Ərdoğan: “Polşaya raket atılması texniki səhv ola bilər”

Ərdoğan: “Polşaya raket atılması texniki səhv ola bilər”
“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.

“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır.

Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.

İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...