İranın yeni kəşfiyyat rəisi: Esmail Xatib kimdir və ondan nə gözləmək olar?
İranın yeni prezidenti İbrahim Rəisinin (Ebrahim Raisi) kabinetində təhlükəsizlik naziri postunu tutan mühafizəkar və radikal dindar Esmail Xatibi kimdir, onun haqqında nə məlumdur? Və onun fəaliyyətindən nə gözləmək olar?
"İsrael Hayom” nəşri bu mövzuda Vaşinqtondan terrorla mübarizə üzrə analitik və tədqiqatçı Erfan Fardın məqaləsini dərc edib.
Orada deyilir ki, Esmail Xatib barəsində informasiya çox azdır. Məlum olanı budur ki, o 1961, yaxud 1962-ci ildə anadan olub. Nüfuzlu din xadimlərindən biridir və Ali dini lider Əli Xameneyi ilə sıx bağladır. Bu da təəccüblü deyil, çünki Xatib islam hüququ üzrə təhsil alanda Xameneyinin tələbəsi olub. O, habelə ayətullahlar Məhəmməd Fazil Lənkəranidən, Naser Şirazidən və Möctəba Tehranidən dərs alıb. Bunların hər biri radikal və mühafizəkar baxışlı ayətullahlar olub.
Müəllif xatırladır ki, Lənkərani islam inqilabının lideri ayətullah Ruhulla Xomeyninin qatı tərəfdarı idi və yazıçı Salman Rüşdüyə, daha sonra 2006-cı ildə azərbaycanlı həkim və yazıçı Rafiq Tağıya qarşı ölüm fətvasını vermişdi. Rafiq Tağı daha bu fətvadan sonra öldürülüb.
Ayətullah Lənkərani...
Esmail Xatib bundan əvvəlki təhlükəsizlik naziri, bu sahədə heç bir iş təcrübəsinə malik olmayan Mahmud Ələvidən fərqli olaraq təhlükəsizlik və kəşfiyyat sahəsində müəyyən təcrübəyə malikdir. Amma formal olaraq onun kəşfiyyat və ya politologiya üzrə təhsili yoxdur, ancaq islam hüququndan dərs alıb.
Xatib 1980-81-ci illərdə İnqilab Keşikçiləri Korpusunun yaradılmasından sonra, təxminən 20 yaşlarında olanda Korpusun kəşfiyyat xidmətinə qoşulub. Onun Korpusun kəşfiyyatında dəqiq rolu haqda heç nə məlum deyil, amma ehtimal edilir ki, Xatib İranın kürd bölgələrində rejim müxaliflərinə divan tutanlardan biri olub. Həmin dövrdən etibarən Xatib İnqilab Keşikçiləri Korpusunun indiki generalı, müdafiə naziri Möhsün Rezayi ilə yaxın əməkdaşlıq olub.
1997-ci ildə Xatib kəşfiyyat nazirliyinin Qum bölməsinin rəisi təyin olunub. Sonradan isə İmam Rza məbədini mühafizə edən təhlükəsizlik idarəsinin başçısı olub. Habelə Xatib bilavasitə Xameneyi və onun administrasiyasında işləyib.
Xatib İran hakimiyyətinin təhlükəsizlik sahəsində bir-birinin ardınca fəlakətlərə məruz qaldığı bir vaxtda nazir təyin edilir. Tehran bütün gücü ilə çalışır ki, İsrail kəşfiyyatının nüfuzlu nüvə alimlərinə və obyektlərinə qarşı diversiyalarının qarşısını alsın. İranın kəşfiyyat və əks-kəşfiyyat xidmətləri dərindən korrupsiyalaşıb, kəşfiyyat nazirliyi ilə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyatı arasında tez-tez münaqişələr baş verir.
İbrahim Rəisi
Xatib nəinki Rəisi ilə yaxındır və ona etibar edir, eyni zamanda Ali dini liderin sadiq adamıdır. Ona görə də aydındır ki, Xatib İranın kəşfiyyat cameəsini təmizləmək və onun effektivliyini artırmaq üçün bu vəzifəyə təyin olunub. Ən başlıcası odur ki, İnqilab Keşikçiləri Korpusu ona inanır.
Gözlənilir ki, Xatibin idarəçiliyi altında İran kəşfiyyatı həm daxildə, həm beynəlxalq cəbhələrdə daha aqressiv olacaq. Daxildə rejim müxaliflərinə işgəncələrin verilməsi, repressiyalar artacaq. Xətib habelə İran rəhbərliyinin qərarlarına da ciddi təsir göstərəcək fiqur hesab edilir. Gözlənilir ki, ABŞ və Avropadakı iranlı dissidentlərə qarşı təqiblər də artacaq.
Mənbə: virtualaz.org
944 dəfə oxundu