Benzinin qiymətinin qalxmasına SOCAR-dan münasibət
“Premium” və “Super” markalı benzinlərin qiyməti qalxıb. Bu da dünya bazarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə əlaqədardır.
Bu sözləri açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov deyib. O bildirib ki, “Premium” və “Super” markalı benzinlər Azərbaycanda istehsal olunmur:
“Bu benzin növləri xaricdən idxal olunur. Buna görə də onu idxal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Pandemiya dövründə bu benzinlərin qiyməti aşağı düşmüşdü. Pandemiyadan əvvəl “Premium” benzininin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm 1.10-1.20 manata qədər gerilədi, sonra 1.25 manata qalxdı, indi isə 1.40 manata yüksəlib. Başqa ölkələrdə bu benzinlərin qiyməti aşağı düşərsə, Azərbaycanda da qiymətlər azala bilər. Amma bu benzinlər Azərbaycanda çox da istehlak olunmur. Əsas istehlak olunan yanacaqlar dizel və Aİ-92 -dir. Bu da ölkə daxilində istehsal olunur. Ona görə də o yanacaqların qiymətini dövlət tənzimləyə bilir”.
Xatırladaq ki, Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib. Belə ki, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.
536 dəfə oxundu