Bakıda söküləcək 122 min bina hansılardır, sakinlər hara köçürüləcək? - AÇIQLAMA

Bakıda söküləcək 122 min bina hansılardır, sakinlər hara köçürüləcək? -
Xəbər verildiyi kimi, Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis - kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Bəs söküləcək 122 min bina hansılardır? Bu binaların sakinləri harada yerləşdiriləcək? Bu söküntülər kirayə bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, bu qərarda söhbət istismar dövrünü başa vurmuş binalardan gedir:

“Bu, Nazirlər Kabinetinin 2016-cı iləd verdiyi qərarla bağlıdır. Nazirlər Kabineti mərhələli şəkildə köhnə binaları, yəni birmərtəbəli, ümumiyyətlə 5 mərtəbəliyə qədər olan istismar dövrü başa çatmış binaların söküntüsünü və onların yerində yeni binaların inşası nəzərdə tutulur. Bu 2020-2040-cı illəri əhatə edəcək baş planda nəzərdə tutulur. Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək. Pilot layihələr çərçivəsində hansı yerdəki binalar tikiləcək, o binaların yerində o əhalini yerləşdirməklə bu iş həyata keçiriləcək”.

Ekspertin sözlərinə görə, pilot layihə çərçivəsində sökülən binaların yerində çoxmənzilli binalar inşa olunacaq.

“Yəni beşmərtəbəli binalar sökülürsə, onun əvəzində 16 mərtəbəli və ya daha hündür mərtəbəli binalar inşa olunacaq. O insanlar sonradan həmin binalarda da yerləşdiriləcək. Yalnız Qaradağda rayonunda hava limanın inşası gələcək illər üçün nəzərdə tutulur və bu, 2040-cı ilə qədər mərhələlərlə həyata keçiriləcək. Birdən birə bu qədər binanın sökülməsi mümkün deyil. Nəzərdə tutulub ki, 2040-cı ilə qədər bu söküntü mərhələli şəkildə həyata keçiriləcək. Bu plandır. Xüsusilə keçmiş sovetlər dövründə inşa olunan “Minsk”, “Xruşovka”, “alman” layihəli iki, üç, beşmərtəbəli binaların, fərdi yaşayış evlərinin söküntüsündən söhbət gedir”.

Ramil Qasımzadənin sözlərinə görə, yeni bina inşa olunan qədər insanlar 2-3 il kirayədə qalmalıdır:

“Yeni bina hər hansı bir sahibkara təklif olunanda ilk növbədə həmin adamlar kirayədə yerləşdirilir. Bir binanın inşası təxminən iki, üç il davam edir. Hansısa ərazidə söküntü aparıldıqda orada yaşayan insanlar kirayəyə köçürülür. Onlar kirayə pulu ilə təmin olunur. Yeni bina inşa olunandan sonra vətəndaşlar qaytarılır öz yerinə. Sonra o tikinti şirkəti başqa bir layinə icra etməyə başlayır. Bakı şəhərində inşaat işləri bu üsulla aparılır. Yəni vətəndaşlar elə yaşadığı yerdə də qalırlar”.

Əmlak eksperti qeyd etdi ki, bu işlərlə dövlət yox, sahibkarlar məşğul olur:

“Hansı ki, indiyə qədər pilot layihələr deyilirdi. İndi də şirkətlərə o əraziləri təklif edirlər. Bununla birbaşa dövlət məşğul olmur. Sahibkarlar eskiz layihələri təqdim edirlər, o yerlərə baxış keçirirlər, vətəndaşlarla danışıqlar aparırlar, kirayə məbləğləri müəyyən olunur, vətəndaşların razılıqları əldə olunur. Vətəndaşların razılığı əldə olunduqdan sonra şirkət Bakı Şəhər İcra hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura komitəsinə müraciət edir və həmin binanın layihəsi razılaşdırılır. Bina razılaşdırıldıqdan sonra tikintiyə icazə verilir, tikintiyə icazə verildikdən sonra sakinlər başqa bir əraziyə kirayə evlərə köçürülür, ondan sonra bu tikinti işləri başlanılır”.

Ramil Qasımzadə bildirdi ki, bu məsələ kirayə qiymətlərinə təsir etməyəcək:

“Hal hazırda kirayə qiymətləri stabil olaraq qalır. Bu gün Bakı şəhərində 200 manatdan başlayaraq 3 min manata qədər kirayə qiymətləri mövcuddur. Bəzi villalarda hətta daha artıqdır. Amma gələcəkdə bu qiymətlər bazardan asılı olaraq dəyişə bilər. Bu, bazarın tələb və təklifi qarşısında olacaq. Tutaq ki, beşmərtəbəli binada 100 ailə yerləşir. O mənzilin yerinə 700-800 mənzillik bina inşa olunur. İki ilə tikiləndən sonra 100 ailə də yerləşdirilir. Əlavə olaraq 600 mənzil də boş qalır. Orada yerləşdirmək mümkün olur. Yəni bu məsələnin gələcəkdə kirayə qiymətlərinə birbaşa təsiri olmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...