QAZ və İŞIĞIN qiymətinə yenidən baxıla bilərmi? – Kənd əhalisi tarifləri ÖDƏYƏ BİLMİR

Bu gündən elektrik enerjisi və təbii qazın qiyməti bahalaşıb.

Lakin ölkədə hələ yeni tariflər qüvvəyə minməzdən əvvəl qaz və elektrik enerjisindən istifadə ilə bağlı problemlər başlanıb. Qarşıdan qış fəsli gəlir və vəziyyətin daha acınacaqlı olacağı gözlənilir.

Doğrudur, artımı cüzi hesab edənlər və bunun narahatlıq doğurmayacağını düşünənlər də var. Amma real mənzərə başqadır.

Xüsusilə də regionlarda...

Bizim.Media-nın bölgə müxbirləri əhali ilə söhbət əsnasında regionlardakı durumu təsvir ediblər.

Quba rayonunun mərkəzində və kəndlərində sakinlər təbii qazın yüksək sərfiyyatının qarşısını almaq üçün odundan istifadəyə keçiblər. Buna görə də Quba meşələrində ağacların kəsilməsi geniş vüsət alıb. Bunun fəsadları isə ölkə ekologiyasında özünü yaxın gələcəkdə göstərəcək.

Masallı rayonunda da sakinlər qaz sobalarını odun peçlərinə dəyişiblər. Onlar təbii qazdan yalnız mətbəxdə istifadə etdiklərini bildiriblər. Qeyd ediblər ki, evlər odundan istifadə hesabına qızdırılır.


Siyəzən rayon sakinləri deyiblər ki, yeni tarif hələ ki, onlara öz təsirini göstərmir. Belə ki, əvvəl qiyməti 10, indi isə 12 qəpik olan 1200 kub metrilik limiti çoxdan keçiblər. Hazırda demək olar ki, əksər ailələr qaz sərfiyyatını bir kubmetr üçün 20 qəpikdən ödəyirlər.


Məsələ orasındadır ki, şəhərlərdən fərqli olaraq rayon və kənd yerlərində evlər böyük olur.

Müxtəlif bölgə sakinlərinin verdiyi məlumata əsasən, hələ əvvəlki qaydalarla adi qaz sobalarından istifadə zamanı aylıq sərfiyyatın dəyəri ən azı 90-100 manata gəlib çatır. Əgər evlərdə kombi sistemi quraşdırılıbsa, bu zaman sərfiyyat 200 manatadək artır. Azərbaycanın əksər kəndlərində hər ay bu məbləği rahat ödəmək gücündə olan ailələrin sayı isə çox azdır. Bölgə sakinlərinin ən azı 80 faizinin durumu çıxılmazdır.

Maraqlıdır, hökumətdə durumla bağlı monitorinqlər aparılırmı? Təbii qaz istehsalçısı və ixracaatçısı olan Azərbaycanda əhaliyə güzəşt edilə və qiymətlər aşağı salına bilərmi? Eləcə də elektrik enerjisinin tariflərinə yenidən baxılması mümkündürmü?
QAZ və İŞIĞIN qiymətinə yenidən baxıla bilərmi? –

Bizim.Media mövzunu iqtisadçı Rəşad Həsənovla müzakirə edib.

O, mövcud durumda güzəştlərin tətbiq edilməsini vacib hesab etdiyini bildirib: “Diferensial yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Məsələn, bəzi bölgələr var ki, orda qazlaşdırma həyata keçirilməyib, istiliyə olan təlabat yalnız elektrik enerjisi hesabına həyata keçirilir. Belə olduğu təqdirdə ailələr limiti daha tez keçməli və daha böyük xərclə üz-üzə qalmalı olurlar. Bu cür vəziyyətlərdə diferensial yanaşma ortaya qoyulmalı və xüsusi taarif tətbiq edilməlidir”.
İqtisadçı deyir ki, paytaxt Bakı və regionlardakı qiymətlər fərqləndirilə bilər:

“İqlim şəraiti ilə bağlı olaraq, eləcə də 1000-1500 metrdən yuxarı yüksəlikdə yerləşən bölgələrə güzəşt tətbiq etmək olar. Amma daha yaxşı olar ki, müvafiq qərara yenidən baxılsın və qiymətlər əvvəlki vəziyyətinə qaytarılsın”.


Rəşad Həsənov bildirir ki, hesablamalara görə elektrik enerjisi və qazın qiymətinin artırılması ailə büdcələri üçün il ərzində təxminən 300 milyon əlavə xərc yükü yaradır ki, bu da kifayyət qədər böyük göstəricidir.


İqtisadçı pandemiya şəraitində qaz və işıqdan hədsiz qənaətli istifadənin əhalinin sağlamlığına mənfi təsirlərini göstərə biləcəyini əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...