Türkiyə kəşfiyyatı İranın xüsusi xidmətlərini belə cəzalandırdı

Türkiyə kəşfiyyatı İranın xüsusi xidmətlərini belə cəzalandırdı

Artıq xəbər verdiyimiz kimi, Türkiyə kəşfiyyatı İran xüsusi xidmətlərinin səkkiz casusunu yaxalayıb. Onlar ötən ay Türkiyəyə qaçmış İran HHQ-nin pilotu Mehrdad Abdarbaşini oğurlamağa cəhd edərkən saxlanılıblar.

Türkiyənin Van şəhərində sentyabrın sonlarından havalar erkən qaralır. Artıq axşam saat 9 radələrində yanan küçə fənərləri yol kənarında dayanmış iki maşını işıqlandırır. Sakitliyi siqnal uğultuları pozur, sanki yoxluqdan peyda olan polis projektorlarının işığı gecənin alatoranını ülgüc kimi kəsir. Dayanmış maşınlara doğru döyüş qrupu şığıyır və heç bir dəqiqə keçmir - saxlanılanlar əlləri qandallı vəziyyətdə asfaltda uzanıblar. Evdən isə birbaşa dəhlizdə həbs edilən daha iki nəfəri çıxarırlar …

Türkiyə MIT-in İranın kəşfiyyat qrupuna qarşı əməliyyatı sürətli və itkisiz həyata keçirilir. İranlılar Vana ötən ay ölkəsindən qaçaraq buraya sığınan və Türkiyədən siyasi sığınacaq istəyən Mehrdad Abdarbaşini oğurlamaq üçün gəlmişdilər. İran kəşfiyyatı VEVAC-ın iki təcrübəli əməkdaşı və onların 6 yerli casusu bir anda yaxalanır və artıq ifadə verirlər.

Onların planı yetərincə sadə idi - Abdarbaşinin həyat yoldaşına yaxınlaşaraq ondan deyildiyi vaxt ərinə yuxu dərmanı verməyi və şərti işarədən sonra evin giriş qapısını açmağı tələb edirlər. “Şirnikləndirmək” məqsədilə qadına 10 min dollar təklif olunur. Əks halda onun İranda qalmış valideynlərini, qardaş-bacılarını “böyük uğursuzluqlar” gözləyir. Ancaq yanıldılar - qadın qorxmadı, şantaja boyun əymədi və hər şeyi ərinə danışdı. O isə öz növbəsində ona nəzarət edən MIT zabitinə məlumat verdi.

Sonrası texniki məsələdir, standart əks-kəşfiyyat əməliyyatıdır - qadın casuslarla ikinci dəfə görüşməyə razılaşdı və onlara “yardım” edəcəyini bildirdi. Qadın kafeni avansla, İran casusu isə xarici müşahidə xidmətinin onu izləyən əməkdaşı ilə tərk etdi. Bir neçə gün sonra bütün qrup ələ keçirildi - qadın qapını oğrulara açdı, ancaq dəhlizdə onları əməliyyatçılar gözləyirdi. Dəstək qrupunu isə küçədə Van şəhər idarəsinin polislərinin köməyi ilə digər əməliyyatçılar zərərsizləşdirdi.

Maraqlıdır ki, Mehrdad Abdarbaşinin oğurlanması əməliyyatının ümumi büdcəsi 30 min dollara bərabərdi, buraya onun həyat yoldaşına ödəniləcək “qonorar” da daxildi. Az məbləğ deyil və indi sosial şəbəkələrdə bu sual səsləndirilir - «Cobra» helikopterinin adi pilotu İran rejimi üçün niyə bu cür qiymətlidir?

Cavab çox sadədir - İran kəşfiyyatçıları üçün pilot özü yox, özlərinin nüfuzu qiymətlidir. Bütün fərarilərə göstərmək lazımdır ki, İranın əlləri uzundur və rejimin istənilən rəqibinə gec ya tez çatacaq. Üstəlik bir neçə il əvvəl məhz bu məqsədlərlə yaradılmış VEVAC şöbəsinə İran kəşfiyyatının yeni rəhbəri İsmayıl Xətibə özlərinin effektivliyini göstərmək və bu tipli əməliyyatlar üçün əvvəlcə Türkiyədə, sonra da digər ölkələrdə xüsusi casus şəbəkəsinin yaradılmasına əlavə maliyyə əldə etmək lazımdır.

Bu sahədə İran kəşfiyyatının böyük planları var və Türkiyə sınaq poliqonu olmalıdır. Ötən ilin dekabrında MIT Əxvazın azadlığı uğrunda Ərəb hərəkatının (ASMLA) keçmiş rəhbəri Həbib Çaabanın Türkiyədən oğurlanmasını təşkil etmiş 13 İran casusundan ibarət şəbəkəni aşkarladı və onun üzvlərini həbs etdi.

Səkkiz ay əvvəl isə İstanbulda İran konsulluğunun əməkdaşı və əslində təcrübəli kəşfiyyatçı Məhəmməd Rza Nəsirzadə saxlanıldı. İran müdafiə nazirliyinin ölkədən siyasi motivlərlə qaçmış məmuru Məsud Molavi-Vardancaninin 2019-cu ildə İstanbulda qətlini məhz Nəsirzadə təşkil etmişdi.

Tamamilə aydındır ki, Ankara qəti şəkildə bu cür fəallığın əleyhinə çıxır. Və hadisələrin inkişafı da göstərir ki, əllərini Türkiyə ərazisinə uzadan İran kəşfiyyatını qətiyyətlə cəzalandırmağa hazırdır.
Türkiyə kəşfiyyatı İranın xüsusi xidmətlərini belə cəzalandırdı

Virtualaz.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...