“Müstəntiq məni aldatdı, qardaşımın üzünə durdum” - Ömürlük məhbusun bacısı
Modern.az saytı ömürlük məhbusların ailə üzvləri ilə müsahibələri yenidən davam etdirir. Budəfəki ailənin və məhbusun həyat dramı da çox təsirlidir:
GUNDEMİNFO.AZ həmin müsahibəni təqim edir:
- Alo, salam, danışan Maral xanımdır?
- Salam. Bəli... Kim idi?
- Maral xanım, sizi Modern.az saytından narahat edirik. Sizin ömürlük məhbus qardaşınızla bağlı reportaj hazırlamaq istəyirik. Əgər razısınızsa, görüşək...
- Vaqif Əliverdiyevə görə?
- Bəli.
- Onun heç bir günahı yoxdur... (təlaşla) Onun həqiqətən bir günahı yoxdur... Buyurun, gəlin.
-Olduqca məlahətli və həzin bir səs “Buyurun, gəlin” deyib heç bir etiraz etmədən təklifimizi qəbul etdi. Səsdə sanki bir az da sevinc duyulurdu. Sanki illərin yığılıb qalan həqiqətləri məhz bu zəngi gözləyirdi. Gözləyirdi ki, bir gün biri gələcək və həqiqətlər bütün çılpaqlığı ilə gün üzünə çıxacaq...
Həmin telefon söhbətinin səhəri günü Xocahəsənə, Maral xanımın evinə yollandıq. Evdə çox sakitlik idi. Bu evdə Maral xanım tək yaşayır.
Maral xanımın evinə gəlməzdən öncə müsahibimiz haqda az-çox məlumatımız var idi. Lakin söhbət əsnasında elə mətləblərin üstü açıldı ki, gəl görəsən...
Əlbəttə, ziyarətimizin səbəbkarı - ömürlük həbsə məhkum Vaqif Əliverdiyevlə söhbətləşmək istəyərdik... Amma nə yazıq ki, bu, bizdən asılı olmayan bəzi səbəblərdən mümkün deyil.
İndi mətləbə keçək, haqqında söhbət açacağımız Vaqif Əliverdiyevin 55 yaşı var. 2004-cü il mayın 16-da evində qonağı ilə birgə çörək yeyən zaman bacısının həyat yoldaşı içkili halda gəlib ondan borc pul istəyib. Borc vermək imkanının olmadığını söyləyəndə kürəkən cib bıçağı ilə ona ağır bədən xəsarətləri yetirib. Bunu görən Vaqif Əliverdiyevin kiçik qardaşı Vidadi Əliverdiyev mübahisə nəticəsində mətbəx bıçağı ilə öz bacısının həyat yoldaşını öldürüb. Vaqif Əliverdiyev kiçik qardaşının həbsə düşməsini istəmədiyindən cinayəti öz boynuna alıb. Onu da qeyd edək ki, Vaqif Əliverdiyev bu cinayətdən də əvvəl cinayət törədərək həbsə düşüb. Lakın bacısı Maral xanımın sözlərinə görə, həmin cinayətdə də qardaşı suçsuz olub. Şərləyərək içəri atıblar.
Lakin sonra tale elə gətirib ki, kiçik qardaş Vidadi Əliverdiyev də cinayət törətdiyini etiraf edərək ədalət qarşısında boyun əyib və təslim olub. 15 il müddətində azadlıqdan məhrum edilib. Hazırda o da 1 saylı cəzaçəkmə müəssisəsindədir. Artıq 12 ildir məhbəs həyatı yaşayır...
Məsələnin ən qaranlıq tərəfi odur ki, Vidadi Əliverdiyevin etirafına və həbsinə baxmayaraq, Vaqif Əliverdiyevə əvvəl də cinayət törətdiyi və bu əməlinə görə yalan söylədiyi üçün ömürlük həbs cəzası verilib. Vaqif Əliverdiyev hazırda Qobustan həbsxanasındadır.
Məhkum qardaşların bacısı Maral Əliverdiyeva baş vermiş hadisəni belə nəql edir:
“Fakt budur ki, mənim böyük qardaşımın heç bir günahı yoxdur. Yoldaşıma bıçaq çəkən kiçik qardaşım olub. O yazıq da, özünü müdafiə məqsədilə belə edib. Yoldaşım içkili halda Vaqifə bıçaq zərbələri endirib. Bundan kiçik qardaşım xəbər tutaraq hadisə yerinə gəlib çatanda yoldaşıma deyib ki, gəl Vaqifi xəstəxanaya aparaq, bu işdən heç kəs xəbər tutmasın. Mənə görə, kiçik qardaşım da yoldaşımın etdiyini görməzdən gəlmişdi ki, ailəsi, uşaqları var. İçkili başda ağıl olmur, düz deyirlər. Yoldaşım içkili halda əsəbiləşib kiçik qardaşıma da zərbələr endirəndə məcburən o da özünü qorumaq məqsədilə həmin bıçaqla yoldaşıma zərbələr vurub. Bunları xəstəxanaya apardıqdan sonra artıq ayılanda böyük qardaşım cinayəti öz üstünə götürdü. Kiçik qardaşımızın həyatını məhbəslərdə puç olmasını istəmədi. Amma vəziyyət elə gətirdi ki, ikisinin də həyatı puç oldu. Yoldaşımın 3-ü günü kiçik qardaşım özü təslim oldu.
Yoldaşım tərəf bir az imkanlı olduğundan pulla vəziyyəti öz xeyirlərinə həll elədilər. Dəfələrlə müstəntiq bizə gəlib rüşvət istəmişdi. Bildirirdi ki, “böyük qardaşınızın günahı yoxdur, siz mənə pul verin, torpaqları keçirin mənim adıma, məsələni sizin xeyrinizə həll edim”.
Amma bizdə pul nə gəzir? Kasıb görüb cinayəti elə hər iki qardaşımın üstünə yüklədilər. Hətta məhkəmədə də o müstəntiq mənə demişdi ki, Vaqifin üzünə durum. Yalançı şahidlik edim ki, guya, cinayəti törədən Vaqifdir. Guya Vaqifin xeyrinə olacaq deyə, məni də yalandan aldadıb qardaşımın üzünə durdurdular. Qaynımgil hamımızın yerinə yalandan şahidlik elədilər, yazdılar. Hamısı pula görə oldu. Ən böyük vicdansızlığı yoldaşım tərəfi, ondan sonra da bu məhkəməyə baxan müstəntiq elədi. Bunu Allah götürməz! Böyük qardaşım pula görə ömürlük cəza çəkir, heç nədən, günahı olmadan...”.
Maral Əliverdiyeva danışa-danışa nə qəzəbinə, nə də göz yaşlarına hakim ola bilirdi. Qarşımda duran bu biçarə qadın həm qardaşlarına görə vicdan əzabı çəkir, həm də öz acınacaqlı taleyindən köks ötürərək başına gələnləri nəql edirdi:
“Yoldaşım çox pis insan olub. Dəfələrlə mənim də üstünə bıçaqla gəlib. Üzümdəki bu izləri görürsənmi, hamısını o, edib. Bütün günü içirdi. Üstündə də həmişə bıçaq olurdu. İçib gecə-gündüz əlindəki bıçaqla qanqaraçılıq yaradırdı. Neçə dəfə ona demişdim ki, az içsin, bu bıçaqla az oynasın. Axırda ya mənim özümü, ya da mənimkiləri xətaya salacaq. Elə belə də oldu. Rəhmətlik anam bir dəfə demişdi ki, “sənin yoldaşın övladlarımı bədbəxt elədi. Nə özün bir gün gördün, nə də mənim balalarım”. Bu söz heç vaxt yadımdan çıxmaz. Yazıq anam elə dərddən öldü. Bütün günü qardaşlarıma görə gözləri yolda qalmışdı. Bizim dərdimiz yazıq arvadı xəstə saldı. Qucağında qardaşlarımın şəkilləri ilə can verdi...”.
Müsahibimiz dediyi hər kəlmənin sonunda göz yaşları axıdaraq, yenidən söhbəti davam etdirir:
“Elə böyük vicdan əzabı var ki içimdə... Hər dəfə qardaşıma baş çəkməyə gedəndə, onu elə görüb qayıdandan sonra nə qədər əsəb, stress keçirirəm, göz yaşı axıdıram. Hər dəfə onun zəngi gələndə günlərlə ağlayıram. Boğazımdan yemək nədir, su keçmir... Hər dəfə zəng edəndə deyir ki, turşu istəyir, nə bilim filan şeyi istəyir. İnanırsınız, yeməklə turşu yeyə bilmirəm. Qardaşım gözümün qabağına gəlir, boğazımdan heç nə getmir. Çünki mənim üçün pis qardaş olmayıblar. Əgər bu əməldə qardaşlarımın zərrə qədər günahları olsaydı, ölərdim, yoldaşımı heç kəsin ayağına verməzdim. Amma onlar həmişə mənim arxam, dayağım olublar. Borca düşəndə həmişə onlara üz tutmuşam. Nəyəsə ehtiyacım olanda, nəsə bir şey istəyəndə, həmişə əl tutublar. Yoldaşım işləmirdi, içib bıçaqla oynayırdı. Körpə vaxtlarında uşaqlarımı qutularda gizlətmişəm ki, birdən içib uşaqlara bıçaqla nəsə edər. Onları zülmlə böyütmüşəm. İnanırsınız, ataları öləndə oğlum mənə deyirdi ki, “nəyə ağlayırsan, biz ondan nə atalıq görmüşük ki?”. Oğlum deyir, “mən elə gözümü açandan sənin qanın üstünə tökülüb”. Qızım da oğlum kimi fikirləşirdi. Hər ikisi evlidir, qızım Xaçmazda ərdədir.
Amma bu məşəqqətlərə dözmüşəm. Ailəmiz haqda pis heç nə deməsinlər deyə, susub hər şeyə razı olmuşam. Biz tərəflərdə boşanıb gəlib ata evində oturanlara yaxşı baxmırlar. Hətta bəzən bezmişəm yoldaşımdan, onun əlindən güc-bəla ilə qaçıb özümüzünkülərə demişəm ki, daha dözə bilmirəm. Qardaşlarım məni onun yanına göndərərək deyiblər ki, get, nə qədər pis kişi olsa da, yoldaşındı. Yoldaş arvadını döyər də, söyər də. Amma mənim yoldaşım qardaşlarım kimi qeyrətli çıxmadı. Məni onların yanında pis vəziyyətdə qoydu...(ağlayır)”
Maral xanım söhbət əsnasında arada keçmiş, mehriban günlərini də yada salırdı:
“Biz çox mehriban ailə olmuşuq. 4 qardaş, 2 bacıyıq. Gedin maraqlanın, Xaçmazda heç kəs bizdən pis heç nə deməyəcək. Çünki biz ailə tərbiyəsi görmüşük. Qardaşlarımın 4-ü də ağıllı-tərbiyəli, kənddə barmaqla göstərilən uşaqlar olublar. Böyük qardaşım həmişə tərbiyəli, yerini bilən insan olub. Niyə sonradan bu tale ilə üzləşdik, baş açmıram. Atam tez rəhmətə gedib. Hərdən oturub düşünürəm ki, bəlkə də o, başımızın üstündə olsaydı, bütün bunların heç biri baş verməzdi. Anam da dərddən getdi... (ağlayır). 2009-cu ildə rəhmətə gedib. Sağlam arvad idi, bizə görə yorğan-döşəklərə düşdü. Anam getdi, qardaşlarım da bədbəxt oldu.
Anam rəhmətə gedən günü sanki qardaşımın ürəyinə dammışdı. Həmin günü zəng elədi. Zəng gününə düşmüşdü. Dedi ki, “nəsə ürəyim darıxır, sıxılıram”. Amma biz həmin gün ona pis olmasın deyə, anamın rəhmətə getdiyini demədik. Növbəti həftə yanına gedəndə bu haqda məlumat verdik.
Qardaşım bu xəbəri eşidib çox pis olmuşdu. Deyirdi, imkanı olsa, asıb özünü öldürər, bezib bu həyatdan (ağlayır).
Anam öləndən sonra kəndə getmirəm. Yalnız qəbrini ziyarət edib gəlirəm. Gedə bilmirəm, ürəyim sızıldayır...
Yoldaşım ailəmi alt-üst elədi. Böyük bacım bir dəfə gedib qardaşımı Qobustanda ziyarət edib gələndən sonra gözləri tutuldu. Qardaşımı elə görüb özünə gələ bilməmişdi. Digər iki qardaşım xəstədir. Hamının ailəsində, ev-eşiyində problem var.
Amma inanırsınız, bütün olanlardan sonra qardaşlarım bircə dəfə çönüb mənə güldən ağır söz deməyiblər. Çünki onlar da bilirlər ki, mən gün görməmişəm. Hər dəfə Vidadinin yanına gedəndə deyir ki, bağışla, sənin ailəni mən məhv elədim, uşaqlarını atasız qoydum. Böyük qardaşım apardığım paltarları, yemək-içməyi geri qaytararaq deyib ki, “sən kasıbsan, apar bunu öz balalarına, nəvələrinə yedizdir, mən yaxşıyam”... (ağlayır).
Sabir adlı o müstəntiq çox vicdansızlıq etdi. Pula görə çox gəlib-getdi. Axırda gördü ki, başsız ailədir, yüklədilər hər şeyi qardaşlarımın üstünə. Bacını qardaşla, qardaşı qardaşla üz üzə qoydu. Məhkəmə də qapalı keçirildi. Xaçmazın məhkəmələrində də çox qanunsuzluq var. Heç nə, qardaşım pulsuzluqdan, günahsız yerə ömürlük aldı. Vallah, onun heç bir günahı yox idi...
O gündən bu yana qardaşım hər yerə yazır. Dəfələrlə prezidentə, Mehriban Əliyevaya yazıb. Hələ ki xeyri yoxdur”.
Maral Əliverdiyevanın gözləri yolda, dərindən ah çəkərək sözünə davam edəndə adama elə gəlirdi ki, sanki bu andaca evin soyuq divarları üstünə gəlir:
“Həyatda ən böyük arzum hər iki qardaşımı azadlıqda görməkdir. O insana qurban kəsərəm ki, böyük qardaşımın azad olduğunu gəlib mənə desin. İnanın Allaha, həmin gün mənim həyatda ən xoşbəxt günüm olar. Ümid edirəm ki, nə vaxtsa Vaqifi azadlıqda görəcəyəm...
Allah bütün məhbusların qapısını açsın, mənim qardaşlarım da onların içində olsunlar...”.
1 162 dəfə oxundu