Rusiya dönərdən də imtina edir
Rusiyada türklərə aid kafe və restoranların boykot edilməsi üçün çağırış səsləndirilib. ANS PRESS-in məlumatına görə, çağırışı dumanın deputatı, “Liberal Demokratik Rusiya Partiyası”nın və səhiyyə komitəsinin üzvü Sergey Furqal səsləndirib. Furqal Suriyadan Türkiyəyə satılan neftin əslində Rusiyanın qanı olduğunu iddia edib:
“Bu addımı atmaq düzgün hərəkət olacaq. Bütün bunlara biganə yanaşmaq olmaz. Türkiyə və rəsmi Ankara aqressiv hərəkətlər nümayiş etdirir və biz onlara cavab verməliyik. Türkiyənin terrorçulara dəstək verdiyini nəzərə alsaq, biz də bu prosesdə iştirak edirik. İŞİD Suriyadan Türkiyəyə neft nəql edərkən və türklər onlardan neft satın alarkən əslində bizim qanımızı alırlar.”
Furqal, başda dönər olmaqla bütün türk məhsullarının keyfiyyətindən şübhəyə düşdüklərini bildirib: “Bu məhsullar hansı keyfiyyətdə hazırlanır? Bu, orqanizm üçün çox zərərlidir. Türklər saxta alkoqol hazırlamağı və vətəndaşlarımızı zəhərləməyi də çox sevir. Bu, Türkiyənin müsəlman ölkə olması və orda alkoqoldan az istifadə olunması ilə əlaqədardır.”
Furqal 2011-ci ilin may ayında 20 rusun Türkiyədə alkoqoldan zəhərlənməsini və onlardan birinin öldüyünü də xatırladıb: “Bu, ər şeydən əvvəl bizim insanlarımıza qarşı hörmətsizlikdir. O vaxt çox da reaksiya bildirməmişdik.”
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva “SU-24” təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib
995 dəfə oxundu