Hansı idman federasiyalarında prezident seçkisi keçiriləcək? - ARAŞDIRMA
Gənclər və İdman Nazirliyində nazir təyinatından sonra Azərbaycan idmanında müəyyən canlanma hiss olunur.
Artıq Milli Olimpiya Komitəsi (MOK) və 12 idman federasiyasında seçki keçirilib. Bunlardan 9-da federasiya prezidentləri dəyişib. Yalnız Atletika Federasiyası, Voleybol Federasiyası və Üzgüçülük Federasiyasında əvvəlki rəhbərlər yenidən bu posta seçilib. Yeri gəlmişkən, MOK və Atletika Federasiyasının analoji tədbirindən başqa, digərləri Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Bəs Olimpiya idman növlərini təmsil edən federasiyalardan neçəsində yaxın günlərdə Hesabat-Seçki Konfransının keçirilməsi nəzərdə tutulur? Belə say 14-ə bərabərdir. Düzdür, bunlardan Otüstü Hokkey Federasiyası və Qolf Federasiyası, demək olar ki, fəaliyyət göstərmir. Ancaq həmin federasiyaların yenidən bərpa olunması istisna olunmur. Həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun prezidenti olduğu iki federasiyadan biri olan Taekvondo Federasiyasından ayrılacağı dəqiqdir.
Oxu.Az onların siyahısını və hazırkı prezidentlərinin adlarını təqdim edir:
Azərbaycan Ağır Atletika Federasiyası – Cahangir Əsgərov
Azərbaycan Boks Federasiyası – Kəmaləddin Heydərov
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyası – Hüseynqulu Bağırov
AFFA – Rövnəq Abdullayev
Azərbaycan Həndbol Federasiyası – Saleh Məmmədov
Azərbaycan Kamandan Oxatma Federasiyası – Şahin Möhsümov
Azərbaycan Milli Karate Federasiyası – Yaşar Bəşirov
Azərbaycan Otüstü Hokkey Federasiyası – Fazil Məmmədov
Azərbaycan Qolf Federasiyası – Bu federasiyada prezident postu boşdur
Azərbaycan Reqbi Federasiyası – Elşən Abbasov
Azərbaycan Atçılıq Federasiyası – Elçin Quliyev
Azərbaycan Stolüstü Tennis Federasiyası – Şahin Mustafayev
Azərbaycan Taekvondo Federasiyası – Kəmaləddin Heydərov
Azərbaycan Tennis Federasiyası – Oqtay Əsədov
Həmçinin yaxın illərdə Olimpiya idman növü kimi təmsil olunacaq kikboksinq və sambo federasiyalarında da növbədənkənar seçkinin olacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək Atıcılıq Federasiyası, Atletika Federasiyası, Milli Avarçəkmə Federasiyası, Basketbol Federasiyası, Cüdo Federasiyası, Güləş Federasiyası, Şahmat Federasiyası, Badminton Federasiyası, Voleybol Federasiyası, Qılıncoynatma Federasiyası, Triatlon Federasiyası və Üzgüçülük Federasiyasında Hesabat-Seçki Konfransı keçirilib.
1 056 dəfə oxundu