Milli Məclisdə “ağıllı” telefon qadağasının əsası varmı?

Milli Məclisdə “ağıllı” telefon qadağasının əsası varmı?

Zahid Oruc: “Bu gün elektron casusluq elə bir səviyyəyə gəlib çıxıb ki, şəxsin özünün də xəbəri olmadan onun “smartfon” və ya “android” tipli mobil telefonu hansısa səs və ya görüntünün ötürülməsində istifadə edilə bilər”

Asim Mollazadə: “Mən bu qadağanın əleyhinəyəm, Milli Məclis dövlət sirlərinin saxlandığı bir obyekt deyil”

2014-cü il yanvarın 1-dən etibarən Milli Məclisə “smartfon” və “android” tipli telefonla giriş qadağan olundu.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu mətbuata bildirdi ki, parlamentin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidirlər: “Bu, Milli Məclisə daxil olan hər kəsə aiddir. Burada vəzifə bölgüsü aparılmır. Deputatlardan tutmuş, Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq, bu avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Bəs, görəsən üzərindən uzun bir müddət keçməsinə baxmayaraq, bu qadağa hələ də qüvvədədirmi? Dünya siyasətçilərinin ən son model “smartfon”lardan istifadə etdiyi və onunla istənilən dövlət qurumuna daxil ola bildiyi bir dövrdə Azərbaycanda Mili Məclisə “smartfon” və “android” tipli telefonla girişin qadağan olunması nə dərəcədə doğrudur?

Bu suallara cavab tapmaq üçün yenidən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu ilə əlaqə saxladıq. O, bildirdi ki, ötən il verilən qadağa qüvvədədir və vəzifəsindən asılı olmayaraq, hər kəs “smartfon” və “android” tipli elektronik cihazları qapıda təhvil verdikdən sonra Milli Məclisin binasına daxil ola bilər.

Bu qadağa ilə bağlı deputatların da rəyini öyrənməyə çalışdıq.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirdi ki, bu qadağa onun üçün əhəmiyyət daşımır: “Mənim heç zaman “android” tipli mobil telefonum olmayıb. Bu baxımdan, bu qadağa mənim üçün heç vaxt problem yaratmayıb”.

Millət vəkili Asim Mollazadə isə bu qərarı əsassız adlandırdı: “Mən prinsipcə bu qadağanın əleyhinəyəm. Mənə elə gəlir ki, Milli Məclis dövlət sirlərinin saxlandığı bir obyekt deyil və bu qurumda nə qədər çox elektron şəffaflıq olsa, bir o qədər yaxşıdır. Bu qadağa səbəbindən mən də Milli Məclisə gedəndə başqa telefonlardan istifadə edirəm”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə bildirdi ki, “smartfon” və “android” tipli telefonla parlamentə girişinin qadağan olunması informasiya təhlükəsizliyi ilə bağlı atılmış addımdır: “Əlbəttə etiraf etmək lazımdır ki, bu qərar verilərkən parlamentdə birmənalı qarşılanmamışdı. Bir çoxları bu qərarın təhlükəsizlik məsələləri ilə nə dərəcədə uyğun olduğunu aydınlaşdırmağa çalışırdılar. Hətta bununla bağlı müraciətlər də olmuşdu. Təhlükəsizlik orqanları bu müraciətlərə cavab vermişdi və bunu bütövlükdə cəmiyyətlə bölüşmək mümkün deyil. Düzdür, Avropa ölkələrinin əksəriyyətində “smartfon” tipli telefonla istənilən tədbirlərə qatıla bilərik. Bununla bərabər, ondan məlumatlı deyilik ki, həmin ölkələrdə bu kommunikasiya vasitələrinin görə biləcəyi hansısa fəaliyyətin görüntü və səsin ötürülməsinin qarşısını almaq üçün hansı tədbirləri görürlər. Bu məsələni bilməməyimiz bizim bu qadağanın səbəbini sona qədər başa düşməyə imkan vermir. Təhlükəsizlik sektoru mənim fəaliyyətimə yaxın sahə olduğundan bu qadağanın səbəbini açıqlaya bilərəm. Burada söhbət parlament üzvlərinə casus kimi baxılmasından getmir. Bu gün elektron casusluq elə bir səviyyəyə gəlib çıxıb ki, şəxsin özünün də xəbəri olmadan onun “smartfon” və ya “android” tipli mobil telefonu hansısa səs və ya görüntünün ötürülməsində istifadə edilə bilər. Bəzən insan özü də bilmədən bu telefonu daşımaqla, hansısa casus qruplarının əməliyyatlarının iştirakçısına çevrilə bilər. Parlamentdə də müəyyən məxfi sənədlərin dövriyyəsi mövcuddur. Burada hökumət strukturlarının, diplomatik korpusların məktub və müraciətləri ola bilər. Bu məlumatların yayılmaması üçün “smartfon” telefonlar qadağan olunub. Ola bilər ki, nə zamansa bu qadağa aradan qaldırılsın. Ancaq indi faktiki olaraq mövcuddur. Biz də qanunun tələblərinə uyğun olaraq, Milli Məclisdə daha sadə telefonlardan istifadə edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...