Müxalifət seçkidən-seçkiyə niyə zəifləyir?

Müxalifət seçkidən-seçkiyə niyə zəifləyir?


Tural Abbaslı: “Üzvlərinin inamını itirən liderlər xalqdan dəstək istəyirlər”;

Natiq Miri: “Müxalifətin zaman-zaman hakimiyyətlə danışıqlara getməsi...”


Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkə gündəmində bir məsələni yenidən aktuallaşdırıb. Qarşıdan gələn seçkilər bir daha onu göstərdi ki, müxalifət seçkidən-seçkiyə zəifləyir. Xüsusilə, bu hal 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra yaranıb.

Keçən 12 il ərzində demokratik düşərgənin sürətlə iflasa uğradığını desək, yanılmarıq. 2003-cü il seçkilərində ciddi uğur qazanmasına baxmayaraq, qələbəsini rəsmiləşdirə bilməyən müxalifət iki il sonra “Azadlıq” bloku adlanan qurumda yenidən bir araya gəlib parlament seçkilərində qatıldı. Düşərgə hakimiyyətə əsas alternativ olmağı bacardı. 2003-cü ildəki “qan itkisinə” rəğmən müxalifət 2005-ci ildə yenidən toparlana bildi.

Bunun əsas səbəblərindən biri Gürcüstan, Ukrayna və Qırğızıstandakı demokratik inqiolabların qələbəylə sonuclanması idi. Azərbaycan müxalifəti və onu dəstəkləyən protest elektoratı bu 3 nümunədən ruhlanaraq yenidən siyasi mübarizə qalxdı. Lakin seçkilərə təxminən 20 gün qalmış Rəsul Quliyevin qayıdış projesinin iflasa uğraması müxalifəti yıpratdı. Ardınca nazirlərin həbsi prosesi tamamilə iqtidarın nəzarətinə keçirdi.

2005 fiaskosunun pik nöqtəsi 26 noyabr mitinqi oldu. Yanlış qərarın verilməsi (meydanda oturaq aksiya) mitinqin amansızlıqla dağıdılmasına, müxalifətin gücünün itirilməsinə səbəb oldu.

2010-cü ildə keçirilən parlament və 2013-cü il prezident seçkilərində demokratik düşərgə nəzərə çarpacaq cəhdlər etdi. Lakin bu da müxalifəti böhrandan çıxara bilmədi.
Maraqlı hal odur ki, müxalif insanlar da təmsil olunduqları quruma inanmırlar. Siyasi partiyaların keçirdiyi mitinqlərə heç öz üzvləri belə qatılmır. Müxalif rəhbərlər on minlərlə üzvlərinin olduğunu bar-bar bağırsalar da, mitinqlərinə 300-500 nəfərdən artıq insan gəlmir.
Müsavat başqanlığına keçmiş namizəd, “AĞ blok”un təsisçisi Tural Abbaslı hesab edir ki, nəticəsizlik önəmli deyil, əsas siyasi fiqurlara olan inamdır: “2000-ci ilin parlament seçkilərində Müsavat uğur qazandı. Bunun üstündən keçən üç il ərzində siyasi sfera daha da gücləndi. Buradan bir nəticə çıxır ki, nəticəsizlik önəmli deyil. Siyasi fiqurlara inam əsasdır. 2000-2003-cü illərdə minlərlə insan, tanınmış simalar proseslərə qoşuldu. Çünki aktivlik yüksək idi. Təəssüflər olsun ki, 2003-dən etibarən bu inam sarsılmağa başladı. Müxalifət əvvəlki mövqelərini sürətlə itirdi. 2005-ci ildə baş verən “narıncı inqilab”lar fonunda ölkəmizdə siyasi iqlim xeyli isindi. İnsanların içində ümid yarandı. Fəqət məhz bəzi müxalifət liderlərinin yanlış hesablamaları, taktiki davranışda yol verdikləri səhvlər müxalif düşərgəni labirintə saldı. Biz hələ də o labirintin içində vurnuxuruq”.

Tural Abbaslı onu da qeyd etdi ki, uğursuzluğun kökündə hakimiyyət kimi müxalifətdə də simaların dəyişməməsidir: “Müxalifət acınacaqlı vəziyyətə düşüb. İnkişaf tendensiyası yoxdur. Hələ də bunu dərk etməyən “liderlər” cəmiyyətin müqavimət gücünü getdikcə məhv edirlər. İnsanların demokratik yolla dəyişiklik olacağına inamları yoxdur. Bunun yeganə yolu müxalifətin daxilində yenilənmənin olmamasıdır. Artıq həyatın özü bu yenilənməni aparacaq. Çünki bu gün özünə lider deyənlərin əksəriyyətinin yaşı 60 civarındadır”.

“AĞ blok”un təmsilçisi müxalifətin mitinqlərinə üzvlərinin qatılmamasına da münasibət bildirdi: “Bu, inamsızlıqdan irəli gəlir. Müxalifət liderlərinin bir bəhanəsi var. İnsanların həbs edilməsi, qorxudulması, təzyiqlərə məruz qalması, cəmiyyətin passiv olması və bu kimi bəhanələr. Bu fikirləri yoxa çıxarmaq üçün bir faktı qeyd edim. 25 oktyabrda Müsavat mitinq keçirdi və 200 nəfərə yaxın insan qatıldı. Ondan bir gün əvvəl Aşura mərasim qeyd olundu. Bütün Azərbaycan üzrə bu dini mərasim icra olundu. Kimsə deyə bilməz ki, hakimiyyət bu məsələyə loyal yanaşır. Həmin gün baş verənlər onu göstərir ki, hakimiyyət bu sahədə də radikaldır. Buna baxmayaraq, Bakının 4-5 yerində on minlərlə insan yığışmışdı. Digər bölgələrdə də. Hər kəs polisin davranışından xəbərsiz deyildi. Bu onu göstərir ki, müxalifətə inam yoxdur. İnsanlar inandıqları amillər uğrunda sona qədər mübarizə aparırlar. Sadəcə xalqımız müxalifətə inanmır. Partiyalar öz üzvlərini saxlaya bilmirlər. Öz üzvlərinin inamını itirən liderlər xalqdan dəstək istəyirlər. Bu reallıqları görüb liderlər xalqa xidmət etməli, yenilənmənin qarşısına sədd çəkməməlidirlər. Dəstək olmurlarsa, köstək də olmasınlar”.
Politoloq Natiq Miri bildirdi ki, müxalifət hazırda parçalanmış vəziyyətdədir: “Parçalanmış müxalifətin zaman-zaman hakimiyyətlə danışıqlara getməsi hədəflərinə çatmağa ciddi əngəl olan amildir. İqtidar ciddi şəkildə siyasi partiyaların fəaliyyətinə məhdudiyyətlər yaradır. Maliyyə durumu ağır olan siyasi qurumun nəticə əldə edəcəyini düşünmək absurd olardı. Seçkilərdə müəyyən nəticələr qazanan siyasi qurumlar bunu rəsmiləşdirə bilmədilər və nəticədə etimadı itirdilər. Səslərin nəticəsiz olması toplumda seçkilərə inamsızlıq yaratdı. Məhz buna görə də insanlar seçkiyə getmirlər. Nəticədə siyasi partiyalara da təsirsiz ötüşmür. Qurumların fəaliyyətlərində ciddi nöqsanlar var. Daxildə demokratiya anlayışı yalnız kağız üzərində mövcuddur. Avtoritar idarəetmə sistemi bütün siyasi partiyalara siraət edib. Bir və ya bir neçə nəfərin iradəsi ilə partiyalar idarə olunur. Yeni gənc nəslin bu qurumlarda formalaşdırılmaması da zəifləmə cəhətlərindən biridir. Nəticədə gənclər də partiyalardan qopurlar”.

Politoloq müxalifətin mitinqlərə öz üzvlərini çıxara bilməməsinin səbəblərindən də söz açdı: “Bu, seçkiyə olan inamsızlıqla bağlı deyil. Bizdə müxalifət siyasi proses yaratmır, hakimiyyətin yaratdığı prosesin arxasında sürünür. Üzvlər hansısa ərizə, yaxud bir üzvün qohumları və dostları hesabına müəyyənləşir. Kritik vəziyyətdə bu insanları bir yerə toplamaq olmur. Çünki bu insanlar ideologiya daşıyıcıları deyillər. Belə üzvlər on minlərlə deyil, lap yüz minlərlə olsun, nəticə dəyişmir. Müxalifət sadəcə özünü aldadır. 500 nəfər olsun, amma sağlam əqidəli insanlar olsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...