“Təcrübəsiz sürücülərin sükan arxasına keçməmələri tövsiyə olunur” - Namidan Piriyev
Kəskin hava şəraiti ilə əlaqədar paytaxt yolları ilə yanaşı regonlarda da avtomobillər yolda qalıb.
Oxu.Az-ın məlumatına görə, İsmayıllı-Qəbələ-Şəki yolunda gecədən yağan qar səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Bəzi avtomobillər yollarda qalıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında çətin hava şəraitində təcrübəsi az olan sürücülərin ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edib:
“Qarlı hava şəraiti ilə əlaqədar sürücülərdən diqqətli olmaları, sürət həddini mümkün qədər azaltmaları xahiş olunur. Yollarda digər nəqliyyat vasitələri ilə ara məsafəni normadan artıq saxlasınlar. Belə hava şəraitində sürücülük təcrübəsi olmayan şəxslərin özlərinin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sükan arxasına keçməmələri tövsiyə edilir.
Bununla yanaşı əməkdaşlarımız yollarda hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. YPX əməkdaşları İsmayıllı-Qəbələ-Şəki yolunun 56-cı, Bakı-Şamaxı magistralının 131-ci kilometrliyində yolda qalan nəqliyyat vasitələrinin sürücülərinə köməklik göstəriblər”.
777 dəfə oxundu