Bakıda ildə 78 gün hava yağıntılı olur -Coğrafiya İnstitutu

Bakıda ildə 78 gün hava yağıntılı olur

Bakıda atmosfer yağıntılarının aylar üzrə davamiyyəti müxtəlifdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, paytaxtda ən çox yağıntılı günlər oktyabr-yanvar, ən azı isə iyun-avqust aylarında müşahidə edilir. Bu, həm yağıntıların maksimum miqdarında və həm də orta miqdarında özünü göstərir.

Yağıntıların orta illik davamiyyəti 612 saat, maksimum davamiyyəti isə 1452 saatdır. Atmosfer yağıntılarını səciyyələndirən mühüm göstəricilərdən biri də il ərzində aylar üzrə müxtəlif miqdarda yağıntı düşən günlərin sayıdır. Bakı şəhəri üzrə bu göstərici müxtəlif rəqəmlərlə ifadə olunur.

Orta çoxillik məlumata görə, kəmiyyəti 10 mm və daha çox olan yağıntılı günlərin sayı yalnız oktyabr, noyabr və dekabr aylarında nisbətən çox olur. Bunların sayı ildə 5 gündən artıq olmur. 5 mm-dən artıq yağıntılı günlərin sayı ildə 12 gün olmaqla sentyabr-aprel aylarında nəzərə çarpır. 1 mm və daha çox yağıntı düşən günlər bütün aylarda ən azı bir gün, ən çoxu isə 6 günə qədər müşahidə edilir və ildə 42 gün olur. 0,1 mm və daha çox yağıntı düşən günlər də hər ay müşahidə edilir. Ümumiyyətlə, Bakıda yağıntılı günlərin sayı ildə 78 gün olur.

Norma üzrə düşən yağıntıların 156,2 mm və ya 67%-i ilin soyuq dövrünə (X-III aylar) təsadüf edir. İlin isti dövrünə isə yağıntıların 33%-i və ya 78,5 mm-i düşür.

Qeyd edək ki, AMEA Coğrafiya İnstitutu “Coğrafiya və təbii resurslar” jurnalında “Bakıda düşən atmosfer yağıntıları haqqında” məqalə çap olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...