Tağı Əhmədov Universitetdəki vəzifəsindən istefa verib? - AÇIQLAMA

Tağı Əhmədov Universitetdəki vəzifəsindən istefa verib? -
Bakı Metropoliteninin sabiq rəisi, Azərbaycan Memarlıq və İnşaat Universitetində "Nəqliyyat tikintisi və Yol hərəkətinin təşkili" kafedrasının müdiri Tağı Əhmədovun səhhəti ilə bağlı ali təhsil ocağındakı vəzifəsindən istefa verdiyi barədə informasiya yayılıb.

Qeyd edək ki, T.Əhmədovun özü bu yaxınlarda mətbuata verdiyi açıqlamada ayaqlarının tutulduğunu və yeriyə bilmədiyini, müalicə olunduğunu bildirmişdi.

Yayılan informasiya ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Modern.az-ın sorğusuna cavab verib.

O bildirib ki, Tağı Əhmədov kafedra müdiri vəzifəsindən istefa verməyib, amma ali təhsil ocağına gəlib-gedə bilmir.

“Tağı müəllim ağır xəstədi, yataqdadır. Məhz səhhətinin belə olması səbəbi ilə ona dərs yükü ayrılmayıb. Ancaq buna görə, kafedra müdirliyindən istefa verməsi ilə bağlı məlumat da şayiədir. Müəllim kimi dərs yükü yoxdur, amma kafedra müdiri olaraq qalır”.

Xatırladaq ki, T.Əhmədov 1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışandan sonra, 27 fevral 2014-cü il tarixində işdən çıxarılıb.

Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib.

2016-cı ildən həm də Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutur. Universitetin dosenti olan Tağı Əhmədov Tunellər və metropolitenlər, Avtomobil yolları, Nəqliyyat yollarında körpü və qurğular adlı 3 fəndən dərs deyirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...