Mərkəzi Bankdan yerli banklara XƏBƏRDARLIQ
Azərbaycanda fəaliyyət göstərən banklara Mərkəzi Bank tərəfindən xəbərdarlıq edilib. Bu barədə Modern.az saytına bank sistemindəki mənbə məlumat verilib. Banklara ünvanlanan xəbərdarlıq məktublarında qiymətləndirilmə ilə bağlı məsələdə ciddi pozuntuların olduğu qeyd edilib və banklara qəti şəkildə tapşırılıb ki, bundan sonra müstəqil qiymətləndirmə şirkətləri ilə işləsinlər.
Qeyd edək ki, bu günə qədər banklarda qiymətləndirmə əməliyyatını əksər vaxtlarda elə bankların özlərinə məxsus qiymətləndirmə şirkətləri həyata keçirib. Nəticədə isə ancaq bankların maraqları qorunub. Həm fiziki, həm də hüquqi şəxslər bu məsələdən zərər görüblər. İqtisadçı Vüqar Bayramov Modern.az saytına açıqlamasında bildirib ki, əmlakın qiymətləndirilməsi və zonalarda orta qiymətin nəzərə alınması ilə bağlı məsələlər prezident İlham Əliyevin imzaladığı “Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanda öz əskini tapıb:
“Əsas problem ondan ibarətdir ki, kommersiya banklarının özünün 10-a yaxın qiymətləndirmə şirkətləri var. Daimi olaraq ipoteka kreditləri verilən zaman bir və ya daha çox qiymətləndirmə şirkətilə birlikdə fəaliyyət göstərirlər. Bu da əmlakın doğru qiymətləndirilməsi ilə bağlı müəyyən çətinlik yaradır, dəqiq məlumat verilməsinə imkan vermir. Bir çox hallarda əmlakın qiyməti bazar qiymətindən yüksək göstərilir. Məqsəd daha çox ipoteka kreditinin alınması, alınan kreditlə ilkin ödənişi bağlamaq, həmçinin ipoteka kreditinin bir hissəsinin digər məqsədlər üçün istifadə edilməsidir. Bu zaman təbii ki, ev alan da, ev satan da praktik olaraq öz aralarında müəyyən razılıq əldə edir.
O baxımdan rəqabətli qiymətləndirmə vacibdir. Bu həm İpoteka Fondu üçün, həm də vətəndaş üçün vacibdir. Çünki bir sıra hallarda bankla vətəndaş razılaşıb qiyməti yüksək göstərə bilirdisə, bəzi hallarda hətta qiymətləndirmə şirkəti situasiyaya uyğun mövcud bazar qiymətindən aşağı və ya yuxarı qiymət verirdi ki, uduzan vətəndaş olsun.
Rəqabətli qiymətləndirmə olduğu zaman vətəndaş aldığı evin bazar qiymətinə uyğun qiymətləndirildiyinə əmin olur. Ona görə də qiymətləndirmə yalnız rəqabətin artırılması üçün deyil, həm də mexanizmlərin dəyişdirilməsilə bağlıdı ki, bununla bağlı təkliflər ünvanlamışdıq.
Digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi zonalar üzrə minimumların müəyyənləşdirilməsi, vətəndaşların hüquqlarının qorunmasına nail olunması, qiymətləndirmə şirkətlərinə evin aşağı qiymətləndirilməsinə imkan verməməsi lazımdır ki, vətəndaş uduzmasın”.
1 097 dəfə oxundu