Ukraynadakı ağır nəticələr və ya Azərbaycanın Vətən müharibəsində vaxtında atdığı addım - TƏHLİL
2022-ci il postsovet məkanı üçün heç də xoş hadisələrlə başlamadı, Qazaxıstan hadisələrindən sonra isə daha dəhşətli ssenari işə düşdü – bəli, Rusiya gözlənildiyi kimi Ukraynaya qoşun yeridərək təcavüz planını işə saldı.
Postsovet coğrafiyasının taleyi həmişə qarışıq və faciəli hadisələrlə zəngin olub, hazırda da böyük güclərin savaşından qopan daşlar yenə bu məkan üzərində fırlanır.
Ukraynadakı müharibənin bəzi məqamları istər-istəməz İkinci Qarabağ müharibəsi ilə analogiyalar aparmaq zərurətini də ortaya qoyur, axı MDB məkanındakı hadisələrin motivi bir-biri ilə oxşarlıq təşkil edir.
Azərbaycan Ermənistanla müharibə aparanda onu ən çox Türkiyə dəstəkləyirdi, bu gün Qərb ölkələri Ukraynaya göstərdiyi həmrəyliyi Vətən müharibəsində Azərbaycana münasibətdə sərgiləmirdilər, xəsis davranırdılar.
Azərbaycan-Ermənistan müharibəsinin davam etməsi, bunun miqyasını genişləndirməsə də, əlavə risklər doğurardı.
Azərbaycan zamanında, Ermənistandan kapitulyasiyaya dair cədvəl aldıqdan sonra müharibəni dayandırdı və 3 rayon hərbi-siyasi yolla qaytarıldı (Kəlbəcər, Ağdam, Laçın).
İndi ən çox səslənən suallardan biri də budur: Azərbaycan Xankəndinə niyə girmədi? Birincisi, bu sual haqlı ola bilər, amma tələbqarışıq fikir bir qədər yumşaq desək, hərbi-siyasi mövzudakı diletantlıqdan qaynaqlanır.
Nəzərə alaq ki, Azərbaycan Xankəndiyə girsəydi, orada mülki erməni əhalisi hərbi əməliyyatlar üçün çətinlik yaradacaqdı.
Xankəndini azad etmək an məsələsi idi, lakin Azərbaycan bütün halları hesabladı. Əgər Xankəndidə bir erməni mülki sakin müqavimət göstərdikdən sonra adekvat cavab tədbiri nəticəsində həlak olsaydı, Ermənistan həyasız şəkildə küy yaradaraq bunu az qala etnik təmizləmə kimi qələmə verəcəkdi.
Digər tərəfdən, Azərbaycan Xankəndiyə qoşun yeritsə idi, Rusiyanın hərbi təzyiqi və Qərbin sanksiyaları ilə üzləşə bilərdi.
Prezident İlham Əliyev zamanında və vaxtında verilən strateji qərarlarla Azərbaycanı təhlükələrdən və geosiyasi kataklizmlərdən sığortaladı.
Azərbaycan dövləti postmüharibə dövründə regional və qlobal oyunçularla bərabərhüquqlu münasibətlər quraraq qarşılıqlı öhdəlik sistemini formalaşdıran sənədlərə imza atdı.
Azərbaycan indi Ukraynanın ərazi bütövlüyünə dəstək verir və Ukraynaya humanitar yardımını da əsirgəmir.
Azərbaycan özünü siyasi avantüralardan məharətlə kənarda tutan mövqe tutur ki, bu da normaldır.
1 409 dəfə oxundu