"Torpaqları sülhlə geri almışıq ki, sülhü də təbliğ edək?" — Şəhid Xudayarın qardaşından Osmanqızına ETİRAZ (VİDEO)
İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə jurnalist Sevinc Osmanqızını Hərbi Qənimətlər Parkı barədə söylədiyi fikirlərinə görə sərt tənqid edib.
Məhəmməd Yusifzadə Demokrat.az-a açıqlamasında deyib ki, Sevinc Osmanqızı ermənilərin təəssübkeşinə çevrilib.
Şəhid qardaşı bildirib ki, Sevinc Osmanqızı ermənipərəst mövqeyə malik olan adamdır:
"Sevinc Osmanqızında zərrə qədər Vətən qeyrəti yoxdur. Gedib oturub xaricdə, artıq nə danışdığını bilmir. Əgər onun qeyrəti, vicdanı olsaydı, o zaman anlayardı ki, biz Hərbi Qənimətlər Parkını açmaqla, nə qədər şəhid ailəsinin və qazilərin ürəyinə "su səpdik". Hərbi Qənimətlər Parkı gələcək nəsillərin vətənpərvər ruhda formalaşması üçün də milli məkandır. Bu parkı ziyarət edən insanlar anlayırlar ki, biz torpaqlarımızı hansı şəraitlərdə və nə qədər qəddar düşmənin işğalından azad etmişik. Bu park Azərbaycan Ordusunın nə qədər şərəfli yol keçdiyinin nümunəsidir. Necə yəni, orada "sülh göyərçini" quraşdırmalıydıq? Məgər ermənilər 1992-1993-cü illərdə torpaqlarımızı işğal edəndə, dinc insanları qətlə yetirəndə sülhü təbliğ edirdilər? Yaxud da, biz o torpaqları sülhlə geri almışıq ki, sülhü də təbliğ edək? Bu parkın açılması Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyincədir və nədənsə ermənilər kimi, bəzi "azərbaycanlıları" da narahat etməyə başlayıb. Sevinc Osmanqızı bilməlidir ki, əgər biz torpaqları sülhlə geri alsaydıq, o zaman sülhdən danışmaq olardı. O, Azərbaycan xalqını aşağılamaqdan utanmır, heç olmasa atasının ruhuna hörmət etsin. Çünki atasını da həmin erməni terrorçuları qətlə yetiriblər".
Xatırladaq ki, jurnalist Sevinc Osmanqızı özünün internet kanalında Hərbi Qənimətlər Parkının açılmasının doğru olmadığını söyləyib:
“Hərbi Qənimətlər parkı, ümumiyyətlə bu qənimətlər var və göstərilməlidir. Mən də razıyam, amma bunun bir yolu tapılmalıdır. O, dünyaya hərb yox, məhz sülh mesajı verməlidir. Əgər mən öz təklifimi versəydim, deyərdim ki, həmin o, erməni güllələrini yığıb, bir yerdə ondan Bakı göyərçini düzəltmək olardı".
970 dəfə oxundu