Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər – AÇIQLAMA

Hamımız səfərbər olmalıyıq, əks halda məhdudiyyətlər sərtləşdirilə bilər –
İki ildən artıqdır ki, bəşəriyyəti cənginə almış koronavirus pandemiyası ilə mübarizə aparılmaqdadır. Bu bəla ilə mübarizədə Azərbaycan öndə gedən ölkələrdən biridir. Lakin son günlərdə virusun omikron ştammının Azərbaycanda da aşkar edilməsi bizi daha məsuliyyətli olmağa vadar edir. Bu bəlaya ən az itkilərlə qalib gəlmək üçün maksimum dərəcədə səfərbər olmalıyıq.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu ştammın digər ştammlardan daha sürətlə yoluxduğu artıq hər kəsə yaxşı məlumdur.

“Bu gün dünyada virus yoluxma həddinə görə rekord həddə çatıb. Misal üçün ABŞ-da koronavirusa gündəlik yoluxma sayına görə dünya rekordu vurulub. Beləki, ABŞ-da yanvarın 10-da 1,13 milyon nəfər koronavirusa yoluxmuşdu. Bu amil virus təhlükəsinin nə qədər ciddi olduğunu bir daha göstərir. Dünyada omikron ştammı ilə bağlı vəziyyət gərginləşməkdədir, bir çox ölkələr yenidən qapanmalara gedir”, - deyə deputat bildirib.

O qeyd edib ki, digər ölkələrdə baş verən problemlərin Azərbaycanda da baş verməsi ehtimalı böyükdür: “Əlbəttə, əgər vəziyyət gərginləşərsə müəyyən qapanmalara getmək zərurəti yaranacaq ki, bunu da heç birimiz istəmirik. Əgər istəmiriksə ilk növbədə vaksinasiya prosesində daha aktiv işriak etməliyik. Bəllidir ki, vaksinasiyanın 3-cü dozasının vurulması immuniteti xeyli gücləndirir. Eyni zamanda özümüzü qorumalı, pandemiya qaydalarına daha ciddi şəkildə riayət etməliyik”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, ölkəmizdə vaksinasiya üçün lazımi şərait yaradılıb.

“Əhali vaksinasiya ilə tam təmin olunub, "AstraZeneca/Vaxzevria", "Pfizer", "Sputnik V" və "CoronaVac" (Sinovac) kimi vaksinlər arasında seçim etmək imkanına malikdir. Bu imkanı düzgün qiymətləndirməli, vaxtında peyvənd olunması, qorunma qaydalarına ciddi riayət etməli və hamımız səfərbər olaraq ölkəmizdə epidemioloji vəziyyətin gərginləşməsinə imkan verməməliyik”, - deyə deputat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...