Türk lirəsinin ucuzlaşması Azərbaycan üçün hansı təsirlərə malikdir?

Türk lirəsinin ucuzlaşması Azərbaycan üçün hansı təsirlərə malikdir?
Ötən həftə ABŞ dolların Türkiyə valyutasına qarşı məzənnəsi 7,22 lirədən 8,34 lirəyə yüksəlib. Türk lirəsinin dəyəri prezident Tayyib Ərdoğanın Mərkəzi Bankın rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb.

“Report” lirə ilə bağlı baş verən proseslərin Azərbaycanla Türkiyə arasındakı ticarət mübadilələrinə nə kimi təsirinin ola biləcəyi ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.

Milli Məclisin deputatı Vüqar Bayramlı bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməyəcək:

Güman edilir ki, Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq

“Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci lldə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 30 %-a yaxını Türkiyə bazarına yönəlib.

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda, Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyə ümumi qeyri-neft ixracatımıza təsirə malik olmayacaq”.


“Amma Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər. Nəticə etibarilə güman edilir ki, Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”, - deputat əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərli də lirənin dəyər itirməsinin Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində dəyişiklik yarada biləcəyini deyib:

Sabitləşmə təqribən 8 lirə civarında olacaqsa, bir müddət sonra Türkiyədən gələn məhsullar Azərbaycanda ucuzlaşacaq{

“Türkiyədə dəyişikliyin olması istər-istəməz Azərbaycana idxal olunan məhsulların dəyərinə və Azərbaycan manatında ifadəsinə də təsir göstərməlidir. Hələ ki, türk lirəsi ilə bağlı ciddi dalğalanmalar gedir. Mərkəzi Bankın rəhbərliyinin də dəyişilməsi birjalarda çox böyük dalğalanma yaradıb. Biz əvvəllər də lirənin bu qədər ucuzlaşmasının şahidi olmuşduq. Amma bu müddət az çəkdi. Əgər doğrudan da dalğalanma nəticəsində yenidən türk lirəsinin dəyərinin 1 ABŞ dollarına qarşılıq təqribən 8 lirə civarında olmasını görsək, bu Türkiyədən gətirilən məhsulların Azərbaycan bazarında ucuzlaşmasına səbəb olmalıdır. Çünki bizdə məzənnə inzibati qaydada tənzimləndiyinə görə dəyişmir".

N.Cəfərlinin fikrincə, türk lirəsinin Azərbaycan manatında olan ifadəsi isə dollar/manat münasibətləri ilə çarpaz məzənnə ilə müəyyənləşdirilir: "Ona görə də son bir gün ərzində baş verən hadisələrdən sonra türk lirəsi Azərbaycan manatı qarşısında da ciddi dəyər itirib. Bu onu deməyə əsas verir ki, Türkiyədən gətirilən məhsullar bir müddətdən sonra Azərbaycanda daha ucuz olmalıdır. Lakin bu prosesin özünü nə vaxtdan göstərməyə başlaması türk lirəsinin dalğalanmasının hansı səviyyədə sabitləşəcəyindən asılıdır. Sabitləşmə təqribən 8 lirə civarında olacaqsa, bir müddət sonra Türkiyədən gələn məhsulların Azərbaycan bazarında ucuzlaşmasının şahidi olmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...