Bakı və Moskvanın iqtisadi açılım planları: Ermənistan seçim etməlidir - TƏHLİL

Bakı və Moskvanın iqtisadi açılım planları:

Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq kontekstində iqtisadi münasibətlər mexanizminə gətirilən praqmatik yanaşma Azərbaycanla Rusiya arasındakı əlaqələrin təməllərini daha da möhkəmləndirir.

Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirilən ikitərəfli görüşdə liderlərin səsləndirdikləri bəyanatlar iqtisadi açılımın müddəalarını özündə əks etdirir.

Azərbaycanın ixrac və idxal payında Rusiyanın çəkisi

Rusiya Azərbaycanla yüksək iqtisadi əlaqələrə malikdir. Ən son statistik məlumatlara əsasən, Azərbaycanın ümumi ixrac payında Rusiya üçüncü yeri tutur. Qeyri-neft məhsulları üzrə isə Azərbaycanın ixrac indeksində Rusiya birinci yerdə qərarlaşır.

Ölkəyə ən çox Rusiyadan məhsul idxal olunur. Bunlar barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

Vladimir Putin görüşdə deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir.

Türkiyə və Rusiyanın arteriyaları birləşir

2020-ci ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın qələbəsi ilə sonlandıran üçtərəfli bəyanatın imzalaması Kreml-Bakı münasibətlərində yeni perspektivlər açır. Bəyanatın mətnindən irəli gələn öhdəliklər fonunda yeni əməkdaşlıq formatı yaranır, piramidanın düz başında isə Azərbaycanın diktə etdiyi maraqlar dayanır.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş ikitərəfli münasibətlərin də xeyrinə olacaq.

“Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək”, - Putin belə qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan növbəti üçtərəfli bəyanatın iqtisadi-ticari əhəmiyyətindən danışıb.

İlham Əliyevin bəyanatını yeni iqtisadi açılımın palitrasında Azərbaycanın Ermənistana verdiyi seçim, Rusiyanın Türkiyə ilə quru əlaqələrinin yaradılması kimi dəyərləndirmək olar.

Belə ki, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan bununla Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək. Həmçinin Türkiyənin və Rusiyanın dəmir yolu arteriyalarının birləşəcəyini vurğulayıb.

“Yəni, bu bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcək”,- deyə Prezident İlham Əliyev bildirib.

“Dəmir yumruq” Ermənistanın o biri “gözünü” də kor edə bilər

İqtisadi münasibətlər diplomatiyada uğurun, siyasi əlaqələrin, hərbi-texniki əməkdaşlığın dərinləşməsinin başlıca qarantıdır. Rusiyanın Azərbaycanla əlaqələrində hərbi-texniki əməkdaşlıq da mühüm çəkiyə malikdir.

Azərbaycan Ordusunun arsenalında Rusiya silahları da “atəş”ə hazır vəziyyətdədir. Açıqlanan son rəqəmlərə əsasən, Azərbaycan bir neçə ildə Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı mallar, o cümlədən silahlar alıb.

Bəyanatdan sonra regionun iqtisadi obrazının müsbətə doğru dəyişməsi ilə paralel olaraq Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın dərinləşəcəyini də söyləmək olar.

İki ölkə prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar Rusiya ilə Azərbaycanın münasibətlərin hərtərəfli inkişafına daha da təkan verəcək.

Bu formatda Ermənistana da necə deyərlər şans tanınır və seçim İrəvanın özünə qalır.

İrəvan ya işğalçılıq siyasətindən, ürəkbulandıran davakar ritorikadan əl çəkib, revanşizmi unudub bərpa, əməkdaşlıq prosesinə qoşulacaq ya da yenə kənarda qalıb regional və beynəlxalq layihələrə həsədlə baxacaq. Əgər baxa biləcəksə. Çünki ikinci seçim Ermənistanın sonunu sürətləndirəcək, Vətən müharibəsindən sonra o biri “gözünü” də itirməsinə gətirib çıxaracaq – unutmaq lazım deyil ki, “Dəmir yumruq” həmişə gündəmdədir…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...