Apteklərdə satılan koronavirus testləri nə dərəcədə etibarlıdır? - TƏBİB açıqladı
Artıq bütün apteklərdə "koronavirus testi" satılır və bu test vasitəsilə insanlar xətəxanaya getmədən evdə virusa yoluxub-yoluxmdıqlarını öyrənə bilərlər. Vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahatdır. Son günlər COVID-19 virusuna yoluxanların sayının artması ilə bu testlərə maraq da artıb.
Bəs sözügedən ekspress testlər nə dərəcədə etibarlıdır?
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.
"Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.
Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.", - deyə məlumatda qeyd olunub.
698 dəfə oxundu