Sahib Kərimli Əli Kərimlinin zəif cəhətlərini sadaladı - STATUS

Sahib Kərimli Əli Kərimlinin zəif cəhətlərini sadaladı -


AXCP sədri olmaq iddiasını ortaya qoyan, buna görə də partiyadaşlarının bir qrupu tərəfində "satqın" adlandırılan partiya funksioneri Sahib Kərimli dünən gecə sosial şəbəkədəki səhifəsində növbəti yazısını paylaşıb. Musavat.com S.Kərimlinin yazısını təqdim edir:

"Əli Kərimli məndən təcrübəlidir, siyasəti daha yaxşı bilir, daha məlumatlıdır. AXCP-yə 20 ildir faktiki rəhbərlik edir, strukturların formalaşdırılması, insanların cəlb edilməsi onun iradəsi ilə həyata keçirilib. Xarizmatik liderdir, partiyada fanatik tərəfdarları var. AXCP-nin indiki qurultay dönəminə ölkənin əsas müxalifət liderlərindən biri kimi daxil olur. Konfranslar onun nəzarətində keçirilib. Protest elektorat arasında populyardır, ona qarşı olan mövqeyə neqativ yanaşma meylləri güclüdür. Əlində resurslar var. Bunlar Əli bəyin güclü tərəfləridir və ona iddiasını reallaşdırmaq üçün əsaslar verir.

Mənim bir siyasətçi və AXCP sədrliyinə iddialı namizəd kimi qələbəmi şərtləndirəcək əsas amillər aşağıdakılardır.

Əli Kərimlinin zəif tərəfləri.

Əli Kərimli 20 ildən çoxdur ki, lider həyatı yaşayır, cəmiyyətlə təması zəifdir, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilmir, ünvanladığı mesajlarda hədəf qruplarını doğru seçmir.

Avtoritar idarəetməyə meyllidir, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçir. İdarəetmədə özünə güvənir, fərqli düşüncəyə dözümlü deyil.

Partiya həm də ictimai institutdur, lakin AXCP də kadr hazırlığı sahəsində maarifləndirici fəaliyyət olmayıb. AXCP ideoloji boşluqdadır, akademik fəaliyyətlər ümumiyyətlə yoxdur.
Partiyada sənədləşmə işi çox zəifdir, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur.

Resursların idarə olunmasında şəffaflıq və hesabatlılıq yoxdur.

Partiya strukturlarının bir çoxu fəaliyyətsizdir, sınaqdan çıxmış mexanizmləri fəaliyyətsizləşdirməyə meyllidir.

Komandasını və dostlarını tez-tez itirir, insanlarla münasibətlərdə ardıcıl deyil. Partiya 15 ildə onlarla önəmli siyasi şəxsləri itirib, strukturları zəifdir.

İctimai sektorda və real müxalifətdə olan tanınmış nüfuzlu adamlarla şəxsi münasibətləri korlamağa meyllidir. Siyasətin təbiətinə zidd olaraq, fərdlərdən və ya hər hansı strukturdan küsülü qalmağa, kommunikasiyanı tam və ya fasilələrlə kəsməyə həvəslidir. Demokratik qüvvələrin geniş koalisiyasını yaratmaq imkanları minumumdur.

Sədr olduğu 15 ildə müsbət nəticələr əldə olunmayıb, məramnamə öhdəlikləri yerinə yetirilməyib. Partiyanı hakimiyyətə gətirə bilməyib.

Məni iddialı edən və qələbəmi şərtləndirən amillər.

Siyasi fəaliyyətim dövründə hər kəsin fəaliyyətini yaxından müşahidə edib, doğru və ya yanlışlarını təhlil etmişəm. Heç kimlə konfliktim yoxdur, hər kəslə dialoqa açığam.
Bir siyasətçi kimi iddialı olsam da, idarəetmədə kollegiallığın əhəmiyyətini yüksək qiymətləndirirəm. Bütün sahələr üzrə mütəxəssis qrupları ilə işləmədən uğur qazanmağın mümkün olmayacağına inanıram. Uğuru paylaşmaqdan zövq alıram. Çox başın ümumi mənafe üçün birgə çalışması daha münasibdir, faydalıdır.

Çox sayda, fərqli sosial qruplardan şəxsi dostlarım var. Komplekslərim yoxdur. Dost dediklərimin heç birinin, məni şirnikləndirici vədlər qarşısında satacağına inanmıram. Dost itirməyim yadıma gəlmir, bu illər ərzində onların ciddi dəstəyini görmüşəm. Sevginin paylaşdıqca gözəlləşdiyinə, gücün birlikdə olduğuna inanıram.

Region ölkələrini və Azərbaycanın əksər bölgələrini gəzmişəm, insanları ilə yaxın təmaslarım olub. İnsanların nə düşündüklərini, həyat qayğılarını öyrənməyə və müşahidə etməyə çalışmışam. Bu, mənə, verəcəyim mesajların hədəfə çatması baxımından imkanlar qazandırıb.

Həbsxana həyatı yaşamışam. Mindən çox adamın yaxın müşahidəsi altında birgəyaşayışın çətinliklərini öyrənmişəm. Əhəmiyyətli həyatı təcrübələrim var.

Siyasi fəaliyyətim dövründə, mövcud şərtləri nəzərə alıb, yaşamağım üçün müxtəlif biznes layihələrim olub. Qeydiyyatda olduğum ərazi vergilər idarəsində nümunəvi vergi ödəyicisi hesab olunmuşam. Gəlirlərim və əmlakım haqqında şəffaf hesabat verə bilərəm.
İllərdir partiyadaxili demokratiyanın gücləndirmək üçün ardıcıl fəaliyyətlər göstərmişəm, partiya daxilindən və ictimai sektordan ciddi dəstəyim olduğuna inanıram.

Yeni siyasi iddialarımla, həm də yeni sima hesab oluna bilərəm və gəncliyin ruhuna daha yaxınam.

Siyasi ritorikam və münasibətlərim imkan verir ki, milli-demokratik qüvvələrin geniş birliyinin yaradılmasında önəmli rol oynayım. Ölkə avtoritarizmdən əziyyət çəkir, islahatlara ciddi ehtiyac var. Hakimiyyətə gəlmək üçün bütün mümkün yolları məqbul bilən anlayışdan uzağam, seçkili demokratiyanın alternativi yoxdur. Əsas günahkarın hakimiyyət olduğu qarşılıqlı nifrət ortamının aradan qaldırılması zərurətdir. Siyasətçilərin düşmən və qisascıl rəqabəti cəmiyyəti gərir, sistemi sağlamlaşdırma fürsətləri qaçırılır. İnanıram ki, AXCP 27 sentyabrda demokratik seçki keçirəcək, cəmiyyətə göstərə biləcək ki, bu təşkilat dövlət idarəçiliyi ilə bağlı məsuliyyəti üzərinə götürə bilər.

İnanıram ki, seçki prosedurlarına əməl olunacaq və cəmiyyət görəcək ki, AXCP hüquq dövləti quruculuğunda ölkəyə faydalar gətirər. İnanıram ki, hamılıqla hər kəsin seçmək və seçilmək hüququna hörmətlə yanaşılacaq, tənqidə dözümlülük göstəriləcək və xalqımız tolerantlığımızı görəcək. Qalib gələcəyimə hər gün daha çox inanıram, tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənə, bu böyük etimadı göstərməsələr, sıravi cəbhəçi olaraq fəaliyyətimi davam etdirəcəm və bundan qürur duyacam".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...