COVID-19 şübhəsi olan hamilə qadınlar nə etməlidir?
“Hərarət, öskürək, baş ağrısı və əzələ ağrısı, burun axması, sinə axıntısı kimi koronavirus (COVID-19) simptomları olan hamilə qadınlara testdən keçmələri tövsiyə olunur”.
Bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, hamiləlik dövründə bədəndə və immunitet sistemindəki dəyişikliklər səbəbiylə hamilə qadınların tənəffüs yolu infeksiyalarından daha çox təsirlənə biləcəyi məlumdur:
“Hamilə qadınlarda şəkərli diabet, yüksək təzyiq, artıq çəki kimi şərtlər COVID-19 xəstəliyinin daha ağır olmasına səbəb olur. Hamilə qadınlarda xəstəlik ağır olduğu zaman hamilə olmayanlara nisbətən reanimasiyaya ehtiyac daha çox olur. Bu səbəbdən hamilə qadınlar COVID-19 baxımından orta risk qrupundadır”.
O qeyd edib ki, simptomları olan hamilə qadınlara testdən keçmələri və nəticəyə uyğun olaraq müvafiq izolyasiya tətbiq etmələri tövsiyə olunur:
“Hamiləlik dövründə COVID-19 keçirmiş qadınlarda, düşük və ölü doğum kimi ağırlaşmaların daha çox rast gəlindiyini göstərən heç bir məlumat yoxdur. Bəzi tədqiqatlarda COVID-19 olan hamilə qadınların erkən doğum (vaxtından əvvəl) riskinin artdığı göstərilib. Erkən doğuş zamanı müxtəlif fəsadların baş verə bilmə təhlükəsi olduğu üçün həmin körpələrin yenidoğulmuş reanimasiya şöbəsində qalması lazım ola bilər.
Hamilə qadınlar koronavirus səbəbiylə ginekoloq görüşlərini təxirə salmamalıdır. Ana və körpə sağlamlığı üçün çox əhəmiyyətli olan doğum öncəsi müayinələrin planlaşdırıldığı kimi davam etdirilməsi faydalı olacaq. Hamiləlik dövründə şəkərli diabet və ya yüksək təzyiq kimi xəstəliklər bu yoxlamalar zamanı diaqnoz qoyula və müalicə edilə bilər. Beləliklə, hamilə qadının mümkün COVID-19 xəstəliyində ciddi fəsadlar riski azalır”.
1 575 dəfə oxundu