Azərbaycanın ən gənc müharibə veteranının 90 yaşı var
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Kamal Əliyevin tapança kimi açılan səsi otağı titrətdi.
Bir yandan II dünya mühraibəsində qələbənin 70-ci ildönümü ilə bağlı tədbirlərə hazırlıq, o bir yandan da jurnalistlərin zəngi Kamal Əliyevin əhədini kəsmişdi.
“Azadlıq” radiosunun müxbirləri bu günlərdə həmin təşkilatın ofisinə baş çəkib.
Sədr Kamal Əliyevin işi başından aşsa da heç yorulana oxşamırdı, verilən hər sualda rəqəmləri dəqiqləşdirmək üçün kağız-kuğuzunu qarışdırırdı: “Tapdım. Soruşdunuz ki, ən az hansı rayon və şəhərdə döyüşçü veteran qalıb. Xocalı və Xocavənd rayonlarında daha veteran qalmayıb. Xızıda cəmi 4 nəfərdirlər. Gədəbəydə 78 nəfər. Yasamal rayonunda 80 nəfər qalıb”.
Kamal Əliyev deyir, bir analiz də aparıblar, veteranları yaşlarına görə bölüblər. Deyir ki, 100-114 yaş arasında 30 veteran var. Onun sözlərinə görə, sağ qalan döyüşçü veteranlar arasında ən gəncinin 90 yaşı var: “Təsəvvür edin, qələbənin 65 illiyində 5 min veteranımız vardı, amma indi onların sayı 1300-dən bir az artıqdır. Fikir verirsinizmi ki, yaxın 5 ildə nə qədər veteranımızı itirmişik”.
K.Əliyev deyir ki, II dünya müharibəsinə döyüşməyə 700 min azərbaycanlı gedib, onların tən yarısı qayıdıb, amma çoxu da yaralı olub, bəziləri hansısa bədən orqanını itirib.
Kamal Əliyev onu da əlavə edir ki, əslində müharibədə Ermənistan və Gürcüstanda, Orta Asiya ölkələrində yaşayan azərbacanlılar da döyüşdüyündən ümumi rəqəm çoxdur, amma bunun statistikası aparılmadığından II dünya müharibəsində döyüşən azərbaycanlıların ümumi sayı məlum deyil.
93 yaşlı Seyfulla Baxışov sağ qayıdan 350 min döyüşçüdən, indiyə kimi yaşayan 1342 veterandan biridir.
Baməzə kişidir, müsahibə boyu “subayam” deyib kirimədi. Sonra etriaf elədi ki, Qələbənin ötən ildönümlərinin birində prezident İlham Əliyevdən onu evləndirməsini istəyib: “Dedim ev verdiniz, maşın verdiniz, qaldı bir məsələ. Soruşdu nə. Dedim evlənməyim. Şaqqanaq çəkib güldü”.
Seyfulla Baxışov
Seyfulla kişinin yaddaşında təkcə yaxın keçmiş ilişib qalmayıb, həm də uzaq müharibə illəri xatirindən silinməyib.
“Müharibədə keçirdiyiniz günlər heç yuxunuza girirmi” soruşuruq. “Heç yuxumdan çıxırmı” cavabını eşidirik: “O gecə yoxdur ki, müharibə yuxuma girməsin. Şeytana lənət deyirəm, amma yenə yuxuma girir”.
Seyfulla kişi müharibədə artilleriyaçı olub. Danışır ki, bir topu 4 at daşıyırdı: “Əgər atın biri ölsəydi, top qalardı ortalıqda”.
“Qorxurdunuzmu” soruşuruq, “yox” cavabı eşidirik: “Ac qalırdıq. Əsas aclıq idi. Yeməyə bir şey tapmırdıq. Səhər su qaynadıb içirdik. Günorta bir qaşıqlıq kələm olurdu, axşam da daş kimi lobya. Qara çörək verirdilər, baxmırdıq necədi, yeyirdik”.
Seyfulla kişi xatırlayır ki, bir dəfə azərbaycanlı general Əliyarbəyli adlı komandirlərinin yanına gedib ki, acından ölürlər: “Məndən soruşdu ki, haradansan. Dedim Şamaxıdan. Tabeçiliyindəki zabiti çağırdı ki, bu dağ balasıdır, bütün bitkiləri tanıyır, o, hansından yesə, əsgərlər də ondan yesin”.
Seyfulla kişi deyir ki, 1947-ci ilə qədər çarpayı üzü görməyib: “Müharibə bitdi, qayıdıb gəldim kəndə. Kolxozda işləməyə başladım. Amma yenə də aclıq idi, qarnımız doymurdu. Yamaqlı paltarla gəziridik. Heç yamaq da tapmırdıq vurmağa”.
Müharibədən qayıdandan sonra qohum-əqrəba ona “evlən” deyib: “Evlənim, nə ilə evlənim?! Pul-para yox, ev-eşik yox. Anam iki dəfə rayon mərkəzinə getdi ki, parça alsın. Birtəhər 2 metr parça aldı, bir də alüminiumdan nişan üzüyü. Güc-bəla bir keçi tapdıq, kəsib yarısını özümüzə saxladıq, yarısını qız evinə apardıq. Sonra toy oldu. Gələnlər nəmər yazdırırdı, 15 yumurta, ya beş-altı kilo kartof. Camaatda pul nə gəzirdi?!”
“Müharibə sizə nə öyrətidi” soruşuruq, “sevgi” cavabını eşidirik: “Müharibə öyrətdi ki, adam vətənini sevər”.
1 727 dəfə oxundu