu sahədə əsas addımlardan biri atılaraq, “Aqrar sığorta haqqında” qanun layihəsi hazırlanıb. Dünən Milli Məclisin plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu və nəhayət, üçüncü şəxslərin hərəkətləri kimi risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.

Qeyd edək ki, qanun layihəsi Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyinin birgə məhsuludur. Layihənin əsas prinsipləri, Azərbaycanda tətbiq olunması təklif edilən aqrar sığorta modelinin mahiyyəti barədə suallarımızı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev cavablandırıb. Agentlik rəhbəri ilə müsahibəni təqdim edirik:

- Mirzə müəllim, Azərbaycanda aqrar sektorun hazırkı vəziyyətində sığorta sistemi bu sektor üçün nə deməkdir?

- Azərbaycanda əhalinin təxminən yarısı kənd yerlərində yaşayır. Ölkə üzrə məşğul əhalinin təxminən bir o qədəri də kənd yerlərinin payına düşür. Bu baxımdan aqrar sahənin ölkə həyatında əhəmiyyəti çox böyükdür. Sığorta bir iqtisadi-maliyyə məhsuludur. Bu məhsulun olması kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanı deməkdir. Sığortanın olması aqrar sahəyə biznes marağını artırır, investisiyaları təşviq edir. Digər tərəfdən, aqrar sahədə sığortanın tətbiqi bu sahədə dayanıqlı inkişafı təmin edir, istehsalı artırır, dolayısı ilə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına dəstək verir. Ümumiləşdirsək, aqrar sığorta kənd təsərrüfatı üzrə maliyyə resurslarına çıxış imkanlarının təkmilləşdirilməsi, aqrar sahəyə biznes marağının artırılması və investisiyaların təşviqi və nəhayət, davamlı inkişaf və dayanıqlığın güclənməsi baxımından aqrar sığorta son dərəcə mühüm əhəmiyyət kəsb edir.

- “Aqrar sığorta haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Bu layihə hazırlanarkən hansı dünya ölkələrinin təcrübəsi nəzərə alınıb? Qanundakı əsas prinsiplər hansılardır?

- Qanun layihəsi, bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən hazırlanıb. Layihə üzərində işləyərkən dünyanın bir çox qabaqcıl təcrübələri öyrənilib. Biz hansı ölkələrdə daha mütərəqqi aqrar sığorta sisteminin mövcud olduğunu müəyyənləşdirmişik: bunlar ABŞ, İspaniya, Türkiyə və İsraildir. Bu ölkələrdə tətbiq olunan mexanizmlər indiyədək heç vaxt iflasa uğramayıb. Bu ölkələr arasında biz nümunə olaraq İspaniya və Türkiyə modellərinin üzərində dayandıq. Türkiyədə bu model “TARSİM” adlanır, İspaniyada isə AGROSEGURO (Birləşmiş Aqrar Sığorta Şirkətləri Birliyi). Hər iki model dövlət-özəl əməkdaşlığına əsaslanır.

- Dövlət-özəl əməkdaşlığı necə olacaq? Bunun üçün hazırlanan mexanizm barədə məlumat verərdiniz.

- Biz müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tuturuq. Bu sistemdə sığortaolunanlar yaradılacaq şirkətin sahibi olacaqlar. Burada sığortaçılardan yığılan vəsaitin çox olması, sığorta ödənişini etməmək kimi məsələlərə yer olmayacaq. Burada məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sığortası inkişaf etsin. Buna görə də müştərək sığorta modelini tətbiq etmək istəyirik. Burada əsas stimullaşdırıcı vasitə dövlətin bu modeldə iştirakıdır. Belə ki, aqrar sığorta üzrə dövlət qurumu yaradılacaq - bu, fond da ola bilər, agentlik də. Bu qurumun müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət himayəçilik şurası formalaşdırılır. Himayəçilik Şurasının rolu dövlətin bu sahəyə ayırdığı subsidiyaları tənzimləmək, eyni zamanda gələcəkdə sığorta haqlarının yığılması, onun maliyyə davamlılığının təmin olunması, dövlətin risklərinin tənzimlənməsindən ibarətdir. Eyni zamanda aqrar sığorta orqanının yanında bir idarəedici şirkət təsis olunur. İdarəedici şirkət fonddan (və ya agentlikdən) və prosesdə iştirak edəcək sığorta şirkətlərinin bərabər payı əsasında maliyyələşən açıq tipli səhmdar cəmiyyəti olacaq. “Sığorta haqqında” Qanuna əsasən Azərbaycanda sığortaçı yalnız ASC olmalıdır. İdarəedici şirkət fondla mülki müqavilə əsasında fəaliyyət göstərir.

- Özəl əməkdaşlığı hansı formada nəzərdə tutulur?

- Özəl əməkdaşlığı iki istiqamətdə olacaq. Birincisi, idarəedici şirkətin səhmdarları özəl sığorta şirkətləri olacaq. Onlar satışla məşğul olacaqlar. Satdıqları sığorta məbləğindən onlar faiz əldə edəcəklər. Tutalım ki, hər 100 manatdan 10 faiz. Sığorta hadisəsi baş verdikdə isə idarəedici şirkətin cəlb etdiyi müstəqil ekspertlər qiymətləndirmə aparacaqlar. Bu ekspertlərin hava-iqlim şəraiti haqqında məlumatlara çıxışı olacaq. Yəni onların sığorta hadisəsinin (yağış, dolu və sair) baş verməsini bilmələri üçün harasa getmələrinə, yaxud fermerin müraciət etməsinə ehtiyac olmayacaq - bu məlumatlar elektron formada onlara veriləcək. Bundan sonra onlar hadisə yerinə gedib, elektron resurslar vasitəsilə sığorta hadisəsini qeydə alacaqlar. Bunun əhəmiyyəti ondan ibarətdir ki, sığorta hadisəsini qeydə alan sığorta şirkətinin nümayəndəsi deyil, müstəqil ekspertlər olacaq. Bu zaman artıq sığorta hadisəsinin qeydə alınmaması, yaxud dəyən zərərin düzgün qiymətləndirilməməsi kimi halların qarşısı alınmış olacaq.

- Dövlət sığorta risklərinin qarşılanmasında necə iştirak edəcək?

- Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək. Təbii ki, dövlət bu risklərin hamısını öz üzərində saxlamayacaq. Bir hissəsini təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Bildiyiniz kimi, təkrar sığorta şirkətləri bütün dünyada geniş yayılıb. Bütövlükdə götürsək, Azərbaycanın tətbiq etməyə hazırlaşdığı əsas model TARSİM modelidir. Bu model dövlət-özəl tərəfdaşlığına əsaslanır. Eyni zamanda bu model könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Əsas fərqləndirici cəhətlərdən biri də mükafatlandırma və ziyana dəstək mexanizminin olmasıdır.

- Bu model kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışına necə təsir göstərəcək? Bu sahədə gözləntiləriniz nədir?

- Belə deyək də: təsəvvür edin ki, siz fermersiniz, getmisiniz sahəniz üçün kredit almağa. Amma sizin risklərinizi qiymətləndirəcək, gəlirinizi müəyyənləşdirəcək mütəxəssis tapa bilmirsiniz. Üstəlik, bank sizə kredit vermək istəmir. Bildiyiniz kimi, Azərbaycanda aqrar sahə ilə işləyən bank bazarı, bank mütəxəssisləri faktiki olaraq yox səviyyəsindədir. Ümumilikdə, aqrar sahənin özündə mütəxəssis çatışmazlığı var, o ki, ola maliyyə sahəsi. Maliyyə sektoru - banklar aqrar təsərrüfatlar üzrə sahəni təhlil etməyə çətinlik çəkir, bu sahədə müvafiq təcrübə və biliklər çox aşağıdır. Yəni aqrar istehsalçıya kredit verməsi üçün bank işçisinin həm maliyyə savadı olmalıdır, həm də kənd təsərrüfatı barədə bilikləri. Bununla yanaşı, kənd təsərrüfatı çox riskli sahədir - təsadüfi deyil ki, aqrar istehsalçılar bir çox hallarda “bizim işimiz Allaha qalıb” deyimindən istifadə edirlər. Burada əlbəttə, aqrar sektorda məhsul itkisinə gətirib çıxaran təbiət hadisələri nəzərdə tutulur: quraqlıq qədər həddindən artıq yağıntılar da məhsuldarlığa mənfi təsir edən amillərdəndir. Bundan əlavə, vəhşi heyvanların hücumu belə kəndlinin təsərrüfatına zərər vura bilər. Buna görə də aqrar sığorta olmadıqda banklar aqrar istehsalçılara kredit vermək istəmirlər. Sığorta olduqda banklar əmin olacaqlar ki, dövlət-özəl əməkdaşlığı şəraitində kəndlilər təsərrüfatlarına dəyən zərərin əvəzini ala biləcəklər. Yəni aqrar sığortanın tətbiqi bankların bu sahədəki risklərinin 80-90 faizini aradan qaldırmış olacaq. Bu isə aqrar istehsalçıların banklardan kredit alması asanlaşacaq, banklar bu sahəyə istiqamətlənəcəklər.

- Bəs sığorta prosesində kənd təsərrüfatı istehsalçılarına dövlətin hansısa dəstəyi nəzərdə tutulurmu? Bilirik ki, Azərbaycanda ümumilikdə sığorta bazarı elə də yüksək inkişaf etməyib, insanlar ödəniş edib əmlaklarını sığortalamağa meylli deyillər. Bu baxımdan aqrar istehsalçıların sığorta haqqı ödənişlərində dövlətin iştirakı nəzərdə tutulurmu?

- Bəli, dövlət bu məsələdə də aqrar istehsalçılara dəstək verəcək. İlkin mərhələdə dövlət aqrar istehsalçıların sığorta haqqının 50 faizini dövlət ödəyəcək. Bu, məhsuldan asılı olaraq dəyişə biləcək. Düşünürəm ki, ilk illərdə fermerlərin 10 faizi sığortadan yararlanacaq, daha sonra bu göstərici getdikcə artacaq. Yəni istehsalçılar görəcəklər ki, sığortalanmaq hansı üstünlüklər yaradır. Dünya təcrübəsi də göstərir ki, aqrar sığortanın inkişafı, təkmil bir sistemin oturuşması üçün 10 il vaxt lazım gəlir. Biz əlbəttə, çalışacağıq ki, daha qısa müddətdə fermerlərin sığorta sistemindən faydalanmasına nail olaq.

- Dövlətin bu prosesdə iştirakı nə qədər davam edəcək? Hansısa mərhələdə dövlət aqrar sahənin sığortasındakı iştirakdan çəkiləcəkmi?

- Bütün dünyada dövlətin aqrar sığorta sahəsində iştirakı davamlı olur. Yəni bu, elə bir sahədir ki, dövlətin dəstəyinə həmişə ehtiyac var. Bu baxımdan, Azərbaycanda da dövlətin sığorta yığımlarında 40-50 faizlik iştirakı daimi olacaq.

- Modelin tətbiqi üçün nə qədər vəsait tələb olunacaq?

- İlkin mərhələdə, təxminən, 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq. Bu sahədə subsidiyalaşdırma üçün 1-ci il 8,5 milyon manat, 2-ci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mexanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...