“Gülər Əhmədovanın arxada etdiyi alverlər hələ üzə çıxmayıb”
"O, ölkəmizi Avropada və Qərbdə gözdən saldı"
Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunub.
Məlumata görə, G.Əhmədovanın dərs dediyi BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı verilməyib. Ona görə də sabiq deputat işdən çıxmaqla bağlı ərizə yazıb. BDU rəhbərliyi G.Əhmədovanın ərizəsini qəbul edib və onun universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar verilib. Artıq G.Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da çıxarılıb.
Sabiq millət vəkilinin işdən azad olunmasına münasibət bildirən, Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə keçmiş namizəd Hafiz HACIYEV açıqlamasında qeyd edib ki, yerindən duran cənab prezident İlham Əliyevə xəyanət edir, amma bu məsələlərin üstü açılır. Təşkilat sədrinin sözlərinə görə, Azərbaycanda saxta deputat olanlar və yalan vədlərlə özlərini gözə soxub, ölkəni talayanlar çoxalıb:
“Azərbaycan hökumətində olanların əksəriyyəti “maşşenikdir”. Bir dəfə demişdim ki, bəzi nazirlərin kabineti “dezinfeksiya” edilməlidir. Təsəvvür edin, mərhum Heydər Əliyevə güllə atıb, onun uçduğu təyyarəni vurub, salmaq istəyən adamı gətirib iki dəfə deputat seçirlər. Bilirsinizmi çox paradoksal vəziyyət yaranıb. Yaxşı ilə pis fərqləndirlmir. Dövlətini sevəni xəyanətkarla ayırd edib, qiymət vermirlər. Baxın, G.Əhmədova kimi Azərbaycana başqaxıncı gətirən ikinci bir adam varmı? O, ölkəmizi Avropada, Qərbdə dünyanın güc mərkəzlərində gözdən saldı. G.Əhmədovanın qanunsuz davranışına bəraət qazandıran insanlar bu gün də hakimiyyətdədir. Bunlar G.Əhmədovanın törətdiklərinin görünən tərəfidir. Onun arxada etdiyi alverlər hələ üzə çıxmayıb”.
Həmsöhbətimizin qənaətincə, ölkə prezidentinə xəyanət, dövlətçiliyə xəyanətdir:
“G.Əhmədova həbs edildi. Azadlığa buraxdılar. Halbuki cəzasını sonadək cəkməli idi. Düzdü, qadındır. Amma onun əməlləri Azərbaycana dünyada utanc gətirdi. Bütün məsələlərdə obyektiv olmaq lazımdır. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevi dəstəkləyir”.
MTN “işi”nə diqqət çəkən qurum sədri onu da əlavə edib ki, Eldar Mahmudovun dövlət çevrilişi əməliyyatında G.Əhmədovanın da ayrı işi vardı:
“Bu çevrilişdə hansı nazirin hansı işləri yerinə yetirməli olması bir azdan məlum olacaq. G.Əhmədova da onlardan biridir. O həmişə oyuncaq olub. Elə yaxşı olub, onu univeristetdən qovublar”.(aim.az)
1 206 dəfə oxundu