Hərbi Qənimətlər Parkı: muzey eksponatlarına toxunmaq olarmı?

Hərbi Qənimətlər Parkı:

Hərbi Qənimətlər Parkı açılan gündən ziyarətçilərin ardı-arası kəsilmir. Ziyarətçilər parkda nümayiş olunan texnikaların üstünə çıxıb şəkil çəkdirərək onu sosial şəbəkələrdə paylaşırlar. Bundan əlavə parkdakı menekenləri doğruçu erməni bilib onun üzünü döyəcləyənlərin də olduğu deyilir. Amma qapalı muzeylərdə nümayiş olunan hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır.

Bu qadağalar Hərbi Qənimətlər Parkında niyə yoxdur?

Millət vəkili Aqil Abbas Qaynarinfo-ya açıqlamasında Hərbi Qənimətlər Parkında nümayiş edilən erməni menekenlərinin ziyarətçilər tərəfindən döyülməsi, yaxud da üzlərinin cırmaqlanması ilə bağlı videolara rast düşmədiyini deyib:

"Menekenlər sıradan çıxmaz. Əgər sıradan çıxarsa, menekenləri bir də düzəldərlər. Burada nə var ki? Şəhid ailəsi, balası parka gedir, ola bilsin səhvlər eləsin. Buna görə onları qınamaram. Park gözəl və qiymətlidir. Özüm hələ getməmişəm. Ora getməsəm də, mən onları döyüş meydanlarında görmüşəm. Çünki mən döyüşlərdə olmuşam. Mənim əlimdə sübut yoxdur, görməmişəm ki, kimsə menekenə əl atsın, cırmaqlasın, döysün. Amma döyürsə də yaxşı edir. Yaponiyada belə bir adət var. İdarə müdirinin menekenini qapının ağzına qoyurlar. Ondan xoşu gəlməyən işçilər bir-iki yumruq vururlar, onu döyürlər. Özü də həmin müdir onların nə bacısını öldürüb, nə atasını, nə də uşağını. Sadəcə, bir az onlara qarşı sərt rəftar edib. İndi yenə deyirəm, mən bunun şahidi deyiləm. Eliyiblərsə, yaxşı ediblər”.

Adının çəkilməsini istəməyən muzey direktorlarından biri isə parka nəzarətin Mədəniyyət Nazirliyində olduğunu qeyd edib:

"Azərbaycanın tarixini əks etdirən eksponatlara, rəsmlərə əl vurmaq olmaz. Qənimət parkında texnikaya heç nə olmayacaq. Amma menekenlər sıradan çıxacaq. Əgər bu müvəqqəti parkdırsa, hansısa müddətdən sonra ləvg ediləcəksə, başqa məsələ. Yox əbədi qalacaqsa, menekenlərə əl vurmaq olmaz”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq:

"Necə gündür sosial şəbəklərdə parkdan görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni doğurçu erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim. Hərbi Qənimətlər Parkı ona görə yaradıldı ki, gənc və gələcək nəsil əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olsun. Ancaq əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa göstərməyə bir şey qalmayacaq. Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki, qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...