Qarabağ üçün altı istiqamət müəyyənləşdi: BP sərmayə yatırmaq niyyətindədir
“Qarabağda iqtisadiyyat altı əsas istiqamət və dörd əsas ağırlıq mərkəzi üzrə dövlət-özəl partnyorluğu ilə inkişaf etdiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı danışıb.
Onun sözlərinə görə, Qarabağda iqtisadiyyatın aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm üzrə inkişafı gözlənilir:
“Orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz töhfə verəcək. 167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 faiz, emal sənayesinə isə 4,3 faiz ola bilər”.
Cəbrayıl rayonunun nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşdiyini bildirən Vüsal Qasımlının fikrincə, Qarabağ bölgəsinin Azərbaycanda nəqliyyat xidmətlərinə olan təsiri 4,9 faiz qiymətləndirilir:
“Şuşa nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcək. Qarabağ bölgəsinin ən iri şəhəri 70 minlik - Ağdam şəhəri isə bölgənin yüngül sənaye və xidmət mərkəzi funksiyasını daşıya bilər”.
Mərkəzin rəhbəri qeyd edib ki, Qarabağ bölgəsində 0,5 GVatt külək, 0,7 GVatt su və 4 GVatt günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır:
“BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır.
2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər”.
1 241 dəfə oxundu