Dövlətə 28 milyon borcu olan “AAAF-İnşaat” “Azərişıq”ı məhkəməyə verdi – RƏSMİ

Dövlətə 28 milyon borcu olan “AAAF-İnşaat” “Azərişıq”ı məhkəməyə verdi –
Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksini inşa edən “AAAF-İnşaat” MMC “Azərişıq” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu günə - 24.06.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Kənan Hüseynov sədrlik edəcək. Bildirilir ki, “AAAF-İnşaat” MMC məhkəmə iddiasını kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə qaldırıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “AAAF-İnşaat” MMC 02.03.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xırdalan şəhəri 26-cı məhəllə, ev 199-da yerləşən MMC-nin direktoru Xıdırov Zaur Cəbrayıl oğludur.
Qeyd edək ki, hazırda Xırdalan şəhərində “AAAF” adı ilə çoxsaylı şirkət fəaliyyət göstərir və bu şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
“AAAF-İnşaat” MMC-nin (VÖEN-3100152201) 28 milyon 175 min 265 manat 50 qəpik
“AAAF Park Xırdalan” MMC-nin (VÖEN-3101231461) 177 min 401 manat 32 qəpik
"AAAF Construction” MMC-nin (VÖEN-3101583681) 35 min 230 manat 91 qəpik
“AAAF Park” MMC-nin (VÖEN-3700486571) 1 633 manat 66 qəpik
Dövlət büdcəsinə böyük həcmdə vergi borcunun hansı səbəbdən yarandığın öyrənmək məqsədilə “AAAF-İnşaat” MMC ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev yeniavaz.com-a açıqlamasında bildirdi ki, şirkətimizin vergi borcu məsələsi ilə bağlı hazırkı mərhələdə ictimaiyyətə geniş məlumat verilməsinə ehtiyac duymuruq: “Bu barədə müvafiq və aidiyyatı qurumlarla mütəmadi iş aparılır, lazımi yazışmalar edilir. “AAAF İnşaat MMC” olaraq işimizi qanunvericilik çərçivəsində davam etdirir, şəffaf fəaliyyət göstəririk. Əlavə açıqlama verilməsinə ehtiyac olduğu zaman bunu edəcəyik”.
Onu da bildirək ki, bu ayın əvvəlində bir qrup vətəndaş "AAAF İnşaat" MMC-nin qarşısında etiraz aksiyası keçirərək 7 ilə yaxındır mənzillərinin təhvil vermədiyini iddia ediblər.
Vətəndaşlar şirkətlə 7 il əvvəl mənzil alğı-satqısına dair müqavilə bağladıqlarını, buna baxmayaraq hələ də mülklərin onlara təhvil verilmədiyini bildiriblər. Vətəndaşların iddiasına görə, "AAAF İnşaat" MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı hündür mərtəbəli binaların tikintisini başa çatdırmayıb.
MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev isə jurnalistlərə açıqlmasında mənzillərin təhvil verilməsi zamanı gecikmələr olduğunu deyib: “Biz qəbul edirik ki, ötən illərdə gecikmələr olub. Bunun da müxtəlif, obyektiv və subyektiv səbəbləri olub. Tikinti hal-hazırda sürətlənib və dayanma yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...