Azərbaycan Robert Volterin məruzəsinə 3 düzəliş təklif edib

Azərbaycan Robert Volterin məruzəsinə 3 düzəliş təklif edib


“Robert Volterin Dağlıq Qarabağla bağlı məruzəsinə 3 düzəliş təklif etmişik”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabata münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi AŞPA-da belə bir məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə uzun mübarizədən sonra 2014-cü ildə nail ola bilib: “Mən həmin zaman ardıcıl olaraq Ermənistana sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihələri təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, biz Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq. Həmin zaman belə bir məruzənin hazırlanması üçün Avropanın tanınmış siyasətçisi, britaniyalı deputat Robert Volter təyin edildi. Sonradan mən 2015-ci ilin yanvar sessiyası zamanı Kəlbəcər rayonunda Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə layihəsi irəli sürdüm və AŞPA Bürosu bu məsələni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəyə daxil etmək üçün məruzəçiyə göndərdi”.

E. Süleymanov xatırladıb ki, R.Volter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirib, cəbhə bölgəsinə gedib və cəbhəyanı ərazilərdə vəziyyətlə tanış olub: “Cənab Volter bir neçə dəfə Ermənistan tərəfinə müraciət edərək işğal altında olan ərazilərə səfər etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirib. Lakin Ermənistan hakimiyyəti səfərə şərait yaratmayıb və onunla əməkdaşlıqdan imtina edib. Cənab Volter cari ilin sentyabr ayının sonu, oktyabrın əvvəllərində Siyasi Məsələlər Komitəsini Ermənistanın əməkdaşlıqdan imtina etməsi ilə bağlı məlumatlandırıb və buna baxmayaraq, ilin sonunadək məruzəni başa çatdıracağını bildirib. Bu günlərdə cənab Volter hazırladığı məruzənı katibliyə təqdim edib və həmin sənəd artıq AŞPA-nın rəsmi saytında yerləşdirilib”.

E. Süleymanovun sözlərinə görə, məruzənin adında qeyd edildiyi kimi, “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin məruzədə təsdiqlənməsi xüsusi önəm kəsb edir: “Bu ifadə Ermənistan tərəfindən Azərbaycanın tək Dağlıq Qarabağ regionunun deyil, digər ərazilərin də işğal edildiyini özündə ehtiva edir. Bundan əlavə, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarı və həmin qərarda Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Məruzədə eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir”.

E. Süleymanov məruzədə Azərbaycanı qane etməyən bəzi məqamların olduğunu da söyləyib. O deyib ki, bir sıra məqamlarda məruzəçi “Azərbaycan ərazilərinin işğalı” ifadəsindən qaçaraq “Dağlıq Qarabağ problemi” və ya “Dağlıq Qarabağ regionuna dair münaqişə” ifadələrindən istifadə edir: “Bundan əlavə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilsə də, onların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması tələb olunmur. Digər tərəfdən, Ermənistanın məruzəçi ilə əməkdaşlıq etməməsinə və Avropa Şurası qarşısındakı öhdəliklərini pozmasına çox yumşaq münasibət nümayiş etdirilir. Biz artıq qeyd edilən məqamlarla bağlı 3 düzəliş təklifi etmişik. Bu düzəlişlərin qəbul edilməsi şübhəsiz ki, ciddi maneələrlə qarşılaşacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...