Böhran Azərbaycanda daha çox hansı layihələri vurdu?

Böhran Azərbaycanda daha çox hansı layihələri vurdu?


Azərbaycan manatının dəyərdən düşməsi ilə bərabər, dünyada da iqtisadi böhran hökm sürməkdədir. Bəs böhran ölkəmizdə hansı iqtisadi layihələrə daha çox təsir etdi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Oqtay Haqverdiyev musavat.com-a açıqlamasında bildirib ki, böhran idxalçı şirkətlərə daha çox təsir edib: “Hansı şirkətlər daha çox idxal edirsə, xaricdən mal alırsa, hazırkı devalivasiya və ümumiyyətlə, iqtisadi böhran onlara daha çox təsir edib. Bu istiqamət üzrə yeni layihələr də zərbə altına düşüb. Lakin Azərbaycanda son zamanlar həyata keçirilən infrastruktur layihələrinin dayanmasına gəlincə, hesab edirəm ki, bunun qlobal böhranla əlaqəsi yoxdur. Sadəcə olaraq, həmin layihələr büdcə hesabına həyata keçirilirdi. Büdcə gəlirləri azaldığı üçün də layihələr dayandırıldı. Bundan sonra büdcə gəlirləri artarsa, layihələr davam edəcək”.

İqtisadi ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrinin TAP və TANAP istiqamətində öhdəliklərimizi yerinə yetirməyimizdə müəyyən problemlər ortaya çıxacaq: “Düşünmürəm ki, bu istiqamət üzrə, ümumiyyətlə, fəaliyyətlər dayandırılacaq. Ancaq bəhs etdiyimiz istiqamətlərin maliyyələşdirilməsində gecikmələr ola bilər. Bu isə icra müddətini uzada bilər. Digər tərəfdən isə hökumətin də açıqlamalarından görünür ki, 2016-cı ildə daha çox sosial xərclərin ödənilməsinə üstünlük veriləcək. Növbəti il üçün planlaşdırılan layihələr, neftin qiymətinin 50 dollar olmasına hesablanmışdı. Lakin hazırda neft 40 dollardan da ucuzdur. Böyük ehtimalla növbəti ilin əvvəllərində də bu belə olacaq. Bu isə təbii ki, hökumətin 2016-cı ilin dövlət büdcəsini artıq pessimist ssenari ilə icra etməsinə səbəb olacaq. Növbəti ildə tikinti sektorunda çox ciddi dayanmalar yaşana bilər. Nəzərə alaq ki, Azərbaycanda tikinti sektorunun əsas maliyyə qaynağı banklar və büdcə xərcləmələri idi. Büdcə xərcləmələrinin azaldılması və bankların kredit siyasətinə yenidən baxmaq məcburiyyətində qalması iri layihələrin maliyyələşməsini əngəlləyəcək. Nəticədə tikinti sektorunda yarımçıq qalan yaxud da ümumiyyətlə, başlamamış layihələr müşahidə ediləcək. Düşünürəm ki, böhranın biznesin inkişafına da təsiri olacaq. İstehsal imkanlarının yaradılması, müəssisələrin böyüdülməsi də 2016-cı ildə böyük ehtimalla həyata keçirilməyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 122 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...