Qabil Hüseynli: “Müsavatdakı proseslər partiyanı zəiflədir”
“Müsavat Partiyası 3-5 adamın ambisiyasına qurban verilməməlidir. Çalışmalıdırlar ki, partiyada hər şey nizamnamə daxilində cərəyan etsin”
Bunu Modern.az saytına Müsavat Partiyasının keçmiş başqan müavini, politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Müsavatın nizamnaməsində partiya üzvünün hüquq və vəzifələri müəyyənləşdirilib:
“Nizamnamədə həmin maddələri pozan şəxslər üzvlükdən çıxarıla bilər. Yəni partiya iclaslarında iştirak eləməyən, partiyanın həyatından uzaq düşən, burada ola-ola başqa partiyanın ideyalarını təbliğ edən adamlar partiyadan çıxarılır.
Müsavat Partiyasında baş verən hadisələr kifayət qədər qəliz və mürəkkəb xarakterlidir. Tərəflər arasında ciddi qarşıdurma var. Bəzi şəxslər Qubad İbadoğlunun başçılığı altında yeni yaradılan hərəkata üzvü olduğuna görə partiyadan uzaqlaşdırılıb. Hətta tövsiyə edirlər ki, onların özləri könüllü istefa versinlər. Çünki həmin şəxslər ya partiyada olmalıdırlar, ya da Qubad İbadoğludan uzaqlaşmalıdırlar.
Qubad İbadoğlunun hərəkatı partiyanın yeni rəhbərliyinin legitimliyini qəbul etmir. O biri tərəf isə yaranan fraksiyanın qanuniliyini, hətta nizamnaməyə zidd olduğunu iddia edir. Bu müstəvidə siyasi mübarizə gedir. Bu mübarizədə qalib gəlmək üçün partiyanın indiki rəhbərliyi müəyyən adamları Müsavatdan uzaqlaşdırır.
Arif Hacılının qanunsuz olaraq başqan seçildiyini deyənlər bunu sübut etməlidirlər. Yeni qurultayın çağırılmasını təmin etməlidir”.
Politoloqun fikrincə, Müsavatda gedən bu proseslər partiyanı zəiflədir:
“Hesab edirəm ki, partiyada gedən proseslər normal deyil. Çünki partiya zəifləyir. Müsavat tarixi bir partiyadır. Partiya Azərbaycanın tarixində böyük rol oynayıb”.
1 469 dəfə oxundu