Sanksiyalar Rusiyanın neft ixracını sıfırlaya bilərmi?

Sanksiyalar Rusiyanın neft ixracını sıfırlaya bilərmi?
Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi və getdikcə onun əhatə dairəsini genişləndirir. Zəngin karbohidrogen ehtiyatlarına malik olan şimal qonşumuzun enerji sektoru növbəti hədəfdir. Neft hasilatına görə dünyada 3-cü yerdə qərarlaşan Rusiyadan neft alışına embarqo qoyulması “köhnə kontinentin”in gündəmində olan məsələlərindən biridir. Lakin bu məsələdə Avropa İttifaqında konsensus əldə etmək olmur. Buna səbəb Bolqarıstan, Almaniya, Belçika, Slovakiya və Macarıstanın timsalında ciddi dirənişin olmasıdır. Bu ölkələr Rusiya enerjidaşıyıcılarından əhəmiyyətli dərəcədə asılıdırlar.

Aİ neft embarqosu məsələsində konsensusa gələ bilməsə də onun əsas strateji tərəfdaşları olan ABŞ və Böyük Britaniya bu istiqamətdə konkret mövqe ortaya qoya bilib. ABŞ Rusiyadan neft idxalına qadağa qoyub. O, bu ölkədən Donald Trampın prezidentliyi dövründə neft tədarük etməyə başlayıb. Rus neftinin ABŞ-ın ümümi neft idxalındakı payı 10 % olub. Britaniya öz növbəsində 2022-ci ilin sonuna Rusiyadan neft və neft məhsullarının tədarükünü dayandırmaq niyyətindədir. Onun neftə olan ehtiyaclarının 8 %-i Rusiyanın hesabına ödənilir. Lakin istənilən halda Rusiya enerji daşıyıcılarından asılılığı azaldmaq məsələsi hələ də Aİ-nin gündəliyində qalır. Təbii qazdan fərqli olaraq Rusiya neftini yaxın perspektivdə əvəz etmək imkanları daha genişdir. Bunu ilk növbədə Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hesabına etmək olar. ABŞ-ın neft embarqo məsələsində prinsipial mövqeyini nəzərə alsaq İran və Venesuela neftinin dünya bazarına qayıtma ehtimalı artır. ABŞ imkan versə İran nefti də dünya bazarlarına çıxa bilər. Bu neft xassələrinə görə Rusiya neftinə yaxındır. Ehtiyac olacağı təqdirdə Venesuela da bu sıraya qoşula bilər. Bu ölkə hasilatı artırmağa hazır olduğunu bildirib.

Neft embarqosu olmasa belə şirkətlər sanksiyalar fonunda risklərini nəzərə alaraq Rusiya neftindən imtina edirlər. Britaniyanın ”BP”, ABŞ-ın “Shell”, Fransanın “TotalEnergies”, Avstraliyanın “Viva Energy” və “Ampol” şirkətləri Rusiyadan xam neft almayacağını bəyan edib. Bu cür addım anlaşılandır. Belə ki sanksiyalar xarici bankarların Rusiya bankları ilə əməliyyatallarına zərbə vurur. Təkcə ABŞ və Avropa deyil həm də bəzi Çin bankları Rusiyanın neftlə bağlı əqdlərinin maliyyələşdirilməsindən imtina edirlər. Yeganə yol alıcıları endirimlərlə şirnikləndirməyə qalır. Belə ki, “Saxalin 1” konsorsiumu tərəfindən hasil edilən yüksək keyfiyyətli “Sokol” markalı neftin hər barelinə 16 ABŞ dolları həcmində endirim təklif edilir. Digər neft markası “Urals” üçün isə bu göstərici 30 ABŞ dollarına çatır. Buna baxmayaraq əksər istehlakçılar Rusiya neftini “toksik” hesab edirlər. Yəni satıcı tapmaq kifayət qədər problematikdir. Bu isə Rusiya neftinin ixrac həcmində özünü göstərir. Müharibə başlayandan bu yana Rusiyanın neft ixracı artıq iki dəfəyə yaxın azalıb. Bir həftə ərzində (17-23 mart) xaricə neft tədarükü əvvəlki həftə ilə müqayisədə 26,4 % aşağı düşüb.

İxracla yanaşı ümumiyyətlə hasilatın kəskin azala biləcəyinə dair ciddi işarələr var. Belə ki, dünyanın nəhəng neft-mədən xidmətləri şirkətləri “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, və “Weatherford” Rusiyaya investisiyaları dayandırdıqlarını bildirdilər. Məsələ burasındadır ki, bu şirkətlər Rusiyadakı fəaliyyəti sadəcə müştərək müəssisələrdə iştirakla yekunlaşmırdı. Rusiyalı mütəxəsislərlə birgə yaratdıqları elmi-tədqiqqat mərkəzlərində yeni texnilogiyalar hazırlayaraq Rusiyada və keçmiş sovetlər ittifaqının digər ölkələrində tətbiq edirdirlər. Neft sənayesinə bu dərəcədə dərin şəkildə inteqrasiya edilən bu şirkətlərinin bazarı tərk etməsinin ciddi zərbədir. Belə ki, yataqların kəşfiyyatı, neft hasilatı işlərinin effektivlik əmsalı kəskin şəkildə aşağı düşəcək. Bu neft sənayesinin texnoloji geriləməsinə gətirib çıxaracaq. Nəticədə gələcəkdə neft hasilatı aşağı düşəcək. Çünki Rusiyada ehtiyatlarının təxminən 30 %-i nisbətən yüngül neftin və onu ənənəvi standart metodlarla hasil etmək mümkündur. Lakin qalan hissəsi çətin hasil edilən neftdir. Onun çıxarılması üçün xüsusi, əsasən xarici texnologiyalar gərəklidir. Rusiya özü bu cür texnologiyalara sahib deyil və onları idxal edirdi. Ona görə ən azından bu şirkətlər Rusiyaya qayıdanadək neft sektorunda hər hansı texnoloji inkişafın üzərindən xətt çəkmək olar.

Yeni texnologiyaların yoxluğunda, istehlaklaçıların Rusiyadan neft və neft məhsulları almaqdan çəkinməsi neft hasilatının azalacağını labüd edir. Beynəlxalq Enerji Agentiliyinin proqnozuna əsasən Rusiya bu il neft və neft məhsulları ixracının 40 %-ini itirəcək. Aİ-nin neft embarqosuna gedəcəyi təqdirdə bu göstəricinin 50-70 %-ə kimi artacağı ehtimal edilir.

Müharibənin atəşkəslə və ya tərəflər arasında sülh sazişinin imzalanması ilə bitməsi heç də sanksiyaların qüvvədən düşəcəyi anlamına gəlmir. Təcrübə göstərir ki, sanksiyalar illərlə gedə bilir. Bu o anlama gəlir ki, Rusiya zamanla hətta neft ixracını ümumiyyətlə unuda bilər. Rusiya tərəfi Qərbin yerini Şərqlə doldura biləcəyini iddia etsə də bunun müəyyən nüansları var. Bazarın kiçilməsi, neftin bazar qiymətindən aşağı satılması kifayət qədər ciddi itkilərin olacağından xəbər verir. Energetika və Maliyyə İnstitutunun qiymətləndirməsinə əsasən məcburi Asiya diversifikasiyasından bu ilin aprelində Rusiya büdcəsi 300 milyard rubl itirə bilər. Logistika xərcləri əhəmiyyətli dərəcədə artacaq, Novosibirsk limanından neftin Çin və Hindistana çatdırılması daha çox vaxt alacaq. Bu təxminən yağışdan çıxıb yağmura düşməyə bərabər olacaq. Lakin Rusiya rəhbərliyinin hələ də Ukraynada əvvəlcə bəyan edilən hədəflərinə çatmayınca dayanmayacaqlarını bəyan etməsi onların istənilən ssenariləri “gözə aldıqlarına” işarə edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 191 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...