Rusiya-Ukrayna müharibəsi: “Azərbaycanın dərman bazarında boşluq yaranacaq”
Rusiyanın Ukraynaya hərbi hücumu davam edir. İki ölkə arasında yaşanan gərginlik tək bu ölkələrə yox, bir çox dünya ölkələrinə və o cümlədən Azərbaycana da təsirsiz ötüşmür.
Həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ukrayna və Rusiya arasında yaşanan müharibə Azərbaycanın dərman bazarında ciddi problemlər yarada bilər.
“Ukrayna keçmiş sovet ölkələri içərisində ən böyük dərman industriyası olan ölkədir. Tək Kiyevdə 7-8-ə yaxın, ümumi ölkədə isə 50-yə yaxın dərman eksportçusu var və təbii ki, onların da çox hissəsi Azərbaycana mal göndərirdi. Məndə tam dəqiq məlumatlar yoxdur. Sadəcə əczaçıların dediklərinə görə, yarımçıq qalan müqavilələr var. Tək mənim tanıdığım 6-7 dünya şöhrətli şirkəti var idi və indi isə istehsalı dayandırıblar. Təbii ki, indi dərman bazarında boşluq yaranacaq. Çünki Rusiyadan gələn dərmanlarda da problemlər yaşanır”.
Müşfiq Hüseynovun sözlərinə görə, bu ölkələr dərmanın içərliyini Çindən alırdı. İndi isə Ukrayna müharibəyə görə, Rusiya isə sanksiyalara görə ala bilmir.
“Konkret olaraq bu məsələlərin dərmanlara aid olub-olmayacağı hələ ki, sual altındadır. Çünki qarışıq açıqlamalar gəlir. Məsələn, Pfizer dedi ki, biz dərman verməyi dayandıra bilmərik, çünki bu insan həyatıdır.
Bu hadisələr mütləq qaydada bizim bazara təsir edəcək. Başqa variant yoxdur. Bu ölkələri əvəzləyə biləcək ölkə isə ancaq Türkiyədir. Bizə yaxın olan ölkədir, dərmanlarının böyük əksəriyyəti Rusiyanın, Ukraynankından dəfələrlə keyfiyyətlidir. Sadəcə olaraq, onların bəzi mallarının Azərbaycanda qeydiyyatı yoxdur. Onları tezləşdirmək, boşluğu təcili doldurmaq lazımdır. Yoxsa bazarda ciddi problemlər yaşanacaq.
İstənilən ölkənin 3-4 aylıq deposu olur. Bu səbəbdən də indi yox, yay aylarında bu barədə sıxıntı yaşanacağını düşünürəm”.
706 dəfə oxundu