Lənkəranda sel faciəsi: 1300 ev su altında qaldı
Lənkəranda sel sularının kəndləri basması nəticəsində 500-ə yaxın ailə təhlükəsiz əraziyə köçurulub, 1300-ə yaxın yaşayış evi su altında qalıb.
Bu barədə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilb ki, oktyabrın 30-da yağan yağışlar axşam saatlarında daha da intensivləşərək güclü sel yaradıb və kütləvi daşqınlara səbəb olub: “Lənkəran çayının daşması nəticəsində rayonun Yuxarı Nüvədi və Sütəmurdov kəndələrində sahilyanı evlər su altında qalıb, 18 evin sakinləri FHN-nin əməkdaşları tərəfindən təhlükəsiz yerə köçürülüb. Eyni vaxtda rayonun Bürcəli və Şürük kəndlərində 35 ev həyət təsərrüfatı ilə birlikdə su altında qalıb. Sel İstisu qəsəbəsində ciddi təhlükə yaratdığından çay sahili ərazilərdən 100-dək ailə köçürülüb”.
Qurumdan onu da bildiriblər ki, İstisu qəsəbəsinin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində daha bir dəmir-beton konstruksiyalı körpü uçduğundan nəqliyyat əlaqəsi kəsilib: “Girdəni kəndinin 200-dək evinin sakinləri təhlükəsiz yerə köçürülüb. Vilvan kəndi ərazisində 50-ə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil körpüsünün bir hissəsi ucaraq yararsız vəziyyətə düşüb və 120-dən çox ailənin yaşadığı məhəllə ilə nəqliyyat əlaqəsi kəsilib. Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb”.
İcra hakimiyyətindən verilən məlumata görə, Dağlıq ərazidə yerləşən Biləsər, Alazəpin, Daşdatük, Tuədo, Köhnəgəgir, Gəgiran və Diryan kəndləri ərazisində dərələrdən yığılan yağış suları güclü selə çevrilərək torpaq sürüşmələrinə səbəb olub. Lənkəran çayı boyunca yerləşən Siyobili, Təngivan, Şovu və Əşlə kəndlərində sel kəndara yollarını yumuş və Siyabili kəndində avtomobil körpüsü dağıdılıb.
Boladı çayının daşması nəticəsində sahil boyu sel həyətləri, 300-ə qədər evi və iri heyvandarlıq təsərrüfatı olan fermanı su basıb, 1 dəmir konstruksiyalı körpu uçub. Məlumata görə, hazırda həmin ərazidə daşqın bir az da güclənib: “Leysan yağışlar və daşqınlar nəticəsində əhaliyə ciddi ziyan dəyib, fərdi təsərrüfatlarda əkinlər sıradan çıxıb, iribuynuzlu və xırdabuynuzlu heyvanlar, ev quşları tələf olmuş, arı pətəyləri sıradan çıxıb”.
Hadisə ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə rayon fövqəladə hallar komissiyasının təcili yığıncağı keçirilib.
İcra hakimiyyətindən verilən məlumata görə, ümumilikdə 500 yaxın ailə təhlükəsiz əraziyə köçurulub, 1300 yaxın yaşayış evi su altında qalıb.( AzNews.az)
1 649 dəfə oxundu