“Ermənistanın qarşısında iki yol var” - SETA-nın baş koordinatoru
“Qardaş iki ölkənin Qarabağdakı zəfərdən sonra əməkdaşlığı necə qurması ilə bağlı araşdırmalar aparmaq bizim borcumuzdur”.
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda SETA baş koordinatoru, Türkiyə Respublikası Prezident Administrasiyası, Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duran deyib.
O bildirib ki, iki ölkənin əlaqələri dərin tarixi köklərə malikdir: “Dağlıq Qarabağ zəfəri ilə iki ölkə arasında əlaqələr yeni dönəmə keçib. Ermənistanın uzlaşmaz reaksiyası, Dağlıq Qarabağda yaşanan proseslər Azərbaycan və Türkiyənin istədiyi kimi nəticələnib. Azərbaycan əks-hücumu nəticəsində əhəmiyyətli zəfər əldə edib. Türkiyənin Azərbaycanın yanında olmasını Ermənistan təxribat kimi istifadə etməyə çalışıb. Ancaq bütün bu cəhdlər boşa çıxdı. Azərbaycanın zəfəri regionda təhlükəsizliyin və sülhün təmin olunması üçün əhəmiyyətlidir. 44 günlük savaş sonunda əldə edilən zəfər Azərbaycanın tarixində çox böyük əhəmiyyətə malikdir. Dağlıq Qarabağ zəfərində Türkiyənin Azərbaycanın yanında olmasına qarşı bir çox dövlətdən sərt reaksiyalar gəldi. Amma Türkiyə bunlara məhəl qoymadı. Türkiyə və Azərbaycan sülhün dəstəkçisidir. Azərbaycan və Türkiyənin bu mövqeyinə Ermənistan da dəstək verərsə, Cənubi Qafqazda müsbət nəticələr əldə ediləcək”.
Burhanəddin Duran deyib ki, atəşkəsdən sonra Türkiyənin masada da Azərbaycana dəstək olması çox önəmli idi: “Ermənistanın etməli olduğu şey Gürcüstanın da iştirak etdiyi Azərbaycan-Türkiyə əməkdaşlığından faydalanmaqdır. Ermənistanın qarşısında iki yol var. Birincisi, əvvəlki kimi təcavüzçü siyasətə davam etməsidir. İkincisi, bunları tərk edərək əməkdaşlığa yönəlməsidir”.
561 dəfə oxundu